Yaşam boyu sürən dostluq (Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu)
Vilayət QULİYEV
Bir tərəfdən Rusiyada Stolıpin irticasının tüğyan etməsi, o biri tərəfdən isə Osmanlı imperiyasında Sultan II Əbdülhəmidin taxtdan salınması və ittihadçıların hakimiyyətə gəlməsi nəticəsində 1908-ci ildə Əhməd Ağaoğlu, aradan iki il keçəndən sonra isə Əli bəy Hüseynzadə İstanbula köçmüşdülər. Burada Bakıdan başlanan iş birlikləri daha geniş miqyas almışdı. Yeni vətəndə və yeni hakimiyyət sahiblərinin – ittihadçıların dəstəyi sayəsində türklüyə xidmətin yaratdığı imkanlardan hərtərəfli faydalana bilmişdilər.
1911-ci ilin sentyabrında iki dost Osmanlı Türkiyəsində və digər türk məmləkətlərində böyük maarifçilik işi aparan, türk insanını öz tarixinə, soy-kökünə qaytarmağı hədəfləyən “Türk yurdu”nun qurucuları sırasında yer almışdı. Təkcə onu xatırlatmaq kifayətdir ki, cəmiyyətin digər qurucu üzvləri Türkiyənin milli himninin müəllifi Mehmet Emin Yurdaqul, Türk Tarix Qurumunun gələcək rəhbəri Yusif Akçura, Atatürkün özünün “mənəvi atası” adlandırdığı məşhur fikir adamı Ziya Göyalp və doktor Aqil Muxtar bəy idi. Cəmiyyətin mətbu orqanı olan eyni adlı məcmuənin nəşrə başlamasında da istər Əli bəyin, istərsə Əhməd Ağaoğlunun xidmətləri az deyildi. Onlar eyni zamanda Türk Bilgi Dərnəyinin Türkiyat komissiyası, “Kafkasiyalılar Nəşri-Maarif Cəmiyyəti” kimi qurumlarda da birgə fəaliyyət göstərmişdilər. Nəhayət, Əli bəy qurucularından birinin Əhməd Ağaoğlu olduğu “Türk ocağı”nın ağsaqqallar heyətinin üzvü idi.
Əli bəy gələcək baş nazir Tələt Paşa, Atatürkün yaxın silahdaşı, Türkiyə Cümhuriyyətinin üçüncü şəxsi adlandırılacaq Əli Fəthi Okyar, xarici işlər naziri Əhməd Nəsimi və b. ilə birlikdə 1911-ci ildə “İttihad və Tərəqqi” partiyasının idarə heyətinin üzvü seçilmişdi. Amma buna baxmayaraq ittihadçıların hakimiyyəti dövründə Əhməd bəy mənsəb pillələri ilə daha sürətlə irəliləmiş, bir sıra mühüm nəşrlərin redaktoru olmaqla yanaşı iki çağırış Osmanlı parlamentinə – Məclisi-Məbusana üzv seçilmişdi.
Lakin siyasi ierarxiyada yerləri fərqli olsa da, türk birliyi uğrunda mübarizədə əvvəlki illərdəki kimi yenə birlikdə fəaliyyət göstərmişdilər. Birinci Dünya savaşının yaratdığı yeni şərtlər daxilində bu əməkdaşlıq beynəlxalq xarakter kəsb etmişdi. Əli bəy Hüseynzadə 1915-ci ildə Yusif Akçura il birlikdə “Rusiyanın türk-tatar müsəlman xalqlarının hüquqlarını mühafizə komitəsi” adlı təşkilat yaratmışdılar. Tarixi qaynaqlarda bir çox hallarda “Akçura-Hüseynzadə komitəsi” adlandırılan bu qurumun əsas hədəfi savaşdan sonrakı dünya düzənində türk xalqlarının layiqli yerinin, azadlıq və müstəqilliyinin təmin olunması idi.
Alman tarixçisi professor G.Yaşke “Rusiyanın müstəmləkə xalqlarının 1916-cı il Lozanna konfransında iştirakı “ adlı məqaləsində (“Severnıy Kavkaz”, 1937, № 42-43, s. 20) bu qurumun çərçivəsində Əhməd Ağaoğlu və Əli bəy Hüseynzadə işbirliyindən bəhs edərək yazırdı: “Digər azərbaycanlı Əhməd bəy Ağaoğlu komitənin üzvü olmasa da, özünün Avropaya səfərləri zamanı Qafqazın azadlığı istiqamətində təbliğat işi aparırdı. Məlum olduğu kimi, Birinci Dünya müharibəsi illərində Ə.Ağaoğlu və Ə. Hüseynzadə bir müddət İsveçrədə işləmiş, burada Qafqaz türklərini təmsil etmişdilər. Bu iki Azərbaycan türkü vətənlərinin azadlığa uğrunda mübarizəyə qoşularaq Avropa dövlətlərinə müvafiq memorandumlar ünvanlamış, xalqlarının həqiqi vəziyyətini olduğu kimi göstərməyə çalışmışdılar”.
1918-ci ilin mayında onlar illər boyu istər Bakıda və ana vətəndən uzaqlarda apardıqları türkçülük və milliyyətçilik mübarizəsinin bəhrəsini gördülər: çar Rusiyasının süqutu nəticəsində Azərbaycan müstəqillik qazandı, bütün türk-müsəlman dünyasında ilk dəfə olaraq demokratik cümhuriyyət quruldu. Təbii ki, belə zamanda nə Əli bəy, nə də Əhməd Ağaoğlu kənarda, seyrçi mövqeyində qala bilərdilər. 1918-ci ilin iyununda onların ikisini də müvəqqəti paytaxt Gəncədə görürük. Əhməd Ağaoğlu Azərbaycana Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi gəlmişdi. Əli bəyin isə hər hansı rəsmi missiyası yox idi. O, sadəcə doğma yurdunun məsul və çətin anlarında burada olmağı özünün ziyalılıq, vətəndaşlıq borcu saymışdı.
Əhməd Ağaoğlu Azərbaycanı 1919-cu il yanvarın 7-də tərk etmişdi. Tarixi vətənində qaldığı yarım il ərzində milli hökumətin bir sıra mühüm diplomatik tapşırıqlarını yerinə yetirmiş, Azərbaycan Parlamentinə üzv seçilmiş, həmin vaxt İstanbulda olan Əli bəy Hüseynzadə ilə birlikdə Paris Sülh konfransına göndərilən nümayəndə heyətinin üzvü təyin olunmuşdu. Hətta arada müvəqqəti paytaxt Gəncədə yeni bir qəzetin əsasını qoymağa da vaxt tapmışdı.
Əli bəy isə Bakı uğrunda şiddətli döyüşlərin getdiyi 1918-ci ilin avqustunda geri dönmüşdü. Tanınmış türk tədqiqatçısı professor Əli Heydər Bayatın “Əli bəy Hüseynzadə” kitabında (İstanbul, 1992, səh.137-138) onun İstanbula qayıtdıqdan sonra hadisələrin isti izi ilə Osmanlı mətbuatına verdiyi “Azərbaycanda düşündüklərim” adlı maraqlı müsahibəsi yer almışdır. “İki həftə olmadı ki, bu gənc dövlətin müvəqqəti paytaxtı olan Gəncə şəhərini tərk etdim. Müvəqqəti paytaxt diyorum, çünki Azərbaycanın təbii paytaxtı petrol mənbəyi olan Bakıdır. Tiflissiz Gürcüstan nə isə, Bakısız Azərbaycan da odur. Bakını Azərbaycana çox görən kim olursa olsun, Azərbaycan xalqının ən mənfur düşmənidir !” – deyən Əli bəyin vətən yanğısını və geopolitik fəhmini sezməmək mümkün deyildir.
Dostundan fərqli olaraq siyasi müşavir statusu daşımasa da, hadisələrə verdiyi qiymət, milli çıxarları yüksək həssaslıqla dəyərləndirməsi diqqəti çəkirdi. Əli bəy tarixin son dərəcə mürəkkəb mərhələsində Türkiyə-Azərbaycan birliyinin hər iki qardaş türk məmləkəti üçün bir xilas yolu olduğunu vurğulayaraq deyirdi: “Bu gün bütün cahanı sarsmaqda olan və yek digəri ilə təsadüm edərək ortalığı hərc-mərc eləyən üç mühüm cərəyanın – yəni imperializm, nasionalizm və sosializm cərəyanlarının ən fəci sahəyi-fəaliyyəti Kafkasya və bilxassə Azərbaycan oldu. Oralar bir cəhənnəmə döndü. Oradakı türk qardaşlarımız bütün bu yaxıcı, yıxıcı və əzici təsirlərin altında ağlını itirdi, nə yapacağını şaşırdı, mühakiməsini qeyb etdi. Osmanlı türkü imdada yetişməsə məhv olub gedəcəkdi. Fəqət onun məhv olması ilə Anadolu da təhlükəyə düşəcəkdi. Azərbaycanı qurtaran Anadolu kəndi-kəndini də qurtarıyor, buna şübhə etməyiniz. Deyirlər ki, dağ dağa qovuşmaz, insan insana qovuşar. Xeyr, tarixin oylə anları var ki, dağ da dağa qovuşur. Bu gün Ərciyəz dağı Qaf daşına qovuşur və qovuşduqca da yüksəliyor!”
Artıq yenidən Rusiyanın, amma bu dəfə birlik və bərabərlik şüarı ilə meydana atılan bolşevik Rusiyasının tərkibinə daxil edilmiş sovet Azərbaycanına ilk və son gəlişindən az sonra – 1926-cı ildə isə yenidən keçmişə qayıdaraq səkkiz il əvvəlki tarixi günləri belə xatırlayırdı:
“Digər bir mühüm səfər də Qafqaz Cümhuriyyətləri Federasyonu ilə birlikdə bir sülh mühaidəsi əqd etmək üzrə, xariciyyə naziri Xəlil bəyin Batumda bulunduğu sıralarda Ağaoğlu Əhmədlə bərabər xüsusi bir vəzifə ilə əvvəla Batuma (Xəlil bəyin nəzdinə), sonra oradan da, Federasyondan ayrılıb ayrı bir hökumət halında təşəkkül etməkdə olan Azərbaycan Cümhuriyyətinin ilk paytaxtı olan Gəncəyə (Nuru Paşanın yanına) qədər getməmizdən ibarətdir.
Burada türk ordusu sayəsində yenidən istiqlalını qazanmaqda olan Azərbaycanın münəvvərləri ilə birlikdə, bu ölkənin bir Cümhuriyyət halında təəssüs və təşəkkül etməsi işlərində çalışdıq”.
Həmin çalışmaları beynəlxalq səviyyədə davam etdirmək üçün yuxarıda da, qeyd etdiyim ki, 1919-cu ilin başlanğıcında həm Əli bəy, həm də Əhməd Ağaoğlu Parisə müharibədən sonra yeni dünya düzənini hazırlayan Sülh konfransına getməli idilər. Hər ikisi yüksək intellekti, zəngin təcrübələri, siyasi proseslərə və əcnəbi dillərə dərin bələdlikləri ilə Nümayəndə heyətinə böyük fayda gətirə bilərdilər.
Lakin bunun əvəzinə ikisi də tük xalqının milli iradəsinin boğulduğu, Antanta qüvvələrinin at oynatdığı İstanbulda həbsə düşdü. İkisi də Türkiyənin vətənsevər, milliyyətçi insanları ilə birlikdə aylarla paytaxtın mərkəzindəki keçmiş əsgər kazarmasında – Bəkir ağa bölüyündə məhbus həyatı yaşadı.
Bir şans əsəri olaraq Əli bəy ittihadçıların böyük əksəriyyətinin taleyinə yazılan Malta sürgünündən kənarda qaldı. Əhməd Ağaoğlu isə düz iki il əvvəlcə Limnos, sonra isə Malta adasında həbsxanaya bərabər sürgün çəkdi.
Bilərəkdənmi, yoxsa təsadüfdənmi Britaniya işğal qüvvələri tərkibinə Əhməd bəyin də daxil olduğu qrupun sürgün günü kimi 1919-cu il mayın 28-ini seçmişdilər. Bakıda Azərbaycan istiqlalının birinci ildönümünün qeyd edildiyi gün bu istiqlalın memarlarından biri işindən, ailəsindən, dostlarından, vətənindən zorla ayrılaraq sonu görünməyən mübhəm yola göndərilirdi.
“O gecə səhərə qədər uyumadıq, – deyə Əli bəyi “həyatda üzlərini atam, anam, bacılarım, qardaşlarımla birlikdə xatırladığım ilk insanlardan biri” kimi təqdim edən Səməd Ağaoğlu “Həyat bir macəra!” adlı xatirələrində yazırdı. – Qohum-əqrəbalar, Hüseynzadə Əli bəy kimi bir neçə yaxın dost, sonralar yeznəmiz olacaq Nemət, dostu Atif də yanımızdan ayrılmadılar”.
Həmin gündən başlayaraq təbiətən son dərəcə həssas və məsuliyyətli insan olan Əli bəy Əhməd Ağaoğlunun həm də onun yerinə ingilis əsirliyində zillət çəkməsi düşüncəsi ilə dostunun ailəsinə əlindən gələn qədər yardım göstərməyə, övladlarına həqiqi atalıq etməyə başladı. “Doktor Hüseynzadə Əli bəy! O qaranlıq illərin ruhumuza işıq və istilik verən insanlarının bəlkə də ən başda gələni idi” – Səməd Ağaoğlunun minnətdarlıq dolu bu etirafı çox şey deyir.
Xatirələrində “Əli bəyin xarakteri bir çox baxımdan anama bənzəyirdi. Bütün insanları sevən ürəyinin nəcib hissləri, hər fənalıq qarşısında öz acısından daha çox pislik edənin bədbəxtliyini düşünməsi, fəlakətlərin təsəllisini sənətdə, bilikdə, fəlsəfədə araması biri-birinə uyğun gəlirdi” – etirafında bulunan Səməd də, Ağaoğlu ailəsinin digər övladları da işdən, yazı-pozudan, siyasi savaşlardan başı açılmayan səbirsiz, hövsələsiz atalarında tapa bilmədikləri şəfqət və diqqəti analarından sonra bir də Əli bəydə görmüşdülər. Ailə başçısının Maltada olduğu dövrdə bu diqqət daha da artmışdı: “Əli bəy bizi ətrafına toplar, dadlı-dadlı hekayətlər anladar, öyüt-nəsihətlər verər, atamla bağlı xatirələrini söyləyər, zaman-zaman yalandan özünü hirslənmiş kimi göstərir, gözlərini iri-iri açaraq üstümüzə gəlir, yenə eyni dadlı tərzdə danlayıb məzəmmət edərdi”.
Təbii ki, Əli bəyin də sərtliyə əl atdığı məqamlar olurdu. Lakin zərurətdən doğan belə sərtliklər həmişə mərhəmət və şəfqətlə müşaiyət edilirdi. Səməd Ağaoğlu “Həyat bir macəra” kitabında belə hallarla da bağlı səciyyəvi bir epizod gətirmişdi: “Bir dəfə xəstələndiyim zaman udmamaq üçün müqavimət göstərdiyim həbi qollarımdan bərk-bərk tutaraq vurduğu şillədən heyrətlənib ağzımı açdığım zaman dərhal boğazıma dürtdüyünü xatırlayıram. İri həbin boğazımdan keçdiyinə əmin olduqdan sonra isə göz yaşları içərisində mənə sarılaraq üzümdən, gözlərimdən öpdüyü indiki kimi xatirimdədir”
(Səməd eyni münasibəti atasından da görmüşdü. Bu da tamamilə normal idi. Çünki əksi qeyri-adi görünə bilərdi. “Atam” adlı essesində cağdaş türk memuar ədəbiyyatının görkəmli nümayəndəsi yazırdı: “Ata kimi onun sərt davranışlarından zaman-zaman şikayətçi oldum. Hətta bir dəfə heç vaxt geri dönməmək qərarı ilə mərhum Yusif Akçuranın evinə getdim. Aradan iki gün ötəndən sonra qayıtdığım zaman onu təkbaşına bağçada gəzib-dolaşan gördüm. Yanına yaxınlaşdım. Heç bir söz demədən qollarını açıb məni qucaqladı”).
Əli bəy sürgünlü dostunun övladlarına yalnız öyüd-nəsihət verməklə, yaxud müalicələri ilə məşğul olmaqla kifayətlənmirdi. Həm də onları bədii sözün sehrli qüvvəsi ilə tanış etməyə çalışırdı. Bu məqsədlə müxtəlif əsərlər, eləcə də özünün orijinal yazı və tərcümələrini oxuyurdu. Belə tərcümələrdən biri – Fridrix Şillerin antik yunan mifologiyasının süjeti əsasında yazdığı “Die Bürgschaft” (“Ölüm”) balladası Əli bəyin almancadan tərcüməsində və özünün “ahəngli səsi bir az titrəyərək oxuduğu həyəcanlı ifasında” uzun illər Səməd Ağaoğlunun yaddaşında yaşamış və “Həyat bir macəra!” kitabında yer almışdı:
Damon namındakı bir vətənpərvər,
Əsvabı altında gizləyib xəncər
Müstəbid Dionisə təqərrüb etdi.
Dionis sordu sərt bir hiddətlə:
“Qəsdin nə idi, çəkinmə, söylə!”
“Qəsdim qurtarmaqdı zalımdan nası,
Olsun dar ağacı bunun cəzası !”
Maraqlıdır ki, Əli bəy şeri “Kəfalət, yaxud vəfalı dostlar” adı ilə təqdim etmişdi. Rəvayətə görə, Pifaqor təliminin davamçıları olan Damon və Phintius adlı iki gənc Sirakuzada, Kiçik Dionisin zamanında yaşamışdılar. Tirana xəyanətdə ittiham olunan Phintias edam cəzasına məhkum edilmişdi. Lakin işlərini yoluna qoymaq üçün onu müvəqqəti azadlığa buraxmışdılar. Dostu Damon isə əvəzində zamin qalmışdı. Phintius geri qayıtmasa dostunun yerinə edam ediləcəkdi. Phintias son anda, artıq ilgək Damonun boğazına keçirildiyi vaxt özünü çatdırmış, dərhal dar ağacı altında yerini tutmuşdu. Bir-birlərinə bu dərəcədə sədaqətli olan gənclərin dostluğu Dionisi o qədər heyrətləndirmişdi ki, tiran edamla bağlı qərarını dəyişdirmiş, onları sərbəst buraxmaq əmrini vermişdi…
Mübaliğəsiz demək olar ki, oxşar dostluq hissləri, vəfa və sədaqət duyğuları Əli bəylə Əhməd Ağaoğlunun münasibətləri üçün də səciyyəvi idi. Onların hər ikisi həyatlarının müxtəlif mərhələlərində təkcə ümumi işə deyil, həm də bir-birlərinə şəxsi sədaqətlərini dönə-dönə sübut etmişdilər.
“Atamın Malta sürgünü illərində Əli bəy evimizin mənəvi dəstəklərindən biri oldu, – deyə Səməd bəy yazırdı: – Özü maddi yardım göstərə bilməyəcək dərəcədə yoxsul idi. Qara Kamalın dost əli uzanmasaydı, öz evinin güzəranını da təmin edə bilməzdi. Fəqət mənəvi yardımını bizim üçün bol-bol xərclədi. Anam bütün acılarını, bizim yaramazlıqlarımızdan tutmuş atamın həsrətinə qədər hər şeyi ona açıb danışmaqdan çəkinməzdi”.
Burada adı çəkilən Qara Kamal (? – 1926) həm Əli bəyin, həm də Əhməd Ağaoğlunun yaxın dostu idi. “İttihad və Tərəqqi” partiyasının nüfuzlu üzvlərindən biri kimi tanınırdı. İttihadçıların hakimiyyəti zamanı az müddət ticarət və iaşə naziri olmuşdu. İstanbulda ingilislərə ilk gülləni atmış, Qurtuluş Savaşına böyük ölçüdə dəstək vermişdi. Lakin nədənsə, Atatürklə ulduzları barışmamışdı.
Atatürk onu da tərəfdarları sırasında görmək istəyirdi. Qara Kamal isə çağırışı qəbul etməmişdi. 1924-cü ildə Əhməd Ağaoğlunun evində onunla görüşərkən düşündüklərini dilə gətirərək demişdi: “Paşam, biz dövrümüzü bitirdik. Osmanlı imperatorluğu qollarımız arasında can verdi. Siz məmləkəti qurtardınız, yeni dövlət qurdunuz. Mənə və mənim kimi “İttihad və Tərəqqi”nin əski liderlərinə düşən vəzifə müvəffəqiyyətinizə dua etməkdən ibarətdir”.
Yəqin ki, bu cür düşünən və danışan şəxs aradan iki il keçəndən sonra Atatürkü öldürmək istəyənlərin sırasına qoşulmazdı. Lakin 1926-cı il İzmir olayından sonra yaradılan İstiqlal Məhkəməsi məhz belə bir ittihamla onun həbsinə qərar vermişdi. Qara Kamal da öz növbəsində dəmir barmaqlıqlar arxasında oturmaq istəməmişdi. Polislər onu həbs etməyə gələndə həyatına intiharla son qoymuşdu. Qara Kamalla dostluğuna görə Əli bəyin də adı sui-qəsdçilər sırasına salınmış, İstiqlal Məhkəməsində uzun-uzadı sorğu-suala çəkilmişdi.
Həmin günlər, heç şübhəsiz, Əhməd Ağaoğlunun həyatının ən çətin dövrü idi. Əvvəla özünün də vəziyyəti ürəkaçan deyildi. Cümhuriyyətin demokratik əsaslarla qurulması, dövlət həyatındakı yolsuzluqların aradan qaldırılması ilə bağlı Atatürkə təqdim etdiyi məruzəyə görə qınaqlara tuş olmuş, baş nazir İsmət İnönünün simasında barışmaz düşmən qazanmışdı. Digər tərəfdən, İstiqlal Məhkəməsinin hakimi Əli Çətinqaya (məhkəmənin beş üzvündən dördünün adı Əli – türkcə tələffüzdə Ali olduğundan müasir türk tarixçiliyində bəzən müəyyən ironiya ilə ikili mənada “Alilər məhkəməsi” də adlandırılır, Səməd Ağaoğlu isə xatirələrində Əli bəy Hüseynzadədən “dörd Əli önünə çıxarılan beşinci Əli” kimi danışır. İşin başqa ironik tərəfi də, az qala hamısı Əli adı daşıyan hakim heyətinin “beşinci Əlini” Türkiyədə şiəlik yaymaqda ittiham etməsi idi! O zaman İstanbul Darülfünunun hüquq fakültəsində təhsil alan və ara-sıra məhkəmə iclaslarına gedən Sürəyya Ağaoğlunun yazdığına görə məhkəmə sədri Əli bəy Hüseynzadədən “Siz şiəsiniz, elə deyilmi?” – soruşduqda o, vüqarla “Xeyr, Azərbaycan türküyəm” – cavabını vermişdi) da, məhkəmə qarşısında dayananların əksəriyyəti də yaxın dostları, birgə mübarizə yolu keçdiyi insanlar idi. Nəhayət, məhkəmə araşdırmasının mövzusu (Türkiyənin və türklüyün xilaskarı Qazi Mustafa Kamal Paşanı öldürmək cəhdi!) o qədər təhlükəli və insanlarda qəzəb doğuran bir məsələ ilə bağlıydı ki, burada kiməsə yardım əli uzatmaq niyyəti də belə fikrə düşən şəxsin özü üçün təhlükə yarada bilərdi.
Əli bəyin həyatına risk olmadığına inandıqdan sonra Əhməd Ağaoğlu digər dostlarına, o cümlədən, kağızları içərisində özünün də tamamilə başqa mövzulu məktubunun tapıldığı Mehmet Cavid bəyə (1875-1926), Salonikli Nazim bəyə (1870-1926) kömək etməyə, cəzalarını nisbətən yüngülləşdirməyə yollar axtarmışdı. Bu məqsədlə hətta xanımını o zaman xarici işlər naziri olan Tofiq Rüştü Arasın evinə minnətə göndərmişdi. Atdığı addımlar dövrün türk mətbuatının diqqətindən kənarda qalmamış, Əhməd Ağaoğlunu da sui-qəsdin təşkilatçı və iştirakçıları ilə əlaqələndirməyə cəhdlər göstərilmişdi. O isə özünəməxsus sərtlik və ötkəmliklə haqqında yalan yazanları dərhal yerində oturtmağı bacarmışdı.
İki dostun biri – Əhməd Ağaoğlu natura etibarı ilə tribun idi. Hər yerə can atırdı. Həmişə hadisələrin mərkəzində olmağa çalışırdı. Belə hallarda bəzən tələsərək səhvlərə də yol verirdi. Özünün ifrat sərtliyi, hövsələsizliyi ilə çox vaxt qaşınmayan yerdən qan çıxarırdı. Bəzən xüsusi zərurət olmadan atəşi üzərinə çəkirdi. Bir sözlə, Rəsul Rzanın məşhur ifadəsi ilə desəm, “baltanı öz ayağına vurmayınca sakitləşmək bilməyən adam” idi. Əli bəy isə hətta ən böyük işləri də nəzər-diqqəti çəkmədən, gözə dəymədən görməyi üstün tuturdu. Təsadüfi deyil ki, dəqiq müşahidələri ilə tanınan Səməd Ağaoğlu atasının dostları haqqındakı kitabında onu “Pərdə arxasındakı adam” kimi təqdim etmişdi.
“Pərdə arxasında” gördüyü işlər isə kifayət qədər böyük və cahanşümal idi. Müşahidə və mülahizələrinə dəfələrlə üz tutduğum Səməd Ağaoğlunun da qeyd etdiyi kimi, Əli bəy diqqət mərkəzində dayanmağa can atmadığına görə “türk fikir həyatına göstərdiyi böyük xidmətlərə sahib çıxmamış, “İttihad və Tərəqqi”nin qurucularından olduğu halda adı çox da bilinməyən bir üzv kimi qalmaqdan, Göyalpın irəli atdığı fikirlərin bəlli-başlılarının əsl qaynağı ikən sadəcə universitetin öz işləri ilə məşğul olan bir dəri xəstəlikləri professoru kimi görünməkdən zövq almışdı…”
Səməd Ağaoğlu “atasının hər anlamı ilə böyük humanist olan dostunun” pərdə arxasındakı fəaliyyətini açıqlayaraq daha sonra yazırdı: “Dövrün böyük mürşüdünə ( Ziya Göyalp nəzərdə tutulur – V.Q.) “islam ümmətindən, qərb mədəniyyətindən, türk millətindən olmaq” fikrini verən o idi. Osmanlı imperatorluğunun din siyasəti ilə özünü doğrultmayacağı anlaşılınca bütün türklərə bir vətən kimi Turan yolunu o göstərdi. Yox, yox, qətiyyən mübaliğə etmirəm – atamın bu dostu həqiqətən də bütöv bir dövrün gizli həyat məktəblərindən biri olmuşdu. “
Bu mənada türkçülüyün digər görkəmli təmsilçiləri kimi Əhməd Ağaoğlunun da Əli bəyin “gizli həyat məktəbində”, gözəgörünməz “pərdə arxasında” hasil etdiyi ideya və qənaətlərdən təsirləndiyi, yararlandığı hallar yetərincə idi. Doğrudur, o heç vaxt dostunun “turançılıqla” bağlı fikirlərinə sona qədər şərik çıxmamışdı. Bütünlükdə isə, Osmanlı imperiyasının fikir həyatında, xüsusən də “İttihad və Tərəqqi” partiyasının fəaliyyətində ideya müəllifliyi, ilkin qaynağı Əli bəyə gedib çıxan, əqidə dostlarının əməllərində isə öz praktiki təcəssümünü tapan cəhətlər az olmamışdı. Səməd Ağaoğlu bu münasibətlə yazırdı: “…birinci səfin arxasında fikir və düşüncə aşılayan elə insanlar vardı ki, günlərin birində onların tarixi xidmətləri bəlkə də meydana çıxa bilər. Fəqət üzləri insan olaraq, dost və arkadaş olaraq həmən məchul qalacaqdır .” Və həmin məchulların içərisində ən parlaq şəxsiyyət kimi bir vaxtlar Yusif Akçuranın “şimal günəşinə” bənzətdiyi Əli bəyi önə çəkirdi: “Həmin bu insanlardan biri də atamın bəyaz saqqallı, pənbə üzlü, gözəl gözlü şair, rəssam, musiqişünas, filosof, qəzetçi, münəccim, professor, doktor qafqazlı arkadaşı idi…”
lll
“İttihad və Tərəqqi” hökumətinin uğursuzluqları, Türkiyənin Birinci Dünya müharibəsindəki məğlubiyyəti və Osmanlı imperiyasının süqutu proseslərin önündə gedən yüzlərlə türk insanı kimi iki dostun da həyatını dəyişdirmişdi.
Əslində filosof sakitliyi və müdrikliyi ilə seçilən Əli bəydə bu dəyişikliklərin miqyası o qədər də böyük deyildi. Siyasi proseslərə ciddi şəkildə qarışmırdı. Ailə adamı kimi sakit, mütəvazi həyatını yaşayırdı. Az, lakin son dərəcə sərrast, birbaşa hədəfə dəyən şeirlər, məqalələr yazırdı. Dante, Göte, Adam Smit kimi dünya klassiklərinin bədii, yaxud elmi əsərlərini orijinaldan tərcümə edirdi. Sufi müdrikləri kimi aza qane olub yaşayır, dünyanı dəyişdirməkdənsə onu seyr və dərk etməyi daha üstün tuturdu.
Narahat, üsyankar təbiəti isə Əhməd Ağaoğlunu bir yerdə qərar tutmağa qoymamışdı. Malta sürgünündən dönən kimi Qurtuluş Savaşına qoşulmaq məqsədi ilə Anadoluya keçmişdi. Qısa zamanda Türkiyə Böyük Millət Məclisi hökumətinin başçısı Mustafa Kamal Paşanın böyük etimadını qazanaraq onun “mətbuat naziri” –Mətbuat və İstihbarat ümumi müdiri olmuşdu.
1921-1931-ci illər arasında İstanbul sakini kimi qalmağı daha üstün tutan Əli bəylə yeni paytaxt Ankarada yaşayan Əhməd Ağaoğlunun bir neçə görüşü istisna etməklə bütün əlaqələri məktublar vasitəsi ilə həyata keçirilmişdi. Amma təəssüf ki, həmin yazışmanın çox az bir qismi, həm də yalnız Əhməd bəyin məktubları günümüzə gəlib çatmışdır. Onlar iki görkəmli fikir adamının şəxsi, ailəvi münasibətlərini, baş verən proseslərə baxışlarını, aktual məsələlərlə bağlı qənaət və mülahizələrini əks etdirir. Söhbət Feyzavər Alpsar tərəfindən Ege Universitetinə hədiyyə olunmuş 13 məktubdan gedir.
Əhməd Ağaoğlunun 1922-ci il fevralın 22-də Ankaradan göndərdiyi “Əziz yoldaşım Əli bəy!” müraciətli məktubdakı “Mən İstanbuldan ayrıldıqdan sonra ətrafında bir boşluq hasil olduğundan və o boşluqları doldurmayan kiçikliklərdən, bayağılıqlardan şikayət edirsən” – sözlərindən göründüyü kimi, Əhməd bəyin gedişi dostu üçün az qala əvəzsiz itkiyə çevrilmişdi. Digər tərəfdən tarixi bir mərhələdə türklük uğrunda savaşdan kənarda qalması təəssüratını yaratmışdı.
Əhməd bəy özünün son illərdəki hərəkətli həyatına (Azərbaycan, Malta, Ankara), eləcə də türk insanının azadlıq savaşına diqqəti çəkərək dostunu bütün bu proseslərin içərisində, önündə gördüyünü vurğulayırdı: “Son dörd sənə bütün türk aləmi üçün bir dərbədərlik dövrü olmadımı? Biz burada, bu girdabi-mücadilə içində kəndimizi adəta sərxoş edərkən sənin daima yüksək, daima nəzih və sakin ruhun, heç şübhə etmirəm ki, ətrafını almış olan zülmət və məskənət (sakitlik – V.Q.) içində də kəndisi üçün təsəllilər və ümidlər bulurdu. Türkün əbədi aşiqi olan Əli təbiəti ilə Türkdən heç zaman ümidini kəsməzdi”. Məktubdakı “Mənə göndərdiyin əşarınla da bunu sübut etmiş olursan”, “hələ o aləmi-bəşər haqqında yazdığın mənzumə” sözləri isə Əli bəyin bizə məlum olmayan əsərlərinə işarədir.
Son dərəcə çətin, mürəkkəb dövrü arxada qoyduqlarını, artıq ümid qapılarının açıldığını müjdələyən Əhməd bəy daha sonra yazırdı: “Fəqət şükürlər olsun ki, yenə Türkün əzəli dəhası müharibənin fəlakəti-ümumiyyəsini və Türk milləti üçün hazırlamış olduğu əbədi məzarı bərtərəf etməyə müvəffəq oldu və yenidən pişgahi-xəyalımızda vəsi ümid üfüqləri təhiyyə etdi. Allah verə, bu kərə də bu ümidlərimiz boşa çıxmaya və millətin istehsal etmiş olduğu bu müsaid imkanı biz rəhbərlər sırf məlul olan dimağ və qəlblərimizin təhrikatı ilə yenidən qeyb etməyəlim”.
İzmir savaşında yunanlar üzərində qazanılan tarixi qələbədən sonra sevincini Əli bəylə bölüşən Əhməd Ağaoğlu “indiyə qədər sənə məktub yazmadığımın günah olduğunu çox iyi idrak edirəm”- sözləri ilə üzrxahlıq edir, “içində bulunduğumuz girdabi-həvadis və üzərimə aldığım vəzifənin ağırlığı mənə dostlarını düşünmək üçün nə vaxt, nə də hüzur verirdi. Əlhəmdülillah bu kərə mücadiləmizin bu qədər müəzzəm müvəffəqiyyəti ilə hasil olan güşayiş hamımıza bir az rahat nəfəs almaq və yek digərimizi xatırlamaq imkanını bəxş eylədi” – deyə həyatlarında artıq yeni mərhələnin başlayacağını ümidlərini bildirirdi.
Çağdaş Türkiyədə Zəfər günü kimi qeyd edilən İzmir qələbəsinin qazanılmasında Əli bəy Hüseynzadənin nə rolu ola bilərdi? Əhməd bəy üçün bu sualın cavabı aydın idi: dostunun son dörddə bir əsr ərzində çoxcəhətli fəaliyyəti və əsərləri ilə türk insanına aşıladığı türkçülük, milliyyətçilik, vətənçilik hissi əsgərin silahından, komandanın əmrindən az iş görməmişdi. Qələbəyə inamın hasil olmasında süngü ilə qələm yanaşı dayanmışdı. Məktubda deyilirdi: “Türklüyün bir bəəsü bədəlmövt (ölümdən dirçəliş – V.Q.) möcüzəsinə məzhər olaraq yenidən tarix səhnəsinə daha möhtəşəm və daha mühib bir sima ilə çıxır və müqəddərat əmcədə daha çox vəzifələr icra edəcək və hələ Şərqi arxasınca sürükləyərək yeni-yeni üfüqlərə doğru yürütdürəcək qüdrəti haiz olduğunu bütün bəşəriyyətə elan edir. Sən Türklüyə bu ruhu aşılayan amillərdən birisən! Bu həqiqəti dostların heç bir zaman unutmadılar və əmin ol ki, gərək fəlakətli, gərək məsud zamanlarda heç bir dəqiqə sənin xatirən onların qəlblərindən silinmiş deyildi”.
Yüksək çinli dövlət məmuru olduğu halda özü də maddi ehtiyacın, sıxıntının hər üzünü görən Əhməd bəy dostunun daha böyük çətinliklərlə üzləşməsindən xəbərsiz deyildi. Odur ki, ona ürək-dirək verir, hər şeyin lap tezliklə yaxşılığa doğru dəyişəcəyinə inandırmağa çalışırdı: “Dörd-beş sənədən bəri böyük müzayiqələr və sıxıntılar içində bulunduğunu hamımız bilir və lakin hamımız da eyni hal içində qıvrındığımız üçün indiyə qədər bir şey yapmaq imkanı bula bilmirdik. Fəqət hamımız üçün maddi və mənəvi sıxıntıların nəhayətə irişmək üzrə olduğunu və lap yaxında yek digərimizə qovuşaraq güşayişli günlər görəcəyimizi ümid edirəm.” Başqa bir məktubunda isə yazırdı: “İnşallah, məramımıza müvafiq bir sülhə nail olur və yenidən hamımız birləşir və yenə o əski işlərimizə (mətbuat, yaradıcılıq fəaliyyəti nəzərdə tutulur – V.Q.) qayıdırıq. Səni buraya cəlb etmək fikrindəyik, nə deyirsən?”
Əli bəyi yeni Türkiyənin siyasi mərkəzi Ankaraya gətirmək, burada onun geniş bilik və təcrübəsinə uyğun işlə təmin olunmasına şərait yaratmaq, türk milləti qarşısındakı böyük xidmətlərinə uyğun bir güzəranla təmin etmək 1920-ci illərin əvvəllərində Əhməd Ağaoğlunu düşündürən başlıca məsələlərdən idi. 14 iyul 1923-cü il tarixli məktubunda bu barədə yazırdı: “Sənin maaşın haqqında ayrıca Ziya Göyalp ilə bərabər Maarif Vəkili ilə görüşəcəyik və nəticəni, əlbəttə ki, sənə yazacağam”.
Əli bəy Hüseynzadə və həcv?
Yəqin ki, Əli bəyin yaradıcılığına, əsərlərinin mündəricə və əhatə dairəsinə bələd olanlar bu sərlövhəni görəndə ilk növbədə təəccüblənəcəklər.
Eyni şəkildə, deyək ki, incə ruh şairi kimi tanınan Hüseyn Cavidin də həcv yazması, yaza bilməsi bizə o qədər qəribə görünür.
Lakin heç bir yanlışlıq yoxdur. Söhbət həqiqətən də Əli bəyin qələmə aldığı, həm də ilk poetik yaradıcılıq nümunələrindən biri olan həcvdən gedir.
Həcv obyekti onun hərbi həkim – dermatoloq ixtisasına yiyələndiyi İstanbul Hərbi Tibb Akademiyası – Əsgəri Tibbiyyədir.
Əsərin meydana çıxmasının öz tarixçəsi var. Məsələyə aydınlıq gətirmək üçün bir qədər uzaqdan başlamaq lazım gələcək.
Əli bəy Hüseynzadə “Həyat” qəzetinin 1906-cı il 18, 22, 23, 25 avqust tarixli saylarında dərc etdirdiyi “Nümunə məktəbi” adlı avtobioqrafik məqaləsində Tiflis klassik gimnaziyasını bitirdikdən sonra peşə seçimi və ali təhsillə bağlı ciddi suallar qarşısında qalmasından söz açaraq yazırdı: “Gimnaziyada ikmali-təhsildən sonra bənim üçün bir yerinə iki məsələ hasil oldu. Həm gələcəkdə təmini-məişət edəcək bir məslək, bir sənət sahibi olmalı idim. Həm də bu sənəti öylə bir yerdə, öylə bir darülfünunda öyrənməli idim ki, müsəlmancam da yaddan çıxmayıb mümkün isə ülum və əlsinə və tarixi-İslamı mütaliədə davam və səbat edib bu xüsusda tərəqqiyə qabil olum. Sənət və məsləklərdən intixabım təbabətdə qaldı. Lakin ülumi-tibbiyyəni təhsil üçün Rusiyanın hansı darülfünun olan şəhərinə getsəm, ülumi-islamiyyə və əlsineyi-şərqiyyədən (Şərq dillərindən – V.Q.) tamamən binəsib və bibəhrə qalacağım mühəqqəq idi”.
Başqa sözlə desək, qarşıya həm Şərqə, islama, soy-kök və ənənələrə bağlılığı itirməmək, həm də normal məişət təmininə xidmət edən bir sənət sahibi olmaq vəzifəsi qoyulmuşdu. Uzun tərəddüdlərdən sonra o, Peterburq universiteti üzərində dayanmışdı. Burada 1855-ci ildə həmvətəni, məşhur şərqşünas Mirzə Kazımbəy tərəfindən qurulan Şərq dilləri fakültəsi fəaliyyət göstərirdi. Amma indi də ortaya başqa problem çıxmışdı: Çünki “məzkur darülfünunda Şərq şöbəsi bulunmaqla bərabər tibb şöbəsi mefkuldu (mövcud deyildi – V.Q.)”.
“Darülfünunun tibb şöbəsi yoxdu, fəqət tibbin müqəddiməsi olan ülumi-təbiyyə və riyaziyyə şöbəsi vardı, – deyə Əli bəy Hüseynzadə yuxarıda qeyd etdiyim məqaləsində yazırdı. – İştə bən də bu şöbəyə tələbə qeyd olundum. Bir tərəfdən ülumi-təbiyyə təhsil etdiyim halda digər tərəfdən vaxt bulduqca əlsineyi-Şərq şöbəsinə gedib amalıma müvafiq olan dərslərə qulaq asırdım. Bu surətlə təbiyyun tələbədən bulunduğum halda Şərq şöbəsində farsi, ərəbi və s. dərslərdən istifadədən geri qalmırdım”.
Beləliklə, o, rəsmən Peterburq universitetinin təbiət elmləri fakültəsinin fizika-riyaziyyat bölməsini, azad dinləyici sifəti ilə də Şərq dilləri fakültəsini bitirmişdi. Şərq və Qərb dillərinə, mədəniyyətinə dərindən yiyələnmişdi. Hətta müəyyən dini və milli basqılara məruz qalan müsəlman üçün də Rusiya imperiyası şəraitində yaxşı mənsəb qazanmaq üçün belə təhsil yetərli idi.
Lakin Əli bəy ilk arzusundan – həkimlik sənətinə yiyələnmək fikrindən daşınmamışdı. Bu ixtisas həm gələcəkdə həyat və məişətini təmin etmək, həm də insanlar üçün gərəkli olmaq baxımından onu daha çox çəkirdi. Öz etirafına görə, “Peterburq universitetində ikmali-təhsil etdiyim zaman xatirimə yeni bir fikir sünuh etdi. Mücəddidi-Dövləti-Osmaniyyə olan Sultan Mahmudun tədbiri ilə və fransızların müavinəti ilə İstanbulda nevi üsul bir darülfünuni-tibb açılmışdı ki, getdikcə tərəqqi edirdi. Həm ülumi-islamiyyə və şərqiyyədən məhrum olmamaq, həm də təmini-məişətlə bir sənət və məslək sahibi bulunmaq üçün gedib bu məktəbə daxil olmaqdan gözəl çarəmi olurdu? Bir çox tərəddüdlərdən sonra nəhayət İstanbula getməyə qərar verdim”.
İlk baxışdan seçimin özü müəyyən təəccüb doğurmaya bilmir. Çünki beş il yaşadığı, yaxşı bələd olduğu Peterburqa əsası hələ 1798-ci ildə qoyulmuş və böyük ənənələrə malik İmperator Hərbi-Tibb Akademiyası vardı.
Digər tərəfdən, əsas Qərb dillərinə dərindən bələd olan Əli bəy ali tibb təhsili almaq üçün hər hansı Avropa ölkəsinə də üz tuta bilərdi.
Lakin o, Osmanlı imperiyasını seçmiş, İstanbula getməyə qərar vermişdi.
Səbəbini isə belə açıqlamışdı: “Mən müsəlman türkəm. Türk müsəlmanam. Türkiyə bir türk və müsəlman dövlətidir. Bu səbəblə Türkiyə hər digər vətəndən ziyadə vətənimdir. Bu vətəni, bu vətəndaşları pək iyi tanımalıyam”.
Nəticədə 1889-cu ildə azərbaycanlı gənc Tiflis klassik gimnaziyasının attestatı və Peterburq universitetinin diplomu ilə özünə vətən saydığı məmləkətdə, ana dili saydığı dildə təhsil almaq məqsədi ilə İstanbula gəlmişdi.
Tezliklə də, türklər demiş, xəyal qırıqlığına uğramışdı. Çünki din və dil qardaşlarından intizarında olduğu, gözlədiyi isti münasibəti görməmişdi. Əli bəy yazırdı: “İstanbula getdim. Mədəniyyəti-cədideyi-islamiyyənin ən böyük mərkəzi, Türklüyün, Türk maarifinin ən işıqlı mehrabı, fəqət bununla bərabər istibdad və mütləqiyyətin də ən qaranlıq guşəsi bulunan bu şəhri-əzim təhsilimi özümə lazım bildiyim ülum cəhətindən mənim üçün bir müddətdən bəri bir Kəbeyi-amal olmuş idi. Bən zənn eləyirdim ki, Tiflis Birinci gimnaziyasından və Peterburq universitetindən aldığım şəhadətnamələrlə ötədə-bəridə oxuduğum müsəlman dilləri sayəsində məni asanlıqla İstanbul Məktəbi-Tibbiyyəsinə qəbul edərlər. Lakin iş külliyyən məmulumun xilafına (istədiyimin tam əksinə – V.Q.) çıxdı. Bir çox maneələr, əngəllər zühur etdi”.
Həmin dövrdə İstanbulda iki tibb məktəbi fəaliyyət göstərirdi. Bunlardan birincisi şəhərin Axurqapı səmtində yerləşən Mülki Tibbiyyə, ikincisi isə Sarayburnu parkındakı Əsgəri Tibbiyyə idi. Təbiəti etibarı ilə sakit, macəralardan və macəraçılıqdan uzaq insan kimi tanınan Əli bəy Mülki Tibbiyyə Məktəbində oxumaq istəyirdi. İlk baxışdan belə hazırlıqlı gəncin Türkiyədə hər hansı ali məktəbə məmnunluq hissi ilə qəbul ediləcəyini düşünmək olardı. Gerçəkdə isə gözlənənin tam əksi baş vermişdi. Bunun da öz səbəbləri vardı.
XIX əsrin sonlarında Osmanlı imperiyası ilə müqayisədə Rusiya, xüsusən də Rusiya universitetləri mütləqiyyətə qarşı mübarizədə yeni fikir və ideyaların yayılması baxımından olduqca münbit mühit idi. Osmanlı sarayında rus tələbələrin inqilabi əhval-ruhiyyəsindən, siyasi terror təşəbbüslərindən və 1860-cı illərdən etibarən Romanovlara qarşı hazırladıqları silsilə sui-qəsdlərdən xəbərsiz deyildilər. Ona görə də, Əli bəyin özünün də qeyd etdiyi kimi, yerli azadlıq aşiqləri bir tərəfə qalsın, üstəlik də “Rusiyadan, rus nihilistləri içindən gələn bir dərbədər sərsəri İstanbul tələbəsi arasında nihilist və sosializm əfkarı nəşr edərsə, sonra onun öhdəsindən kim gələ bilər? Xeyr, xeyr, böylə şey olamaz!”
Digər tərəfdən, əslən Dağıstandan olan, Sevastopol gimnaziyasında təhsilini başa vurduqdan sonra İstanbulda yerləşən və dövrün maliyyə naziri Şirvanzadə Rüştü Paşa vasitəsi ilə yüksək cəmiyyətlə əlaqələr quran Hacımurad Əmirovun – Murad bəy Dağıstanlının (1863-1917, türk ədəbiyyatı tarixində daha çox əsasını qoyduğu nəşrin – “Mizan” dərgisinin adı ilə Mizançı Murad kimi tanınır – V.Q.) həyata keçməyən islahat niyyətləri və sultan hakimiyyətinə yönəlmiş tənqidləri də Rusiya türklərinə inamsızlığı artırırdı. Osmanlı məmurlarının “O Rusiyadan gələn Murad bəyin dilinin, qələminin şərindən xalq xilas olmağa çalışarkən bir ikinci Murad bəyə əsla yol veriləməz!” – düşüncəsi Əli bəy kimi insanların qarşısına çəkilən maneələrin əsasını təşkil etməkdə idi.
Lakin yalnız güman və şübhələrə əsaslanaraq Osmanlı dövlətinə pənah gətirən, yeganə məqsədi təhsil almaq olan bir türk gəncinə qapını göstərmək də düzgün alınmazdı. Əli bəy bu məqamı həssaslıqla tutmuşdu: “… yol verilməsə də olmuyor. Çünki özü türk bir müsəlmandır, xeyirxahi-səltənəti-Osmaniyyədir, əlində gözəl-gözəl şəhadətnamələri vardır. Fəqirin, məzlumun biridir. Kimsə ilə işi yoxdur, həkimlik, təbiblik öyrənməkdən başqa niyyətdə deyildir”.
Təbii ki, Əli bəy Hüseynzadə burada bəyan etdiyi qədər də “fəqir və məzlum” deyildi. Haqqını tələb etməyi bacarırdı. Sultan hakimiyyətinin qarşısına “Mən müsəlman olduğum halda xristian olan Firəngistanın darülfünunlarının hər hansı birinə getsəm əlimdəki şəhadətnamələr sayəsində bila sual və cavabsız qəbul olunurdum. Nasıl olur ki, özünə “Xəlifeyi-ruyi-zəmin” (“Yer üzünün xəlifəsi”- V.Q.) deyən bir islam padşahının qapıları bila səbəb makül elm həvəsində bulunan bir müsəlmanın üzünə bağlanır?” – sualını qoymağı bacarırdı.
İnadkarlığı nəticə verdi. İstanbulda tibb təhsili almasına izin alındı. Lakin naməlum səbəblərdən özünün istədiyi, həm də yaşadığı məhəllənin yaxınlığında yerləşən Mülki Tibbiyyə Məktəbinə deyil, Əsgəri Tibbiyyəyə daxil ola bilərdi. Digər tərəfdən ortaya qəribə şərt də qoyulmuşdu: təqdim etdiyi təhsil şəhadətnamələrinin özünə məxsus olduğunu sübuta yetirmək üçün “kiçik bir imtahan” verməli idi. Həm də bu zaman şəhadətnamələrlə bağlı bir çox “zəvati-möhtərəm və mötəbərin məktublarına, tövsiyənamələrinə” qətiyyən əhəmiyyət verilməmişdi. Məqsədindən dönməyən Əli bəy Osmanlı məmurlarının ortaya qoyduqları yeni oyun qaydalarını qəbul etməyə məcbur olmuşdu.
Dövrün çətin və məhdud nəqliyyat şərtləri daxilində Əsgəri Tibbiyyəyə gedib-gəlməklə bağlı Osmanlı paytaxtındakı səyahət “odisseyasını” təsvir edən Əli bəy yazırdı: “İqamətgahımdan qalxıb məzkur Hərbiyyə Məktəbinə getmək üçün əvvəla İstanbulu Paris şəhərinə rəbt edən Şərq dəmiryolunun vaqonlarına minib Sirkəçi mövqeyinə enməli idim. Oradan rusların və firənglərin Qızıl Buynuz, türklərin Xəlici-tərsanə dedikləri dəniz körfəzini bir qayıq ilə keçib Qalata deyilən bir məhəlləyə çıxmalıydım. Sonra o məhəlləni Peraya, yəni Bəyoğluna rəbt edən bir asma dəmir yoldan (tunel) mürur edib Peraya varid olmalıydım. Buradan bir az piyada yürüdükdən sonra Məktəbi-Sultani önündə bir tramvaya rəaqib olmalı idim ki, məni Panqaaltı Hərbi Məktəbinə vasil etsin. İştə bu uzun yolu “küçücük bir imtahan” üçün gedib-gəlməyə başladıq…”
İki həftə davam edən “kiçik imtahan” uğurla başa çatdı. Azərbaycanlı gənc bütün sahələrdə yüksək bilik və intellektə malik olduğunu inandırıcı şəkildə ortaya qoydu. Sanki artıq təhsilə başlaması üçün heç bir maneə qalmamışdı. Lakin Əli bəy sevinməyə macal tapmamış həmin dövrdə Osmanlı ali hərbi məktəblərində “xüsusi şöbə” funksiyasını yerinə yetirən “xəfiyyə məmurlarından ibarət heyət” imtahanın nəticələrini protest edərək onun dövlətin ali məktəblərə tələbə qəbulu ilə bağlı qayda-qanunlara uyğun gəlmədiyini bildirdi.
Əli bəyin öz sözləri ilə desək, qayda isə bundan ibarət idi ki, “kim olursa olsun, əlində istər Peterburq universitetindən, istər Paris Akademiyasından nə növ şəhadətnamə bulunursa bulunsun, hər kəs Osmanlı məktəbi-alisinə qəbul olunmaq üçün əvvəl əmirdə Osmanlı Edadiyyə məktəbinin (orta məktəb –V.Q.) proqramı mocibincə elm və fünundan türk dilində imtahan verməyə məcburdur”.
Qanunun ruhunu deyil, hərfini hər şeydən üstün tutan məmurları qarşılarındakı gəncin bilik və bacarığından Türkiyənin mənafeyi üçün istifadə etmək qətiyyən maraqlandırmırdı. Sadəcə, Rusiyada təhsil aldığı üçün ona yad, yabançı nəzərlərlə baxır və çəkinmədən üzünə deyirdilər: “Bizim nəyimizə gərəkdir ki, siz rus məktəblərində yunan və latınca oxumusunuz və bütün ülumi-riyaziyyə və hikəmiyyənin istilahatını rusca, ya firəngcə öyrənmişsiniz? Tarixlərdən rus tarixini müfəssəl öyrənib sair tarixlərə də rus gözü ilə, ölü və əski nəzəri ilə baxmısınız? Rus və slav dillərinə bir ədibi-kamil kəsilmisiniz və s.”
Nə qədər qəribə görünsə də, universitet təhsili almış Əli bəy Hüseynzadə Əsgəri Tibbiyyəyə daxil olmaq üçün orta məktəb proqramı üzrə imtahan verib müvafiq şəhadətnamə almalı idi. Əlbəttə, hər şeyə arxa çevirib ziyanın yarısından qayıtmaq olardı. Yaxud bilik və bacarığına uyğun başqa bir iş tapa bilərdi. O isə heç vəhclə istək və inadından dönmək istəmirdi. Həmin günləri aradan on beş il keçəndən sonra belə xatırlayırdı: “Lakin maneələr, müşküllər artdıqca mənim də əzm və səbatım artır, təsmim və qərarım qəviləşirdi. Kamal bəy (vətənpərvər türk ədibi Namiq Kamal nəzərdə tutulur – V.Q.) mərhum demişdir ki, “Dönərsəm, kahbeyim millət yolunda bir əzimətdən!”. Mən də diyordum ki, “Dönərsəm, kahbeyim məktəb yolunda bir əzimətdən!”.
Bu hisslərin təsiri altında kitabçı dükanlarının yerləşdiyi Babi-Ali küçəsinə gedib Edadiyyə məktəbi sınaqlarından keçmək üçün lazımi kitabları əldə etmişdi. Bir ay hazırlaşdıqdan sonra biri-birinin ardınca imtahanları uğurla vermişdi. Lakin Osmanlı tarixindən olan sonuncu imtahan ərəfəsində qarşısına yeni sürpriz çıxarmışdılar. Məlum olmuşdu ki, digər ölkələrin təbəələri Osmanlı ali məktəblərinə, özəlliklə də hərbi istiqamətli təhsil ocaqlarına daxil ola bilməzlər. Bunun üçün ya xüsusi icazə verilməli, ya da həmin şəxs Osmanlı təbəəsi statusu almalıdır. Əks-təqdirdə ən uğurlu imtahanın da heç bir əhəmiyyəti olmayacaq.
“Bunun üzərinə işimizi-gücümüzü tərk edib başladıq qapı-qapı dolaşmağa. Nəhayət, min bir bəla ilə iki-üç həftədən sonra lazım gələn müsaidənaməni ala bildim. Alınca həmən tarixi-Osmanidən bila mane imtahan üçün Məktəbi-Hərbiyyəyə getdim. Lakin burada artıq məni tanımaq istəmədilər. Dedilər ki, siz kimsiniz? Dedim ki, “Rusiya darülfünunu ikmali-təhsil etdikdən sonra İstanbul Məktəbi-Tibbiyyəsinə qəbul olunmaq üçün keçənlərdə gəlib burada uzun-uzadıya mükəmməl imtahan vermiş bir tələbəyəm” – deyə 1890-cı il fevralın 3-də (köhnə tarixlə 22 teşrini-sani 1305-ci il) rəsmən Osmanlı təbəəliyini qəbul edən və bununla da bütün maneələri arxada qoyduğunu düşünən Əli bəy izahat vermişdi. Amma söylədiklərinin heç bir faydası olmamışdı.
Zamanında o, rus bürokratiyasından da az çəkməmişdi. Lakin klassik obrazları hələ bir neçə əsr əvvəl Füzulinin dahiyanə “Şikayətnamə”sində yaradılan Osmanlı məmurları bir çox məsələlərdə rus həmkarlarını suya susuz aparıb susuz gətirə bilərdilər. Əli bəyin “Həyat” qəzetində çap olunan xatirələrində də Füzuli şikayəti ilə yalnız ruhən deyil, həm də şəkil və məzmun etibarı ilə səsləşən bir sıra məqamlara təsadüf etmək mümkündür. Ona görə də, sitatın uzunluğuna baxmayaraq “Nümunə məktəbi” yazısından bir parçanı aşağıda gətirirəm:
“Dedilər, biz zənn etdik ki, bu qədər müddət ərzində siz artıq müsaidənamə alamadınız, binaənəleyh yaxamızdan əl çəkdiniz, böylə bir zəndə buunduğumuz üçün əvraqi-imtahaniyyəniz qeyb edildi. Bu səbəbdən sair ülum və fünundan müvəffəqiyyətlə imtahan verib-vermədiyiniz məlum deyildir”. Cəvabən dedim ki, müəllimlərin cümləsi imtahan vermiş olduğumu xatırlarlar və şəhadət edərlər”.
Dedilər ki, “Əvraqi-rəsmiyyə zail edilmiş olduqdan sonra müəllimlər şəhadət də etmiş olsalar, hökmü olmaz, iş nizama müğayir olur.
Dedim: “Nə etməlidir?” “Dedilər ki, nazir paşaya çıxıb hal və vəziyyəti anlatmalısınız”. Biz də oylə etdik. Nazir paşanın hüzuruna çıxıb macərayı olduğu kimi hekayə etdik. Nazir paşa xoş müamiləli, nəzakətli və məlumatlı bir adama bənziyordu. Dedi ki, “oğlum, nə edəlim? Əvraqi-imtahaniyyəni zail etmişlərdir”. Dedim: “Zərəri yoxdur, yeni başdan imtahan verməyə qabiləm”.
Bu sözlərə qarşı paşa dedi ki, “Siz imtahan verməyə qabil isəniz də mən Hərbiyyə müəllimlərini yenidən sizi imtahana məcbur etməyə qabil deyiləm, çünki imtahan mövsümü xitam buldu. Binaənəleyh gələcək sənəyə qədər gözləyib o zaman buraya təşrif edər və yeni başdan imtahan verə bilərsiniz”.
Dedim: “Paşa həzrətləri, bu haqqımda böyük zülm oldu. Bunca aylardan bəri səy və qeyrət etdim, əməklərim boşa getdi. Bir də gələcək sənəyə qədər bəkləyib şayəd o vaxt da imtahanlarım bir komediyayi-faciəyə münqəlib olursa büsbütün pərişan olub həm əməklərim badə gedər, həm cibimdəki beş-on lirə də boş yerə sərf edilmiş olur. Bən üç-dörd aydan bəri ev kirəsi veriyorum. Bedava da yiyib-içmiyorum. Bunlar həp para ilə oluyor. Bir də siz istiyorsunuz ki, bu hallar bir sənə də davam etsin? Hayır, hayır, bu zülmdür!”
Təsadüfən nazirin qəbul otağında olan müəllimlərdən biri Əli bəyi tanımış, onun imtahanları parlaq şəkildə verdiyini bildirmiş və belə gənclərin Türkiyə üçün böyük qazanc olduğunu söyləmişdi. Bu sözləri eşidən nazir Əli bəyə kömək etmək qərarına gəlmişdi. Kömək isə onun artıq imtahan yolu ilə tələbəsi adını qazandığı Əsgəri Tibbiyyəyə qeyd-şərtsiz qəbulundan yox, yenidən Edadiyyə məktəbinin imtahanlarına buraxılmasından ibarət idi…
Beləliklə, Əli bəy ikinci dəfə Osmanlı tarixi də daxil olmaqla orta məktəb proqramı üzrə bütün imtahanları vermişdi. Artıq arzusunun gerçəkləşməsi yolunda heç bir maneənin qalmadığını düşündüyü zaman ən gülməli arqumenti eşitməli olmuşdu: Rüşdiyyə (orta təhsilin birinci pilləsi, inqilabdan əvvəlki rus təhsil sistemində təxminən progimnaziya səviyyəsinə uyğun idi – V.Q.) siniflərini keçməyən bir öyrənci Edadiyyə proqramı üzrə imtahan verə bilməzmiş!
Yenə də “Şikayətnamə”ni xatırladan başqa bir dialoq meydana çıxmışdı:
“- Əfəndim, Edadiyyə dərslərindən imtahanlarda göstərmiş olduğum rüsuh və məlumat Rüşdiyyə dərslərinə daha layiqi ilə vaqif bulunduğumu isbat etmirmi?
– Əfəndi, şübhəsiz, isbat edir. Ancaq nə edəlim? Ağıl və məntiq bir bəhisdir. Nizami-dövlət bir ayrı bəhisdir. Biz nizam quluyuz, nizamın xaricinə çıxamayız”.
Sonda vəziyyətdən çıxış yolunu Əli bəy özü göstərmişdi. Tələb etmişdi ki, əvvəla ikinci Edadiyyə imtahanlarından uğurla çıxması barəsində ona müəllimlərin imzası ilə möhürlü şəhadətnamə verilsin və bu yolla da sənədlərin itirilməsi bəhanəsinin qarşısı alınsın. İkincisi isə, sonradan ibtidai məktəb proqramı üzrə imtahandan keçmədiyi ilə bağlı iddianın irəli sürülməməsi üçün ibtidai məktəb və Rüşdiyyə imtahanları birləşdirilsin. Rəhbərlik bu şərtləri qəbul etməli olmuşdu. Nəticədə, nə qədər gülməli görünsə də, Peterburq universitetinin məzunu yuxarıdan aşağıya türk məktəbinin bütün pillələri üzrə imtahanları verdikdən sonra Əsgəri Tibbiyyənin tələbələri sırasına qoşulmaq hüququ qazanmışdı.
İkinci tələbəlik həyatına başladıqdan az sonra Əli bəy Hüseynzadə anlamışdı ki, Rusiyada olduğu kimi Osmanlı imperiyasında da mütləqiyyət hakimiyyətinin qorxduğu, ehtiyat etdiyi başlıca qüvvələrdən biri tələbə hərəkatı, ali məktəblərdir. Səbəb isə eyni idi: “Çünki orası fikri oyanan cocuqların ictimagahı, əfkari-şəbbeyi-münəvvərənin mihrakıdır (hərəkətverici qüvvəsi – V.Q.). Dövlət, dövləti-müstəbidə istər ki, heç böylə mihraklar vücudə gəlməsin. Lakin nə çarə ki, bunlarsız olamıyor, bunlara ihtiyaci-azim vardır”.
“Höküməti-mütləqa üçün məktəb açmaq bir bəla, açmamaq da bir bəladır, – deyə Əli bəy daha sonra fikrinə davam edərək yazırdı: – Osmanlı dövləti işin qolayını bulmuşdur: açdığı məkatibi-aliyyəyi qalın qılaf və zırhlarla bürüməyə, mətin və yüksək divarlarla əhatəyə qərar verib bunların xariclə, xaricdəki camaatla əlaqələrini bilkülliyə qət etmişdir. Bu səbəbdəndir ki, İstanbula gələn bir səyyah nəzəri-üladə zənn edər ki, İstanbulda tələbə yoxdur, çünki tələbəyə bir yerdə rast gələməz, onlarla görüşəməz, görüşsə də çox çətinliklə görüşür”.
Həmin qadağalar Əsgəri Tibbiyyədə daha sərt və ardıcıl həyata keçirilirdi. Tələbələrin ətraf aləmlə əlaqələri demək olar ki, kəsilmişdi. Onlar həqiqi hərbi xidmət keçən əsgərlər kimi tam bir qışla rejimində yaşayırdılar. Ünsiyyət imkanları son dərəcə məhdud idi. Dərsdən kənar məşğələ və mütaliələri xüsusi nəzarət altına alınmışdı. Əli bəy xatırlayırdı: “Tələbənin cümləsi daxili, yəni məktəb daxilində yatıb-durmağa məcbur oldular. Bunlar ancaq cümə günləri, həftədə bir dəfə, o da düz evlərinə getmək şərti ilə məktəbdən çıxa bilirlərdi. İş bu qədərlə də qalmadı. Qəzetələrin, hətta “Sabah”, “İqdam” kimi İstanbulun özündə çıxan ən zərərsiz (İstanbul nəzərində ən zərərsiz) Osmanlı qəzetələrinin məktəbə dühulu qadağan edildi. Hərhangi bir tələbənin əlində bir qəzetə görülsə, o tələbə həftələrcə zindana atılırdı. “Əfəndim, tələbəyə qəzetə nə lazımdır, qəzetə oxuyunca öz həkim kitablarını mütaliə etsin”. Tələbəlik etmiş olduğum Peterburq universitetində hər növ qəzetə, məcmuə və həvadislə dolu, tələbəyə məxsus vasi qiraətxanayi xatırladıqca, bana bu hallar fövqəladə qərib görünüyordu. Lakin bunlar həp tədabiri-istibdadiyyədən olan qılaf və məhfəzələrin nəticələri idi!”
Lakin bütün bu çətinlik və məhdudiyyətlərə baxmayaraq İstanbulda, türk dilində ali tibb təhsili almaq, bütün fərqlilik və müxtəliflikləri ilə türk stixiyasında yaşamaq Əli bəyin öz seçimi idi. Odur ki, hər şeyə mətanətlə dözürdü.
Eyni zamanda Peterburqda, zəngin ənənələrə malik oturuşmuş universitetdə təhsil görmüş ziyalı kimi Osmanlı ali məktəblərinin də tədrisin keyfiyyəti və maddi-texniki təminatı baxımından Avropa, heç olmazsa, Rusiya səviyyəsinə yüksəldilməsinin zəruriliyini hər vasitə ilə anlatmağa, təşviq etməyə çalışırdı. Tələbələri sırasında yer aldığı Əsgəri Tibbiyyə “Tibbxanə və Cərrahxaneyi-Amirə” adı altında 1827-ci ildə, II Sultan Mahmudun fərmanı ilə təsis edilmişdi. Osmanlı tarixində islahatlar dövrünün başlanğıcı sayılan 1839-cu ildə bu xüsusi tədris müəssisəsinin adı dəyişdirilib “Məktəbi-Tibbiyyey-Əsgəriyyeyi-Şahanə”, yəni İmperator Hərbi Tibb Akademiyası qoyulmuşdu.
Əli bəy Hüseynzadə, təhsil illərində heç şübhəsiz, Əsgəri Tibbiyyənin ən parlaq tələbələrindən biri sayılmalı idi. O, yüksək intellektinə, ensiklopedik biliklərinə görə nəinki həmyaşıd olduğu gələcək hərbi həkimləri, həm də bir çox müəllim və professorları da qabaqlayırdı. Yusif Akçura ilk dəfə “Türk yurdu” məcmuəsində, sonralar isə “Türkçülüyün tarixi” kitabında çap etdirdiyi “Hüseynzadə Əli bəy” oçerkində azərbaycanlı gəncin Əsgəri Tibbiyyə tələbələri üzərindəki böyük təsirindən söz açaraq yazırdı:
“Onun gəlişi təzə və xoş qoxulu bir Avropa havasının əsməsi kimi oldu. Tələbəsinin çoxu Anadolu və Rumelinin uzaq, qaranlıq vilayətlərindən toplanmış bu məktəbdə Əli bəy bir quzey günəşi kimi parladı… Yunan və latın ədəbiyyatına aşina olmaqdan başqa alman, rus, ingilis ədiblərini xeyli gözdən keçirmiş, Şərq ədəbiyyatını şərqşünaslar səviyyəsində öyrənmişdi. Üstəlik, rəssamdı və kaman çalırdı. Yoldaşlarının hamısı əski dövr ədiblərinin ad və rəsmlərini ancaq “Kiçik Larousse” (fransız ensiklopedik lüğətidir – V.Q.) vasitəsi ilə bilirdilər. Rus fikir və ədəbiyyatına tamamən yabançı idilər. Çoxunun Qərb fikir və ədəbiyyatına bələdliyi də ancaq fransız qramer və lektorlarında hecalanan parçalara dayanırdı. Əli bəy İstanbul Tibbiyyə məktəbinə Qərb fikirlərini, Qərb irfan və mədəniyyətini, qısası, Qərbi tanıtmaqda professorlardan çox xidmət etdi. Yoldaşlarından doktor Abdulla Cövdət bəy Əli bəyin Tibbiyyə Məktəbindəki təsirini belə izah edir: “Əli bəy səssiz və düşünür halı ilə, əsrarəngiz təsiredici öyüdləri ilə üzərimizdə bir peyğəmbər təsiri buraxırdı. Əvət, o bir rəsuli-həqq idi”.
Təbii ki, Əsgəri Tibbiyyə müdavimlərinin şəksiz mənəvi lideri statusu qazanan Əli bəy məktəbdə hökm sürən dözülməz şəraitə biganə qala bilməzdi. Sultanın adı ilə bağlı olan bu elitar təhsil ocağında isə vəziyyət həqiqətən çox bərbad idi. Həm də söhbət yalnız sərt polis rejiminin qurulmasından, yadfikirliliyin hər hansı təzahürünün qarşısının yerindəcə alınmasından getmirdi.
Tələbələrin yaşadığı şərait və təhsilin səviyyəsi ortaya bir sıra cavabsız suallar çıxarırdı. Məsələn, akademiya statuslu təhsil ocağında yalnız bir mikroskop vardı. Ona görə də müəllim və tələbələr hər hansı təcrübə qoymaq üçün günlərlə gözləməli olurdular. Məktəbin damı uçmuşdu, yeməkxana bərbad vəziyyətdə idi. Hər yerdə antisanitariya və natəmizlik hökm sürürdü. Daxili qaydalara əməl olunmurdu. Ən kiçik narazılıqların da qarşısı sərt şəkildə alınırdı.
Bütün bunları dəfələrlə müşahidə edən, həm də vaxtı ilə tələbəsi olmaq üçün can atdığı məktəbin acınacaqlı vəziyyətindən üzülən Əli bəy heç nəyə baxmayaraq etiraz səsini qaldırmaq, eybəcər vəziyyəti ictimailəşdirmək qərarına gəlmişdi. Belə hallarda şeir dilinin daha təsirli və yüyürək olduğunu göz önünə gətirərək Azərbaycan ədəbiyyatında geniş yayılmış həcvdən – satirik ünsürlərin aparıcı rol oynadığı poetik şəkildən istifadəni daha üstün tutmuşdu. “Əski Tibbiyyə” adı ilə tanınan və yayılan həcv belə meydana çıxmışdı.
XIX əsrin sonu türk poeziyasında satirik şeirin tanınmış nümayəndələrindən olan şair Əşrəfə müraciətlə başlayan həcvdə Əsgəri Tibbiyyədəki mövcud vəziyyətin onun yaradıcılığına geniş mövzu imkanları açdığını vurğulayan Əli bəy daha sonra məktəbdəki nöqsan və çatışmazlıqları məsxərəçi bir dillə tənqid etmişdi. Həm də yalnız məsxərə ilə kifayətlənməmişdi. Türkiyədə dillər əzbəri olan “Bu yerdə bil ki, hürriyyət əsarətdən ibarətdir, Maarif nuru yoxdur, nur zülmətdən ibarətdir” misraları ilə baltanı kökündən vuraraq II Əbdülhəmid hakimiyyətinin əsl mahiyyətini ortaya qoymuşdu.
1893-cü ildə yazıldığı ehtimal olunan həcv Əsgəri Tibbiyyə tələbələri arasında son dərəcə böyük populyarlıq qazanmış, əl-əl gəzmişdi. Sonda məktəb rəhbərliyini narahat edən əsərin nüsxəsi tələbələrdən birində tapılmış, yalnız bundan sonra həqiqi müəllifin kimliyini müəyyən etmək mümkün olmuşdu. Əli bəy və həmin tələbə bir neçə günü qaupvaxtda keçirmişdilər.
Əli bəy Hüseynzadənin həcvi Türkiyədə ilk dəfə 1912-ci ildə (hicri tarixlə 1328-ci il) Riza Təhsinin “Mirati-Məktəbi-Tibbiyyə” kitabında (II cild, səh. 267-269), daha sonra isə İstanbul Darülfünunun tibb bölümündə onun tələbələrindən olan doktor Vəli Behcət Qurdoğlunun “Şair təbiblər” kitabında, “Hüseynzadə Ali Turan” oçerkinin (İstanbul, 1967, s. 283-289) içərisində çap edilmişdir. Nəhayət, Əli bəy Hüseynzadə irsinin Türkiyədəki tanınmış tədqiqatçısı professor Əli Heydər Bayat da adı çəkilən həcvi öz kitabına (Hüseynzadə Əli bəy. Atatürk Kültür Mərkəzi yayınları. Ankara 1998, səh. 101-102) daxil etmişdir.
Aşağıda “Şair təbiblər” kitabından götürdüyümüz mətni təqdim edirik:
Gəl ey Əşrəf1, bu məktəbdə sən et icrayi-təhqiqat,
Hesabsız anda mümkündür sənə yazmaq rübaiyyat.
Neçə yıldır nəyi gördümsə, bən ancaq eylədim fəryad:
“Betəng əz suhtən aməd, dimağem dad əz in halat”2.
Bizim məktəbdə dam yoxdur, bütün məruz baranə3
Koğuşta4 yatmağa mütləq çadır lazımdır insanə
Yarar bəlkə duşa, bilməm tədaviye bu viranə
“Betəng əz suhtən aməd, dimağem dad əz in halat”
Cahanı xeyli gəzdim görmədim bundan daha agrəb5
Axur gördüm bəyənməz heç nə bir beygir6, nə bir mərkəb7
Nə bu? – sordum. Cavab aldım: tənəffüsxaneyi- məktəb
“Betəng əz suhtən aməd, dimağem dad əz in halat”
Bizim Bastil’də8 ümmidi təmamən səhhətindən kəs
Yer altında, qaranlıqda, rütubətdə yatar hər kəs
Görüb “Sərvət”9 yazar:
məktəbdə son sistemdə bir məhbəs
“Betəng əz suhten aməd, dimağem dad əz in halat”
Mugaayir həp şu məktəbdə əvamir10 məntiqə bəncə
Nədən olsun yasaq məktəbliyə hər türlü əyləncə?
Nə məna ihtiyar ol əmrini verməkdə hər gəncə?
“Betəng əz suhtən aməd, dilem feryad əz in halat”
Təam vaxtında şagirdan iki saat düzülməkdə,
Yemək olmaqda buz, üstdən de mikroblar tökülməkdə,
Nasıl bilməm ki, sonra ol yeməklər həzm edilməkdə?
“Betəng əz suhtən aməd, dimağem dad əz in halat”
Basiller11 çin gözəl kültür yeri olmuş yeməkhanə
Anın üstünde meslulin12 olur yanlar ədəbhanə13
Nasıl fəryad edilməz kim ba
na derlər bu əfsanə
“Betəng əz suhtən aməd, dilem fəryad əz in halat”
Gıda aldınsa baqqaldan həmən dəf et mukayyılə14
Sakın “Eczacı” dan alma, mukayyıyi həzər eylə
Gedib yalnız bizim bir mətbəxə ətfi-nəzər eylə,
“Betəng əz suhtən aməd, dilem feryad əz in halat”
Düşüncən bir para etməz yeni bitmiş sərırıyat15
Məsarif çün əcəb kaç bin lirə göstərdi inşaat
Nolurdu bən də inşaatda olsaydım böyük bir zat
“Betəng əz suhtən aməd, dimağem dad əz in halat”
Nəbatat baxçası bir tarla olmuşdur mugaylan’ə16
Latınca yaftalar17 boşda durur bəklər yetimanə
Araşdırsan bunun sirrin sürərlər bəlkə Fizan’ə18
“Betəng əz suhtən aməd, dimağem dad əz in halat”
Bizə mikroskop əlzəmdir nasıl ki, topçuya bir top
Bana derlər ki doktorluq edərmi görməyən mikrob?
Bizim məktəbdə bilməzlər görünməz bəlkə mikroskop
“Betəng əz suhtən aməd, dilem feryad əz in halat
Diyorlar ki, edilmişdir bu hallar ərz sultana
Yeni məktəb yapılsın var irade əmr-i Şahanə
Əlan19 yox ortada bir şey səbəb təxirə aya nə?
“Betəng əz suhtən aməd, dimağem dad əz in halat”
Bu yerdə bil ki, hürriyyət əsarətdən ibarətdir,
Maarif nuru yoxdur, nur zülmətdən ibarətdir,
Tərəqqi eyləmək maziyə ricətdən ibarətdir,
“Betəng əz suhtən aməd, dilem fəryad əz in halat”
P.S. Heç şübhəsiz, həcvdən xəbər tutan təhsil məmurları vaxtı ilə azərbaycanlı gəncin Tibbiyyəyə aparan yollarını bağlamaq üçün göstərdikləri səylərə görə öz uzaqgörənliklərindən məmnun qalmışdılar. Amma əslində, bu çox zəif təsəlli sayılmalıdır. Çünki etirazlar təkcə həcvlə bitməmişdi. Onların zamanında qarşısını ala bilmədikləri Əli bəy Hüseynzadə az müddətdən sonra Osmanlı imperiyasında sultan hakimiyyətinə ciddi təhlükə törədən siyasi simalardan birinə çevrilmişdi…
P.P.S. Bu həcvin meydana çıxmasından az sonra ən yüksək səviyyədə qəbul edilən bir qərarı təbii ki, sadəcə onun təsiri ilə əlaqələndirmək sadəlövhlük olardı. Lakin ədalət naminə qeyd etmək lazımdır ki, 1894-cü ildə II Sultan Əbdülhəmidin əmri ilə Əsgəri Tibbiyyə üçün İstanbulun Heydərpaşa səmtində Avropa memarlığı üslubunda indi Mərmərə Universitetinin tədris korpuslarından biri kimi istifadə olunan möhtəşəm binanın tikintisinə başlanmış və hərbi tibb akademiyası 1903-cü ildə həmin binaya köçmüşdü…
1 məşhur türk satirik şairi,
2 “Təngə gəldim, ürəyim bu haldan fəryad etdi” (farsca)
3 yağış
4 yataqxana
5 qəribə
6 ayğır
7 uzunqulaq
8 Fransada uzun müddət həbsxana kimi istifadə olunan Bastiliya qalası nəzərdə tutulur
9 “Sərvəti-fünun” məcmuəsi
10 əmrlər
11 basil çöpləri, geniş yayılmış mikrob növlərindən biri
12 milçək
13ayaqyolu, tualet
14 qeydə aldırmaq
15 xəstəyə baxılan yer, klinika
16 heyvanlar, vəhşilər
17 elan lövhələri
18 həmin dövrdə Osmanlı imperiyasının tərkibinə daxil olan indiki Liviyanın ucqar əyalətlərindən biri. Sultan hakimiyyətinə zidd fikirli şəxslər adətən ora sürgünə göndərilirdi
19 indi
Budapeşt
mart, 2014-cü il