“Joxovurd” :”Ermənistanın xarici ticarət dövriyyəsi 1 milyard dollar azalıb
Dövlət büdcəsi isə 2.5 milyard dollara çatmır
Ermənistan Milli Statistika Xidmətinin bu günlərdə nəşr etdirdiyi statistik məlumata görə, bu ölkənin xarici ticarət dövriyyəsi 2014-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard dollar azalıb.
Bu da onu deməyə əsas verir ki, bu il Ermənistanda istehlakçıların alıcılıq qabiliyyəti ötən illə müqayisədə 1 milyard dollar azalacaq. Ermənistanın “Joxovurd” nəşri yazır ki, ölkənin dövlət büdcəsi heç 2.5 milyard dolları da təşkil etmir:” Hər halda, göstərilən rəqəmlər ölkədəki real iqtisadi vəziyyəti əks etdirir və bu il Ermənistanda iqtisadi artım barədə söhbət belə, gedə bilməz. Ermənistan Milli Statistika Xidməti xüsusi olaraq əvvəlki illə müqayisədə ölkədəki iqtisadi fəallığın 3.1 faiz artıdığını göstərsə də, Ermənistandakı rəzil həyatı önə çəkməkdən yan keçir. Sual olunur, əgər belə bir iqtisadi fəallıq varsa, niyə ölkədəki müəssisələr, mağaza və kiosklar bir-birinin ardınca bağlanır? Niyə “iqtisadi cəhətdən inkişaf edən” ölkənin əhalisi xaricə axın edir?”
“Rusiyadan gətirdiyimiz pul yalnız kommunal xidmətlərin ödənişinə bəs edir”
Xatırladaq ki, bu gün Ermənistanın əksər sakinləri yaşayış tərzindən gileylidir. Ölkənin ağır-sosial iqtisadi böhrana yuvarlanmasını xalq daha çox hakimiyyətin yanlış siyasəti və ölkə məmurlarının xalqa laqeyd münasibəti, öz şəxsi biznes maraqlarına xidmət etmələri ilə əlaqələndirirlər. Xaricdən ianə və pul köçürmələri hesabına yaşayanlar isə daha çox rus rublunun qiymətdən düşməsindən pəjmürdə olublar. Belə ki, rublun qiymətdən düşməsi, Ermənsitanda demək olar ki, bütü əhaliyə təsirsiz ötüşməyib. «Birinci informasiya» saytının əməkdaşının İrəvan küçələrində keçirdiyi rəy sorğusunun əsas mövzusu rus rublunun qiymətdən düşməsinin Ermənistan vətəndaşlarına təsiri ilə bağlı olub. İrəvan sakinlərinn sözlərinə görə, Rusiya iqtisadiyyatında baş verən tənəzzül Ermənistanın ayrı-ayrı vətəndaşları ilə yanaşı, bütövlükdə Ermənistan iqtisadiyyatına da mənfi təsir göstərməkdədir. Ermənistan iqtisadiyyatının daha çox Rusiya iqtisadiyyatından asılı olduğunu bildirən yaşlı bir erməninin sözlərinə görə, Rusiyada min əzabla qazanılan pulları Ermənistanda yaşayan ailələrinə göndərsələr də burada artıq bu pulun heç bir dəyəri yoxdur: «Bizim ailəni saxlamaq üçün göndərdiyimiz pulları burada kommunal xidmət müqabilində Ermənistan dövlətinə verməyə məcburuq. Bu, biabırçılıqdan başqa bir şey deyil».
Edvard Militosyan:”Yazıçılar gündəlik ərzaq tələbatlarını ödəmək iqtidarında deyillər”
Qeyd edək ki, Ermənistandakı rəzil yaşam tərzi erməni yazıçılarının həyat şəraitindən də yan keçməyib. Ermənistan Yazıçılar Birliyinin sədri sözlərinə görə, bu gün Ermənistanda yaşayan erməni yazarların əksəriyyəti sosial problemlər içində itib-batıblar: «Bu gün Ermənistanın əksər yazarları əlverişsiz sosial şəraitdə yaşamağa məhkumdurlar. Onların bəziləri hətta gündəlik ərzaq tələbatını ödəmək iqtidarında deyillər. Lakin buna baxmayaraq, onların bir çoxu ölkəni tərk etməyiblər. Son dövrlər onlar xeyli kitab çap etdirsələr də, bu kitablara görə heç bir qonorar almayıblar».
Erməni deputatların, iş adamları və oliqarxların ədəbiyyata o qədər də maraq göstərmədiyini dilə gətirən Militosyan Yazıçılar Birliyi üzvlərinin problemlərinin həllində aciz olduqlarını etiraf etmək məcburiyyətində qalıb.