Romada “Şuşa qalası” klipinin təqdimatı keçirilib
İtaliyanın paytaxtı Roma şəhərindəki La Sapienza Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzində “Şuşa qalası” klipinin təqdimatı olub.
APA-nın məlumatına görə, klip Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə italyan dilində bu ölkənin tanınmış musiqiçiləri tərəfindən hazırlanıb.
Filmin rejissoru Nihad İsa, ssenari muəllifi jurnalist Səbuhi Məmmədlidir.
Tədbirdə çıxış edən Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının prezidenti, professor Daniel Pommier bildirib ki, tarixə nəzər saldıqda azadlıq uğrunda gedən mübarizədə xalqların şəhidlər verdiyinin şahidi oluruq. Azərbaycanın müstəqillik tarixi barədə artıq İtaliya ictimaiyyətinin də məlumatlı olduğunu bildirən D. Pommier 20 Yanvar gecəsi həyatını itirmiş insanların əziz xatirəsinin ehtiramla yad edib.
Azərbaycanın İtaliyadakı müvəqqəti işlər vəkili Vüqar Hacıyev bildirib ki, Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsi zamanı onlarla insan qətlə yetirilib, yüzlərlə insan isə yaralanıb. Bakıdakı bu faciə Azərbaycanda sovet rejiminin süqutunu daha da sürətləndirib, Azərbaycan xalqının Sovet İttifaqına qarşı dirəniş göstərən ən mübariz xalq olduğunu nümayiş etdirib.
Şuranın əməkdaşı Toğrul Məmmədli çıxış edərək azərbaycanlı tələbələrin xaricdə təhsil aldıqları universitetlərdə, iştirak etdikləri tədbirlərdə ölkə bağlı həqiqətləri, o cümlədən 20 Yanvar faciəsi haqqında məlumatları təbliğ etməkdə fəal olmağa çağırıb.
“Şuşa qalası” filminin rejissoru Nihad İsa, İtaliyadakı Rəqs Missiyası Assosiasiyasının prezidenti Raisa Salaxova çıxış edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Sonda “Şuşa qalası” filmi nümayiş olunub.