Ermənistanda mağazası partladılan şəxs deputatdan şübhələnir
İrəvanda naməlum cinayətkar partlayıcı qurğunun köməyi ilə geyim əşyaları mağazasının vitrinində partlayış törədib.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, hadisə səhər saatlarında baş verib.
Mağazanın sahiblərindən biri olan Susanna Ovenyan mağazada xəbərdarlıq cihazının səhər saat 07 radələrində işə düşdüyünü bildirib. Onun sözlərinə görə, hadisə yerinə gəldikdən sonra vitrinin dağıldığını və mağazanın daxilində isə partlayıcı qurğu olduğunu görüblər.
S. Ovenyan qeyd edib ki, bir neçə gün öncə naməlum şəxslər mağazanı qaz balonlarının köməyi ilə partlatmağa çalışıblar. O, hadisə ilə əlaqədar bir çox şəxsdən, o cümlədən hakim Respublika Partiyasından olan deputat Samvel Aleksanyandan şübhələnir.