Ermənistanda hakimiyyətin təzyiqi ilə daha bir qəzet bağlanıb
Gürcüstanda isə “Qolos Qruziya” radiostansiyasının təsisçisi Bidzina Kuçava intihar edib
Ermənistanda mətbuatın azad fəaliyyət göstərməsi üçün heç bir şərait yoxdur. Ölkədə hakimiyyətdə olan qüvvələr azad sözə, mətbuata qarşı repressiya aparatından aktiv şəkildə istifadə edirlər. Elə “Üçüncü Qüvvə” qəzetinin bağlanması da bu qəbildəndir.
“Lragir” nəşri yazır ki, müstəqil mətbuat orqan sayılan bu qəzetin bağlanmasının əsl mahiyyəti Ermənistan üçün biabırçı məqamla bağlıdır. Belə ki, qəzet elə üçüncü ölkələrin, xarici qüvvələrlə razılaşdırılaraq bağlanıb. Dövlət orqanları heç bir xəbərdarlıq etmədən qəzetin bank hesablarına həbs qoyaraq bütün maliyyə sənədlərini müsadirə edib. Bu səbəbdən qəzet fəaliyyətini dayandırmağa məcbur olub. Ermənistanın dövlət strukturları və separatçı Qarabağ qüvvələrinin xarici dairələrlə birlikdə koordinasiyalı fəaliyyət nəticəsində “Üçüncü Qüvvə” nəşrinin baş redaktoru Vaqram Ağacanyan və onun ailəsinə qarşı geniş böhtan kampaniyası həyata keçirilir. “Lragir” yazır ki, İrəvan bu məsələni üç ölkə nümayəndələri ilə razılaşdırıb. Məqsəd Avropa, Amerika və Rusiyadakı qüvvələrin və hüquq müdafiə təşkilatlarının mümkün etirazlarını neytrallaşdırmaqdır. Ermənistan rəhbərliyi səviyyəsində koordinasiya edilən bu fəaliyyət nəticəsində minimum 3 xarici dövlətlə müvafiq danışıqlar aparılıb. Qəzetin baş redaktoruna qarşı son kampaniya yazdığı məqalə ilə bağlıdır. Onun son məqaləsində separatçı Qarabağ rejiminin müəllimlərə qarşı alçaldıcı münasibətindən, onların maaşlarının kəsilməsindən, sosial ödəmələri mənimsəməsindən bəhs edilir. “Lragir” yazır: “Qeyd edilən pozuntuları düzəltmək əvəzinə “DQR” adlı dağınıq feodal qurum qəzeti bağlamaq üçün redaktora qarşı təzyiq kampaniyasına başladı. Bundan sonra Ermənistanın dövlət mətbu orqanlarının rəhbərləri Ağacanyana telefon zəngləri edərək nəyə görə Qarabağda yaşayan təqaüdçülər və müəllimləri müdafiə etməsinin səbəbini soruşublar. Hətta dövlət radiosunda çalışan Bella Aloyan baş redaktorun bacısına bildirib ki, onun qardaşının yazdığı məqalə İrəvan və Bakı mediasında yer alacaq və bu da Qarabağdakı qüvvələrdə təlaş yaradır. Bundan sonra Ermənistanın dövlət mətbuat orqanlarında Ağacanyan və onun rəhbərlik etdiyi qəzetə qarşı kampaniyaya start verildi. “Yuxarıdan” verilən göstərişdən sonra “Üçüncü Qüvvə” qəzeti satışdan çıxarıldı. Bəzi köşklərdə isə qəzetin qiymətini qəsdən artırdılar ki, satış aşağı düşsün. Televiziyalarda qəzetlərin icmalı ilə bağlı proqramlardan da “Üçüncü Qüvvə”nin adı xaric edildi. Qəzetin bağlanmasına nail olan İrəvan hakimiyyəti xarici təsirləri neytrallaşdırmaq üçün dezinformasiya kampaniyasına start verib. Fransanın “Le Mond” nəşri bununla bağlı Sərkisyan hakimiyyətini tənqid edən məqalə çap edib. İnternet mediasında da geniş kampaniya aparılır ki, Ermənistanda müstəqil media orqanının bağlanması faktı ört-basdır edilsin. Ermənistan hakimiyyəti müstəqil jurnalistlərin fəaliyyətinə imkan vermir. Onlar bununla çalışırlar ki, ya baş redaktor fəaliyyətinə birdəfəlik son versin, ya da ölkə xaricinə qaçsın. Onsuz da Ermənistanda bir çox jurnalist izlənmə və həbs qorxusundan ölkə xaricinə qaçmağa məcbur olub. Amma Ağacanyan bütün təzyiqlərə, açılan cinayət işlərinə rəğmən Qarabağı tərk etmək fikrində deyil. Ermənistan hakimiyyətinin kriminal azğınlığının nə qədər davam edəcəyi bəlli deyil”. Digər qonşumuz Gürcüstanda da KİV sahəsində vəziyyət ürəkaçan deyil. “Vestnik Kafkaza” xəbər verir ki , “Qolos Qruziya” radiostansiyasının təsisçisi Bidzina Kuçava intihar edib. O, prokuror Vaxtanq Kiriyanın ölümündə əsas şübhəli hesab edilirdi. Qeyd edilir ki, Kuçava başqa çıxış yolu tapa bilmədiyi üçün intihar edib. Həm Ermənistanda, həm də Gürcüstanda mətbuatla bağlı kifayət qədər belə faktlara rast gəlmək mümkündür. Amma, nədənsə, bu ölkələrdə azad sözə, azad mətbuata qarşı aparılan bu kampaniyalar bəzi beynəlxalq təşkilatlar tərəfindən diqqətə alınmır. Onların hazırladığı hesabatlara diqqət edəndə Gürcüstan tam azad ölkə, işğalçı, kriminal Ermənistan isə qismən azad ölkə kimi qeyd edilir… Amma bu faktların heç birinin olmadığı Azərbaycana isə qərəzli münasibət ortaya qoyulur. Ölkəmizdə dövlət tərəfindən azad söz, azad mətbuatın inkişafı üçün bir çox layihələr həyata keçirilir. Dövlət mətbuatın inkişafındakı marağını KİV-ə yardım edən fond yaratmaqla ortaya qoyur. Amma hesabatlar hazırlananda ikili standart mexanizmi işə düşür. İşğalçı Ermənistanda azad mətbuatın fəaliyyətinə heç bir imkan verilmir. Jurnalistlər başlarını götürüb ölkədən qaçırlar. Gürcüstanda “Rustavi” kanalı ilə bağlı yaşananlar lap yaxın zamanlarda olub və bu kanalın başına gətirilən oyun hesabatlarda “azad ölkə” kimi qeyd edilən qonşu ölkədə mətbuatın necə “azad və müstəqil” olduğunu anlamaq üçün yetərlidir.