Əmanətlərdən gəlir vergisi tutulmayacaq
Bu ilin fevralın 1-dən etibarən əhalinin əmanətlərindən gəlir vergisi tutulmayacaq. BunuMərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan əhalisinin əmanətlərinin ümumi həcmi 9,3 milyard manat təşkil edir ki, bu əmanətlər üzrə dividentlər isə 93 milyona çatır.
E. Rüstəmov bildirib ki, indiki dövrdə əhalinin əmanətləri əhalinin ən mühüm qazanc mənbələrindən biridir və statistikaya görə, Azərbaycan əhalisi il ərzində əmanətlərdən 500 milyon əldə edir. "Bildiyiniz kimi, əhalinin əmanətlərindən vergi tutulması məsələsi güzəşti 2015-ci ilə qədər qüvvədə idi. 2015-ci ildə bu güzəşt ləğv olunub və artıq bu güzəşt yenidən tətbiq olunmağa başlayacaq. Bu da rezident və qeyri-rezident əmanətçiləri əhatə edəcək. Bu vəsait dövlət büdcəsi hesabına əhaliyə geri qaytarılacaq".
Mərkəzi Bankın rəsmisi qeyd edib ki, Azərbaycanda 6 milyon 600 min əmanətçinin hamısının əmanətləri tam sığortalanacaq. Onun sözlərinə görə, bu, çox ciddi, həm də dövlət başçısının xalqın maraqlarının təmin olunması baxımından atdığı bir addımdır.
İclasda "Əmanətlərin tam sığortalanması haqqında" yeni qanun layihəsinin müzakirəsi aparılır.