Qarabağda mümkün müharibə ssenariləri – Rusiyadan daha bir TƏHLÜKƏLİ PROQNOZ
“Dağlıq Qarabağ münaqişəsi Qafqaz üçün təhlükəli partlayış olaraq qalır”.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri yazır.
Nəşr qeyd edir ki, münaqişə 2016-cı ilə heç bir güzəştin olmadığı situasiya ilə daxil oldu: “Qarabağda münaqişənin kəskinləşməsindən həm Rusiya, həm də Qərb ehtiyat edir. Digər tərəfdən, İran kimi regional güclər münaqişə bölgəsində onlar olmadan sülh kontingentinin daxil olmasından narahatdırlar. Hazırda Türkiyə-Azərbaycan, Rusiya-Ermənistan birliyi fonunda Rusiya-Türkiyə qarşıdurması Qarabağda müharibə riskini artırır”.
“Kommersant” qeyd edir ki, Qarabağda müharibənin başlaması Rusiya üçün yaxşı heç nə vəd etmir.
“Birincisi, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri arasında Ermənistana hərbi-siyasi dəstəyin verilməsi haqda fikir ayrılığı var və müharibə olacağı təqdirdə, bu fikir ayrılığı həmin qurumların perspektivini də təhlükə altına qoya bilər. İkincisi, Rusiya və Azərbaycan arasında mövcud münasibətlər kəskinləşə bilər. Üçüncüsü, münaqişənin sülh yolu ilə həllində Rusiyanın beynəlxalq missiyasını zədələyə bilər. Bu da Rusiyanın münaqişəyə təsirini əhəmiyyətli dərəcədə azaldacaq”, – deyə məqalədə vurğulanır.
Nəşr əlavə edir ki, münaqişə zonasında neqativ ssenari iki şəraitdə yaşana bilər: “Birincisi, Rusiya-Türkiyə qarşıdurmasının dərinləşməsi, ikincisi kiçik toqquşmaların qar topası kimi böyüyüb müharibəyə səbəb olması”.