Prezident müəllimlərin, həkimlərin, polislərin maaşını artırdı
Azərbaycan Prezidenti İlham Əliyev müəllimlərin, həkimlərin, polislərin maaşını artırıb.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Müəllimlərlə bağlı sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilən aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
***
Ölkə başçısının digər sərəncamı ilə səhiyyə müəssisələrində çalışan işçilərin əmək haqları 10 faiz artırılıb.
Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
dövlət başçısı sənədi Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə imzalayıb.
Sərəncamla Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılır.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.