Bayram Səfərov: “Ağılları varsa, o işlərlə məşğul olmasınlar” – MÜSAHİBƏ
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Modern.az saytının suallarını cavablandırıb.
– Bayram müəllim, artıq 2016-cı ildir. Bu günə kimi Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqları necə qiymətləndirirsiniz?
– Ötən illər ərzində beynəlxalq aləm bu məsələyə laqeyd münasibət sərgiləyib. Hər zaman ədalətli davranmaqdan uzaq olublar. Ona görə də deyə bilərəm ki, qarabağlılar və öz adımdan cənab prezidentin atdığı addımları, keçirdiyi görüşləri dəstəkləyirəm.
– Azərbaycanın işğal altındakı ərazilərinə qeyri-qanuni şəkildə investisiyalar yatırılır. Digər məsələlərdə olduğu kimi, investisiya məsələsində də beynəlxalq yanaşma kobudluq nümayiş etdirir. Qarabağın Azərbaycanlı İcması olaraq bununla bağlı hər hansı müraciət hazırlanırmı?
– Təbii ki, bu proseslər qeyri-qanuni yolla həyata keçirilir. Ağılları varsa, qeyri-qanuni işlərlə məşğul olmasınlar. Qanunsuz məsələlər ləğv edilməlidir. Beynəlxalq hüquq bu məsələdə bitərəf mövqeyindən əl çəkib, ədalətli olmalıdır. Ona görə də qanunsuz formada işğal altındakı ərazilərə yatırılan investisiyalarla bağlı harasa müraciət etməyi düşünmürəm. Çünki beynəlxalq hüquq məsələyə ədalətli yanaşmır. Beynəlxalq təşkilatlarda ədalətli yanaşmanı görmürəm. Ona görə də bütün ümidləri Azərbaycan xalqında, Azərbaycan əsgərində və Azərbaycanın lideri cənab prezidentdə görürəm. Ümidimiz ancaq onlardır.
– Beynəlxalq aləmdə iqtisadi-siyasi gərginlik davam edir. Bu gərginliyin fonunda Dağlıq Qarabağ münaqişəsinin taleyi necə olacaq?
– Beynəlxalq aləmdə vəziyyət qənaətbəxş deyil. Dövlətlər arasında gərginlik yaşanmaqda davam edir. Dünyada müharibələr səngimir. İndi də Qərbin İrana tətbiq etdiyi sanksiyalar ortadan götürülüb. Düşünürəm ki, siyasətdə mövcud olan ədalətsizliklər də aradan götürülsə, yaxşı olar. Siyasət məsələlərə obyektiv yanaşmasa, qərəzli olsa, siyasi proseslərin uğur qazanması mümkünsüz olacaq. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həll yolunu Azərbaycan xalqı, Azərbaycan əsgəri və Azərbaycan prezidentində görürəm. Hər birimiz dövlət başçısının ətrafında sıx birləşməliyik.
– 2016-cı ildə Dağlıq Qarabağın azərbaycan icması ilə erməni icmasının görüşü gözlənilirmi?
– Erməni icması Azərbaycan icmasından qorxur. Bu səbəbdən də görüşlərdən imtina edirlər. Nə qədər ki, bugünkü Ermənistan hakimiyyəti mövcuddur, bir o qədər də icmaların görüşünə əngəl yaradılacaq. Çünki erməni icması Azərbaycan icması ilə bir araya gəlib görüşsə, sadə ermənilər, Azərbaycanın çörəyini yeyənlər, Azərbaycan xalqı üçün işləyib əmək haqqı alanlar yenə də öz istiqamətləri üzrə çalışacaqlar. Bu da Ermənistanın hazırkı hakimiyyətinə sərf etmir. Ona görə də icmaların görüşü gözlənilmir.