Danışığından “dürr” süzülən məmura eşq olsun!
Namidə BİNGÖL
Cilovu boş buraxanda yaranan intizamsızlıq tərbiyəsizlik həddinə gəlib çatır. Bununla da, idarə edənin idarə edilən kəsim qarşısında özünəməxsus “davranış mədəniyyəti” formalaşır.
Həftənin siyasi hesabatını təqdim edirəm.
Dünyanı cənginə alan “donuz qripi” virusu sürətlə coğrafiyasını genişləndirməkdə davam edir. Artıq Cənubi Qafqaza da “qədəm” qoyub. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində virusdan ölənlər var. Bu arada, Qərb dövlətlərinin İrana tətbiq etdiyi sanksiyaların dövrü başa çatdı. Artıq İran sanksiyalardan azad olub. İranın dünya bazarında rəqabətə girmək istəyi gerçəkləşdi. Nə deyirik, xeyirli olsun!
Məmurun “dürr saçan” danışığı
Yola saldğımız həftə Azərbaycanda da sakit keçmədi. Həftə ard-arda baş verən hadisələrlə yadda qaldı. Cəbrayıl rayonunun İcra başçısı Mahmud Quliyev məmur etikasına yaraşmayan tərzi ilə həftəyə damğasını vurdu. 16 ildir ki, məcburi köçkünlərin başında icra başçısı statusunu daşıyan Mahmud Quliyev vətəndaşla necə və hansı formada dialoqa girdiyini çox yaxşı bilir. Məhz, vətəndaşla birbaşa təmasda olmaq üçün yerlərdə icra haimiyyətləri mövcuddur.
Rayonlarda məskunlaşan vətəndaşların üz tutub döydükləri qapı da icra hakimiyyətidir. Nə isə. Sözümün canı odur ki, məmurun etik mədəniyyəti söyüş formasında üzə çıxırsa, deməli, problemlərin həllinə çarə də yoxdur.
Ola bilsin ki, Mahmud Quliyev üçün vətəndaşa “köpəkoğlu” formasında cavab vermək “digərlərinə də dərs olsun” deməkdir. Yəni, hər şeyə görə məni narahat etməyin!
Lap yaxşı! Bəs məmura deməzlər ki, narahat ediləcəyini bildiyin halda, niyə kürsüdən bərk-bərk yapışmısan?! Bir halda ki, qohum əqrəbanla da söyüş formasında ünsiyyət qurursan, daha vətəndaşa kobud şəkildə başçılıq etmək nəyə lazımdır?!
Məncə, 16 il ərzində söyüşü “bir qəpiklik” edən başçının “təbini içində boğmaq” insafsızlıqdır. Ən yaxşı halda, vəzifə ilə vidalaşmaq vaxtıdır. Danışığından “dürr” süzülən məmura “eşq olsun!”
“Ələbaxan” müəllim əlini işə salarsa…
Bir vaxtlar cəmiyyətdə ən şərəfli peşə müəllimlik hesab edilirdi. Valideynlərinin sözünü eşitməyən şagirdlər müəllimlərinin sözündən çıxmazdı. Lakin zaman keçdikcə bu ənənələr itməyə başladı. Müəllimin dərsdən sonra repetitorluq fəaliyyəti şagirdlə arada olan telləri ortadan götürdü.
Əvvəllər müəllimlik peşəsinin cəmiyyətdə hörmət sahibi olması səbəbindən müəllim-şagird münasibətlərində tərəflər bir-birinə etik davranış sərgiləyirdi. Lakin bu tendensiya müəllimin gözü şagirdin əlinə “dikilən” gündən sonra aktuallığını itirdi.
Hər şeyin “əl çirki” vasitəsilə cəmiyyətə ayaq açması şagirdin gözündə müəllimi də “kiçik” etdi. Yola saldığımız həftənin əsas mövzularından biri də Sumqayıtda müəllimin şagirdi döyməsi xəbəri oldu. Bir-iki nəfər istisna olmaqla, əksəriyyət döyülmə hadisəsini şiddətlə qınadı.
Bir məqamı unudururuq ki, müəllimdə “ələbaxan” vərdişini formalaşdıran cəmiyyətdə müəllim şagirdi döyürsə günahkar bizlərik. Müəllimin cibinə pul qoyub övladlarımıza digərlərinə nisbətən daha yaxşı təhsil-tərbiyə verə biləcəyini zənn etməklə, uçuruma şərait yaradırıq. Axı, təhsil ocağında varlı-kasıb təbəqə olmamalıdır.
Varlının da, kasıbın da övladı eyni hüquqları daşıyır. Məktəblərdə mövcud olan ayrıseçkilik heç vaxt müəllimin “döyüş səhnələrinə” son qoymayacaq. “Ələbaxan” müəllim şagirdlərin gözündə hörmət sahibi olduğunu çoxdan itirib. İndiki acı reallıqda müəllimin şagirdə “əl qaldırması” nə deməkdir?! Belə məqamda “əllərin fərqli harmoniyası” üzə çıxır. Şagirdin əlinə baxan müəllimin ona əl qaldırması haqqı çoxdan köhnəlib. İndiki dövrün yazılmamış qanunları da fərqlidir. Ehhh, görəsən, vicdanlı müəllim ordusu harda qaldı?!
Çörəyə “qiymət” qoyanlar.
Manatın ikinci dəfə devalvasiyaya uğraması daha çox sosial problemləri gündəmə gətirdi. Qısa vaxtda virus kimi yayılan bahalaşmadan “böyük ciblər” faydalanmağa səy göstərsə də bu, özünü doğrultmadı. Yaranmış situasiyadan “qaz vurub qazan doldurmaq” sevdasına düşənlərin iç üzü bir çox sualların yaranmasına səbəb oldu. Axı necə olur ki, dövlətçilik meyarlarını əlində “bayraq” tutub xalqa söykənənlər, müvəqqəti iqtisadi problemi xalqa güzəştə getməkdə aciz göründülər?!
“Təki mənim cibim dolu olsun. Qalanlarının cibi boş olsa da olar”. Bu cür düşünənlər xalqın sayəsində müəyyən “titullara” sahibləndiklərini də unutdular. Onlara elə gəldi ki, sahibkarlıq fəaliyyətlərində xalq üçün güzəştə getmək mümkünsüzdür. Əcəba, bəs vətəndaşlıq borcu harda qaldı?!
Əgər biz vətəndaşlıq borcumuzu cani dildən yerinə yetirməyə qadir deyiliksə, bizə gözünü dikən vətəndaşın səbr kasası daşsa necə olacaq?!
Yola saldığımız həftə qiymətlərin süni şəkildə qaldırılmasına etiraz olaraq Ağsuda, Siyəzəndə, Qubada və bir neçə rayonda insanlar bir yerə toplaşdı. O insanların istəyi qeyri-adi deyildi. Onların kosmosa uçmaq, Avropaya səyahət etmək, üçmərtəbəli villa tikdirmək kimi istəkləri yox idi. Onlar “bir tikə çörəyi bizə çox görməyin” deyirdi. Və nə oldu?! Bəzi işbazların ürəyi yumşala bildimi?!
Xeyr. Bəzi işbazlar “vicdanla” xidmət etmək məsələsində “ sadiq”göründülər. Təəssüf ki, onların azərbaycanlılara məxsus çörək mədəniyyətini məhdudlaşdırmaq istəyi uzunömürlü olmadı. Çünki əlavə dəyər vergisi aradan götürülməklə un məhsullarının qiyməti aşağı salındı.
Beləliklə, insanları çörəklə imtahan etmək kimlərinsə “cibini doldurmaq həzzini” ürəyində qoydu. Nə yaxşı ki, bəziləri üçün şəxsi maraqların vətəndaşlıq hissindən öndə dayandığının şahidi olduq. O bəziləri ki, onlara seçilmək hüququnu elə bir tikə çörəyi əlində əsir-yesir qoyduqları vətəndaşlar vermişdi…