Ermənilər övladlarının Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinə etiraz edirlər
Artan itkilər üzündən hakimiyyətə qarşı etirazlar da kəskinləşir
Ermənistanda bütün sahələr üzrə daha sürətli xarakter alan tənəzzül bu ölkənin silahlı qüvvələrinin də durumuna təsirsiz ötüşmür. Silahlı qüvvələrdə əvvəllər müşahidə olunan qanun pozuntuları artıq daha geniş miqyas almağa başlayıb. Elə bu vəziyyətdə təbii olaraq erməni ordusunun itkisi həm döyüş, həm də qeyri-döyüş şəraitində artır. Yeri gəlmişkən, bir məqama da xüsusi diqqət yetirmək lazım gəlir ki, cəbhə zonasında ermənilərin son dövrlərdə törətməyə çalışdığı təxribatlar bu ölkəyə getdikcə daha baha başa gəlir. Düşmən ölkənin kriminal hərbi diktatura rejiminin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlərini genişləndirməyə çalışması fonunda onun itkisinin artması erməni mediasında da açıq etiraf olunur. Ekspertlər hesab edirlər ki, getdikcə artan etiraz aksiyaları fonunda cəmiyyətin diqqətini yayındırmaq, mümkün ümumxalq iğtişaşını önləmək üçün Ermənistanın hərbi xunta rejimi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsində daha çox maraqlı tərəf kimi çıxış edir. Bu, ölkənin üzləşdiyi siyasi-iqtisadi və maliyyə böhranını cəbhədəki vəziyyətlə izah etmək baxımından da ermənilərə sərfəlidir. Çünki belə vəziyyət ölkə ictimaiyyətini xof içərisində saxlamaq və kəskin ölkədaxili problemlərlə bağlı aksiyaların önlənilməsi prizmasından da erməni iqtidarı üçün vacib sayılır.
Ermənistanda “Hərbi mükəlləfiyyət haqda” qanun pozulur
Erməni mətbuatının məlumatına görə, ölkədə “Hərbi mükəlləfiyyət haqda” qanuna əməl olunmadığı üçün əsgər anaları aksiya keçiriblər. Məlumata görə, Ermənistan ordusunun əsgərləri erməni separatçılarının işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə hərbi xidmətə göndərilməsinə etiraz edirlər. Başqa sözlə, Ermənistan hakimiyyəti kasıb, imkansız ailələrin övladlarını işğal altına saxladığı Azərbaycan torpaqlarında hərbi xidmət keçməyə göndərir və onları “Dağlıq Qarabağ ordusu” adı altında dünyaya sırımağa çalışır.
Erməni ekspertlərinin sözlərinə görpə, Ermənistan vətəndaşlarının işğal altında olan Azərbaycan torpaqlarına “hərbi xidmət” adı altında göndərilməsi cinayət olmaqla yanaşı, həm də beynəlxalq hüququn tapdanmasıdır.
Keçirilən mitinq zamanı əsgər anaları müəmmalı şəkildə həlak olan övladlarının ölüm səbəbini öyrənmək üçün prezident Serj Sarqsyanla görüşməyi tələb ediblər. Əks təqdirdə, özlərini onun malikanəsinin qarşısında yandıracaqları ilə hədələyiblər.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə bir əsgərin ölümünü, sadəcə taleyin qisməti adlandırıb. Dövlət başçısının isə valideynlərlə ünsiyyətinə vasitəçi dəyənəkli polislərdir. Müxalif “İrs” partiyasının sədri Raffi Ovanisyan isə tərəfdarlarını meydanı tərk etməməyə səsləyib. Ovanisyanın müraciətindən sonra etirazçılar küçələrə təkrar axın ediblər. Polis dərhal vəziyyəti nəzarətə götürüb. Bu dəfə də qarşıdurma yaşanıb.
Erməni analar bildiriblər ki, Ermənistan hərbi prokurorluğu bilərəkdən əsgər ölümləri faktını gizlədir. Əsgər anaları bəyanatlarında bildiriblər: “Biz öldürülmüş əsgərlərin anaları hesab edirik ki, bu, öldürülmüş əsgərlərin valideynləri üçün təhqirdir”.