Sivilizasiyaların Qarabağ müharibəsi: ABŞ kəşfiyyatı Qərbin səhvi haqda
“1990-cı illərdə ortodoksal Ermənistanla müsəlman Azərbaycanın Dağlıq Qarabağdakı müharibəsi həm də dini sivilizasiyaların mübarizəsi idi”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzinin “Sivilizasiyalar niyə toqquşur?” adlı məqaləsində deyilir.
Mərkəz yazır ki, soyuq müharibənin ardından dünyada münaqişələr bitmədi: “Məşhur siyasi alim Samuel Huntinqtonun beynəlxalq münasibətlər üzrə orijinal işi olan “Sivilizasiyaların toqquşması və dünyanın yenidən qurulması” kitabı bir çox aspekt üzrə doğru çıxdı. Onun yazdığı kimi, SSRİ çökməklə dünya sülh yoluna qədəm qoymadı, əksinə, yeni münaqişələr başlandı. 1990-cı illərdə Yuqoslaviyada müharibələr püskürdü, ortodoksal serblərlə katolik xorvatlar döyüşdü. Həmin dövrdə ortodoksal Ermənistanla müsəlman Azərbaycan müharibə etdi. Rusiya dini müstəvidən çıxış edərək, Ermənistana yardım etdi. Türkiyə də eyni arqumentlə Azərbaycana dəstək verdi. Qərb də din amili üzərindən bu məsələdən bir qədər uzaq dayandı. Bu hadisələr Huntinqtonu haqlı çıxardı. Lakin Ukrayna Qərbin səhvlərini ortaya qoydu”.
“Stratfor” qeyd edir ki, Rusiyanın dini baxımdan yaxın olduğu Ukraynada başlatdığı müharibə sivilizasiyalararası müharibələri fərqli məcraya daşıdı: “Ukraynada iki fərqli mədəniyyət – Avropa və Rusiya – hökm sürürdü. Bu da Rusiyanın bu ölkədə hərbi addımlar atmasına şərait yaratdı. Bu, əvvəldən, hələ SSRİ dağılandan sonra baş verən Qarabağ və digər münaqişələr zamanı gözdən qaçan səhv idi”.
Mərkəz əlavə edir ki, bundan sonra dünyada sivilizasiyalararası müharibələr genişlənə bilər: “Lakin bu təkcə dini yox, digər müstəvilər üzrə də baş verə bilər”.