Ağdam kəndlərinin tarixi
Abdal – XIX əsrdə burda iki Abdal kəndi mövcud olduğuna görə bir-birindən fərqləndirmək üçün bu kənd “Abdal-Gülablı” (yəni, Gülablı yaxınlığında Abdal kəndi) adlanırdı. Qədim adı “Abdal bulağı” (kəndin ərazisində Xanımbulağı, Damcıbulaq, Bəy bulağı və s. bulaqlar var) olmuşdur. 1828-ci ildə İrandan köçüb gəlmiş erməni ailələri də kənddə məskunlaşmışdı. Ona görə ermənilər bu kəndi “Abdal-axpur” adlandırırdılar. 1918-ci ildə ermənilər burdan qovulmuşlar. Azərbaycanda,İranda yaxın keçmişə qədər çoxlu Abdal, Abdallar kəndlərinin adları mənşəcə eynidir və erkən orta əsrlərdə Cənubi Qafqazda yaşamış türk mənşəli Abdal tayfasının adını əks etdirir.
Abdınlı – XIX əsrdə Qarabağda yaşamış Tacibəyli elinə mənsub Abdınlı, Saybalı (Hüseyn Saybalısı da adlandırlar), Qarabəyli və Abdallar adlı nəsillərin məskunlaşması nəticəsində yaranmışdır. Bu maldar el yayı Kəlbəcər düzündə, Sarıyer yaylağında, qışı indiki kəndin yerində keçirirdi.
Ağdamkənd – Ağdam şəhərinin adı ilə adlandırılmış məntəqədir. Ağdamdan və başqa yerlərdən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Ayaq Qərvənd – Kolanı tayfasının Qərvənd qolunun məskunlaşması nəticəsində yaranmış Qərvənd kəndindən (Baş Qərvənd, Orta Qərvənd və Ayaq Qərvənd) biridir.
Acarlı – Şahsevənlərin Sarxanlı tayfasının altı tirəsindən (Acarlı, Milli, Xələfli, Balabəyli, Bərdili, Zərgər, Xomunlu) olan acarlıların məskunlaşması nəticəsində yaranmışdır.
Bağbanlar – Keçmişdə Qarabağda yaşamış bir kiçik elin adıdır. 19-cu əsrə aid məlumata görə, oturaq həyat tərzi keçirmiş və bağçılıqla məşğul olmuşdur.
Ballar – Əsli Ballıdır. Kəbirli tayfasının Qərvəndli qolunun Ballılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Ballılar qışı Mil düzünün Çatlan, yayı Kəlbəcərin (Arıyer, Alakollar və Daş pilləkən) yaylaqlarında keçirən maldar el idi.
Baharlı – XIV-XV əsrlərdə Qızılbaş tayfalarından biri idi. I Şah İsmayılın hakimiyyətə keçməsində iştirak etdiyinə görə Səfəvi şahları bu tayfaya Şimali Azərbaycanda və Qərbi Azərbaycanda ərazilər ayırmışdı. Baharlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır.
Baharlı – Xındırıstan kənd sovetliyində kənd idi. Çəmənli kəndində Əliş bəy qızı Bahara indiki kəndin ərazisini cehiz kimi bağışlamışdır. Ordan yaranan kiçik yaşayış məntəqəsi də qızın adı ilə bağlanmışdır.
Yüzbaşılı – Mil-Qarabağ düzlərində yaşamış Qılıclı tayfasının Yüzbaşılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır.
Boyəhmədli – Keçmişdə Kabarda-Boy Əhmədli və Koran Boyəhmədli də adlandırılmışdır. 1795-1798-ci illərdə Qazax bölgəsində gürcü hakimiyyətinə boyun əymək istəməyərək (çünki Nadir şah bu bölgəni Gəncə xanlığından alıb, Gürcüstana vermişdi) Cinli, Səfikürd, Qaracanlı, Dəmirçi Həsənli, Kəngərli və b. tayfalarla birlikdə Qarabağa köçüb gəlmiş eldir. Molla İsalar, Bozaxlar, Arabaçılar,Mollavəlilər, Hüseynalılar və Mustafaağalı tirələrindən ibarət olmuşdur.
Böyükbəyli – Böyük bəy adlı birisinə mənsub olan maldar ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Qalayçılar – XVI əsrdə Xaçın nahiyyəsində yaşamış bir oylağın adıdır. 1588-ci ilə aid məlumata görə, əsl adı Molla Vəli idi. Mis qab-qacaq qalaylamaqla məşğul olduqlarına görə Qalayçılar adlanır.
Qaraqaşlı – XIX əsrin ortalarında Qarabağda maldarlıqla məşğul olmuş 194 ailədən ibarət Qaraqaşlı elinin məskunlaşması nəticəsində yaranmışdır.
Qaradağlı – Hazırda Ağdamda 3 Qaradağlı kəndi var. Keçmişdə Qaradağlı kənd Sovetliyinə daxil olan Qaradağlı kəndi Qaradağlı-Kərimağa,yəni,Kərimağa adlı birisinə məxsus el. Ağdamkənd Sovetliyinə daxil olan Qaradağlı kəndi Qurd Qaradağlı,yəni,Qurdlar kəndi yaxınlığındakı Qaradağlı, Qasımlı kənd Sovetliyinə daxil olan Qaradağlı kəndi isə Qaradağlı Uğurlubəy, yəni, Uğurlubəyə məxsus qaradağlılar adlanırdı. Hər 3 kənd Qarabağ düzündə yaşamış Qaradağlı tayfasının adını əks etdirir. Güney Azərbaycanın Qaradağ mahalının adı ilə adlanmış bu tayfa səfəvilərin hakimiyyətə gəlməsində hərbi qüvvə ilə kömək etmişdir. Bu xidmətə görə səfəvi şahları Qaradağlı tayfasına Şimalda və Qərbdə ərazilər vermişdir.
Qarazeynallı – Qarabağda XIX əsrin ortalarında maldarlıqla məşğul olmuş kiçik Qarazeynallı elinin məskunlaşması nəticəsində yaranmışdır.
Qarapirimli – Qarabağda yaşamış Qarapirimli elinin məskunlaşması nəticəsində yaranmışdır. Mənşəcə səlcuq oğuzlarının Əfşar tayfasına mənsub olmuşlar.
Qasımlı – 1820-ci ildə Mahrızlı, Zərgər və Dilağarda tayfaları ilə birlikdə Güney Azərbaycandan köçürülüb gətirilmiş Qasımlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Mənşəcə səlcuq oğuzlarının Əfşar tayfasına mənsub olmuşlar.
Qərvənd – Qarabağın iri tayfalarından olmuş kolanıların Qərvənd qolunun məskunlaşması nəticəsində yaranmışdır.
Qəhrəmanbəyli – Digər adı Binələr. XIX əsrin əvvələrində 50 çadırdan ibarət bir elin məskunlaşması nəticəsində yaranmışdır. Mənşəcə Şah Abbas vaxtında şahsevənlərə qoşulmuş el idi.
Qiyaslı – XIX əsrdə qışı Qarabağ düzündə, yayı Zəngəzurda keçirən bir elatın adı idi. Qubadlı rayonundakı Qiyaslı (Altin-Qiyaslı) kəndi ilə eyni mənşəlidir.
Qızıl Kəngərli – Əsli Qızıllı Kəngərli. Kəngərlər Azərbaycan ərazisində eramızın əvvələrindən etibarən yaşamış qədim türk mənşəli tayfalarındandır. İki bölgədə məskunlaşmışdılar: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində və Naxçıvanda. Naxçıvanda kəngərlilərin XIX əsrin əvvələrində bir qolu Qızıllı adlanırdı. Pənah xanın Naxçıvandan köçürdüyü Kəngərli içərisində Qızıllılar da vardı.
Qobuüstü – Azərbaycan dilindəki qobu (əsli monqol dilindəki “xovu” sözündən) və üstü “üstündə” sözlərindən ibarət olub “Qobu üstündə” mənasındadır.
Quzanlı – Tam adı Saraclı-Quzanlıdır. Qarabağda yaşamış bir böyük türk tayfasının adıdır. XIX əsrin II yarısında Birinci Quzanlı, İkinci Quzanlı, Çay Quzanlısı adlı kəndlər vardı. 1593-cü ilin məlumatına görə, Quzanlı tayfası Bərdə mahalının Sir nahiyyəsində yaşayırdı. Mənşəcə VI əsrdə Altaydan Cənubi Avropaya qədər geniş bir ərazinin əhatə etmiş, Türk xanlığının əsasını qoymuş və mənbələrdə adı Kuzan (Kuzen) kimi qeyd olunmuş tayfa ilə bağlıdır. Ehtimal ki, XIII əsrdə Mil düzündə Beyləqan şəhəri yaxınlığında adı çəkilən Kizan (Xizan) qalasının adı da bu tayfanın adı ilə əlaqədardır. Kənddə Dəlləkoğlu, Mollahüseynli, Allahverənli, Sudhallaclı və s. Quzan tayfaları yaşamışdır.
Qullar – Qarabağ düzündə yaşamış və İbrahimxəlil xanın oğlu Şıxəli bəyə mənsub olmuş bir elatın adıdır. Mənşəcə qıpçaqların Kul (Qul) tayfası ilə bağlıdır. Bərdə, Balakən və Qusar rayonlarındakı Qullar kənd adları ilə mənşəcə eynidir.
Qurdlar – Mənşəcə Naxçıvandan olan, XVIII əsrin ortalarından Qarabağda yaşayan Kəngərli tayfasının Qurdlar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə “Qurd dördlər” də adlanırdı.
Mənbə: Ağdam Qibləgahım kitabı