Prezident: “Ermənistan sülh istəmir”
2015-ci ildə Azərbaycanın uğurla inkişaf etdiyini, qarşıda duran vəzifələrin icra olunduğunu deyən Prezident İlham Əliyev ötən il özünün 20 ölkəyə, 15 ölkənin dövlət və hökumət başçısının isə Azərbaycana səfərlər etdiyini bildirib.
Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, Ermənistan sülh istəmir.
"Status-kvonu mümkün qədər çox saxlamaq istəyir, işğal edilmiş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur”.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir:
“Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllin istəyirik və Minsk qrupunun həmsədrləri də dəfələrlə bildiriblər ki, onlar da münaqişənin həllini istəyirlər. Ancaq əfsuslar olsun ki, bu istiqamətdə işğalçıya heş bir ciddi təzyiq göstərilmir”.
“Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq”, – deyən dövlət başçısı ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyişin olmadığını, prezidentlərin son görüşünün də formal xarakter daşıdığını qeyd edib.
Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslandığını deyən Prezident İlham Əliyev 2015-ci ildə təmas xəttində Azərbaycanın üstünlüyə yiyələnərək öz iradəsini diktə etdiyini, ölkəmizin bundan sonra da döyüş potensialını gücləndirəcəyini vurğulayıb.