“Koroğlu” operasının Mersində səhnələşdirilməsi Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin təzahürüdür
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Mersinə səfəri çərçivəsində bu şəhərin qubernatoru Özdəmir Çakacak, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamaz və Mersinin Tarsus rayon bələdiyyəsinin sədri Şevket Can ilə görüşlər keçirib.
Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin Koroğlu operasının Mersin Dövlət Opera və Balet Teatrı tərəfindən səhnələşdirilməsinin iftixar doğuran bir hadisə olduğunu bildirən səfir bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinə daha bir nümunə kimi dəyərləndirib. Səfir “Koroğlu” operasının səhnələşdirilməsi istiqamətində uzunmüddətli hazırlıq işlərinin görüldüyünü və səfirliyin təşəbbüsü nəticəsində Mersin Dövlət Opera və Balet Teatrının 2015-2016-cı illər üçün repertuarına daxil edildiyini diqqətə çatdırıb.
Görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin inkişafında Tarsus rayonunun xüsusi rolu qeyd olunub. Diqqətə çatdırılıb ki, 2011-ci ildə bu rayonda ümummilli lider Heydər Əliyevin adına körpünün, 2015-ci ildə isə Ulu Öndərin xatirəsinə tikilmiş parkın və onun abidəsinin açılış mərasimləri keçirilib. Bütün bu işlər qardaş Türkiyə xalqının Azərbaycana tükənməz sevgisinin nəticəsi kimi dəyərəndirilib.
Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafının xalqımızın mənəvi sifarişi olduğunu diqqətə çatdıran Mersin şəhərinin rəhbər şəxsləri Azərbaycan mədəniyyətinin ayrı-ayrı nümunələrinin, o cümlədən dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin Türkiyədə tanıdılmasının əhəmiyyətindən danışıblar.(azertac)
bu xəbər məni sevindirdi drijorun və baletmeysterin azərbaycandan olmasını arzulayıram. Dost ölkədə şərq mövzulu bundan yaxşı opera tapmaq asan deyil Bütün Türküyənin bu gözəl əsəri görməsini arzulayıram