“Ermənistanda yaşamaq üçün heç bir şərait yoxdur”
“Suriyadan gələn ermənilər yaxşı həyat üçün Ermənistandan gedirlər”. Bu barədə “NEWS.am” saytına açıqlama verən Ermənistanın diaspor naziri Qranuş Akopyan əsas kimi ölkədə yoxsulluğu, işsizliyi, ümumiyyətlə, yaşamaq üçün ölkədə heç bir şəraitin olmadığını göstərir.
Onun sözlərinə görə, hazırda Ermənistanda 17 minə qədər Suriya erməniləri yaşayır: «Son beş ildə onlar Ermənistana gəlib və buradakı həyat səviyyəsini gördükdən sonra əksəriyyəti ölkəni tərk edib. Onların çoxu Livana-ticarətlə məşğul olmağa qayıdıblar. Məlumdur ki, Ermənistanda yaşayış səviyyəsi çox aşağıdır. Əhali işsizdir, kasıblıq səviyyəsindən də aşağı səviyyədə yaşayırlar. Lakin buna görə mən günahkar deyiləm. Məlumdur ki, onlar Suriyada çox yaxşı, zəngin bir şəraitdə yaşayırdılar. Təbii ki, Ermənistandakı ağır yaşayış onları təmin edə bilməzdi. Suriya ermənilərinin Ermənistandan getmələrində İsveç, Kanada kimi ölkələrdə yaşanan demoqrafik problemlər də öz rolunu oynadı. Bu ölkələrdə işçi qüvvələrinə olan ehtiyac gəlmə ermənilərlə yanaşı, yerli ermənilərin də bu ölkələrə olan axınına vüsət verdi. Qeyd edilməlidir ki, belə bir addımın atılmasında xaricdəki erməni diasporunun da göstərdiyi kömək danılmazdır. Təbii ki, etiraf edilməlidir: bəzi şeylər var ki, onlar Ermənistanda mövcud deyil və buna görə günahkar axtarmaq lazım deyil. Çünki dövlət özü bu şəraiti yaratmaq intidarında deyil». Akopyanın sözlərinə görə, Ermənistana gəlmiş Suriyalı ermənilərə yerli ermənilərdən fərqli olaraq, ayaqda durmaq üçün böyük vergi imtiyazları verilib. Lakin bu da onları qane etmir. Ermənistandakı həyat şəraitindən narazılar ölkədən gedirlər. Diaspor nazirinin etirafına görə, artıq üç mindən artıq Suriyalı erməni yaxşı yaşayış ardınca xarici ölkələrə üz tutub. Ölkədə baş verənlərdə özünü günahkar saymayan Qranuş Akopyan bəzi məsələlərin onun imkanı xaricində olduğunu da bildirir: «Çoxları şikayət üçün mənə üz tutur. Mən də təklif edirəm ki, gəlin görüşlər təşkil edib bunları müzakirə edək. Siz hər şeyə görə məni günahkar görürsünüz. Unutmayın ki, mən də bu cəmiyyətin bir üzvü kimi, sizin yaşadığınız problemləri yaşayıram».