“Qarabağ” TOP-100-də
Dünyanın ən yaxşı klublarının növbəti siyahısı açıqlanıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə dünyanın ən yaxşı 203 komandası yer alıb.
Siyahıda klublarımızdan “Qarabağ”, “Qəbələ” və “İnter”in də adı var.
Ağdam təmsilçisi 142 xalla 77-ci pillədədir. Qurban Qurbanovun komandası İspaniya “Valensiya”sı ilə eyni yeri bölüşür. “Qarabağ” “İnter” (İtaliya), Borussiya” (Mönhenqladbax, Almaniya), MOİK (Rusiya), “Styaua” (Rumıniya), “Benfika” (Portuqaliya), “Marsel” (Fransa), “Qalatasaray” (Türkiyə) kimi klubları qabaqlayır.
Digər təmsilçimiz “Qəbələ” 116 xalla 124-cü pillədədir. Roman Qriqorçukun komandası “Rosario” (Argentina), “Erediano” (Kosta-Rika), “Torino” (İtaliya) və “İlva” (Cənubi Koreya) klubları ilə eyni yeri bölüşür.
Bakının “İnter” klubu isə 92 xalla 192-ci yerdə qərarlaşıb. Təmsilçimiz Nigeriyanın “Volves”, İsveçrənin “Tyun” və Ermənistanın “Pünik” klubu ilə eyni xala malikdir.
İspaniyanın “Barselona” klubu 379 xalla siyahıya başçılıq edir. Yuventus” 286 xalla 2-ci, “Napoli” 268 xalla 3-cüdür.