ABŞ-da həyəcan: Rusiyanın nüvə və kibernetik təhlükəsi artır
“Rusiyanın yeni milli təhlükəsizlik strategiyası Vaşinqtonun mövqeyini dəyişməyəcək. Rusiyanın yeni strategiyasında ABŞ təhlükəsi barədə danışılır. Biz isə Moskvanın təhlükə yaratdığını bildiririk”.
Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə ABŞ Baş Qərargahlar rəislərinin Birləşmiş Komandanlığının sədri general Cozef Danford bildirib.
Danford qeyd edib ki, amerikalı hərbçilər həmişə Rusiya potensialının inkişafına diqqət yetiriblər: “Rusiya ABŞ və onun müttəfiqləri üçün təhlükədir. Biz bunu onun davranışlarına, o cümlədən nüvə və kibernetik davranışlarına əsaslanaraq deyirik”.
Eyni zamanda, general etiraf edib ki, hələlik Rusiyanın yeni milli təhlükəsizlik strategiyasının mətnini görməyib: “Mən növbəti nəticələrə gəlməmişdən öncə sənədi oxumaq istərdim”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimr Putin dekabrın 31-də ölkənin yeni milli təhlükəsizlik strategiyası ilə bağlı sərəncam imzalayıb. Sənəddə NATO-nun hərbi aktivliyini artırması təhlükə sayılır və Rusiya sərhədinə yaxınlaşmasının yolverilməz olduğu bildirilir.