Şura QHT-lər üçün müsabiqə elan etdi
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir və müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri dəstəkləyir: İnsan hüquqları və demokratiya məsələləri, şəffaflıq və institusional məsələlər, ictimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə, narkomaniya və insan alveri ilə mübarizə məsələləri, beynəlxalq əməkdaşlıq məsələləri, ətraf mühit və sağlamlıq məsələləri, ailə, qadın və uşaq məsələlərinə dair təşəbbüslər, sosial məsələlər, iqtisadi məsələlər, təhsil, mədəniyyət və idman məsələləri. Təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır.
Layihələrin müddəti 12 ayadək ola bilər. 2014-cü ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 15000 (on beş min) manat ola bilər. 2015-ci il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər. QHT üçün tələblər belədir: Dövlət qeydiyyatı və bank hesabı olmalıdır; qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir; müvafiq qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyinə son maliyyə hesabatını verməlidir; təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.