““Qarabağ”a mütləq qalib gəlməliyik” – “Anderlext”in yarımmüdafiəçisi
Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda doğma meydanda “Qarabağ”ı qəbul edəcək “Anderlext” klubunun yarımmüdafiəçisi Kara Mboc yerli mətbuata açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, seneqallı futbolçu Belçika çempionatının son turunda “Genk”lə 0:0-lıq heç-heçədən narazı qalaraq bu xal itkisini “Qarabağ”la matçda qələbə qazanaraq unutdurmağa çalışacaqlarını bildirib. 26 yaşlı yarımmüdafiəçi Avropa Liqasında növbəti mərhələnin onlara hava-su kimi lazım olduğunu sözlərinə əlavə edib: “Biz səfərə 3 xal üçün yollanmışdıq. Amma heç-heçə etdik. Çox məyusuq. Son nöqtəni qoymaqda əziyyət çəkirdik. Bu qarşılaşmadakı xal itkisinin Avroliqada qələbə qazanmaqla sığorta edə bilərik. “Qarabağ”la oyunu qazanmaq məcburiyyətindəyik. Başqa yolumuz yoxdur”. Qeyd edək ki, “Anderlext” – “Qarabağ” oyunu dekabrın 10-da saat 00:05-də start götürəcək.