Milli Qəhrəmanlara həsr olunmuş kitabın təqdimatı keçirildi
“Qəhrəmanlar heç vaxt yaddan çıxmırlar. İstər aramızda olsunlar, istərsə də dünyalarını dəyişmiş olsunlar. Onların vətən üçün vuruşmaları, mübarizələri bizim üçün örnəkdir”.
Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov “Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları – Müqəddəs amal” kitabının təqdimat mərasimində çıxışı zamanı bildirib. O bildirib ki, kitab özünün bir sıra xüsusiyyətlərinə görə əvvəlkilərdən fərqlənir: “Kitabda Milli Qəhrəmanların hamısının həyatları haqqında danışılır. Kitab həm də gənclərimiz üçün bir mənəviyyat, təcrübə məktəbidir. Yazıçı-publisist Oqtay Əliyev və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini Nurəddin Abbasovun müəllifləri olduğu kitabda Ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin şəhid Milli Qəhrəman ailələri və yaşayan Milli Qəhrəmanlarla görüşlərindən, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan bəhs edilir. Həmçinin 1993-cü ildən 2003-cü ilə qədər Heydər Əliyevin Milli Qəhrəmanlarla görüşləri, tövsiyələri, vətən haqqında fikirləri burada yer alıb”. Kitabın həmmüəllifi, yazıçı-publisist Oqtay Əliyev çıxış edərək kitabda qeyd olunan Heydər Əliyevin hər bir fikrinin tərbiyə mövzusu, məktəb olduğunu vurğulayıb. O qeyd edib ki, burada Azərbaycanın işğal xəritəsi, sərhədyanı rayonların mübarizəsi geniş yer alıb. Bu nəşrdə toplanan oçerklərdə 211 nəfər Milli Qəhrəmanın həyat və döyüş yollarından söhbət açılır. Tədbirdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədli çıxış edərək kitabın müqəddəs insanlara həsr olunduğuna görə müqəddəs yük daşıdığını bildirib: “Milli Qəhrəmanların ailəsi təkcə burada oturan yaxınlarından ibarət deyil. Onların ailəsi bütün Azərbaycandır. Biz telekanallarda onların vizual olaraq şəkillərini görəndə elə bilirik ki, doğmalarımızı görürük. Bu kitab müqəddəs kitabdır, müqəddəs insanlardan bəhs edir. Çox sevinirəm ki, bütün qəhrəmanlar haqqında oçerklər bir kitabda toplanıb. Bundan sonra bu kitab mənim də stolüstü kitabıma çevriləcək”. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək təqdimat mərasimi keçirilən kitabın Azərbaycan milləti üçün çox vacib olduğunu diqqətə çatdırıb: “Mən təklif edirəm ki, bu kitab orta və ali məktəblərdə, gəncliklə bağlı tədbirlərdə geniş təqdim olunsun. Onlar öz kəndi, öz ailəsi üçün deyil, bütün xalq üçün canlarını qoyublar. Milli Qəhrəmanların təbliği ilə bağlı kitab çox əhəmiyyətlidir. Onlar hər bir vətəndaş üçün nümunəvi həyat ortaya qoyub. Onları yaxından tanımaq hamımızın borcudur”. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı çıxış edərək bildirib ki, Milli Qəhrəman adı 1992-ci ildə təsis olunsa da, həmin vaxtdan onlarla görüşüb dərdlərinə şərik olan olmayıb. Yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra Milli Qəhrəmanlarla görüşüb.