Azərbaycanı yandıran il
2015-ci il Azərbaycan əhalisi üçün hələ uzun müddət yadaşlardan silinməyəcək bir sıra hadisələrdə yadda qalıb.
ANS PRESS bu il ərzində baş verən və uzun müddət müzakirə olunacaq hadisələri diqqətinizə çatdırır:
2015-ci ilin may ayının 19-da Binəqədi rayonunda binanın yanması ən böyük bədbəxt hadisələrindən biri kimi yadda qaldı. May ayının 19-da paytaxtın Azadlıq prospekti, 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasının yanması nəticəsində 15 nəfər həyatını itirdi, 56 nəfər xəsarət aldı. Dünyasını dəyişənlərdən 5-i azyaşlı idi.
Binəqədidə yanan bina
2015-ci ilin ən çox səs-küylü hadisələrdən biri oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunması oldu.
Nazirin işdən çıxarılmasından sonra MTN əməkdaşlarının sahibkarlara qarşı törətdiyi özbaşınalıq və cinayətlər, qanunsuz dinləmələr ortaya çıxdı. Nəticədə nazirlikdə həbslər başladı.
Ləğv edilən nazirliyin bəzi generallarının da daxil olduğu əməkdaşları saxlanıldı və barələrində həbs qətimkan tədbiri seçildi. Oktyabrın 20-də isə Prezidentin digər sərəncamıilə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edildi.
Eldar Mahmudov- MTN-in sabiq şefi
Noyabr ayı MTN ilə yanaşı Rabitə və Yüksək Texnologilar Nazirliyində baş verən proseslərlə yadda qaldı. Hələ Milli Təhlükəsizlik Nazirliyində bütün bu söz-söhbətlər davam etdiyi bir vaxtda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əməkdaşlarının da bir sıra qanunsuz əməlləri ortaya çıxdı və nəticədə də Baş Prokurorluğun açıqladığı məlumata görə, nazirliyinçox sayda əməkdaşı həbs edildi. Onlar dövlət büdcəsindən külli miqdarda yeyintidə ittiham edilir. Noyabr ayının 12-də isə Rabitə və Yüksək texnologiyalar naziri Əli Abbasov İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi.
Vidadi Zeynalov- RYTN-in həbs edilən aparat rəhbəri
4. Bu il ərzində yaddaşımızda qalan ən kədərli hadisə dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın oldu. Belə ki, həmin gün axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verdi. Yanğın zamanı platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişdi və 33 nəfər təxliyə olundu. 22 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Hazırdaitkin düşənlərin axtarışları davam etdirilir.
Dekabr ayının ən yadda qalan hadisələrindən biri MTN-in ləğv edilməsi oldu. Nazirlikdə baş verənlər barədə söz-söhbətlərin davam etdiyi bir vaxtda, dekabr ayının 14-də Prezident İlham Əliyev MTN-in ləğv edilməsi və əvəzində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzaladı. Ölkə başçısının digər bir sərəncamı ilə Mədət Quliyev yeni yaradılan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edildi. Yeni yaradılan Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri isə Orxan Sultanov təyin edildi.
Mədət Quliyev- Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi