Dünya erməniləri Qarabağ üçün pul toplayacaq

Ətraflı

Şuşa erməni teatrı Laçında “Tülkü və durna” kukla tamaşasını göstərəcək…

Ətraflı

Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı

Ətraflı

Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ – ABŞ-dan ŞOK QƏRAR

Ətraflı

Laçın

ÜMUMİ MƏLUMAT

   Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.

   Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır.

   Laçın şəhərinin yerini Tağı Şahbazi seçmiş və bu adı da ona özü vermişdir. Laçın rayonu 1924-cü ildə təsis edilmişdir. Rayon kimi yaranma tarixi 08 avqust 1930-cu ildir. Ərazisi 1.84 min km2, əhalinin sayı 72,0 min(01.10.2012)  nəfərdir. Laçın rayonunda 1 şəhər(Laçın), 1 qəsəbə(Qayğı), 123 kənd vardır. Kəndləri bunlardır – Qarıkaha, Ağbulaq, Ağcakənd, Alxaslı, Arduşlu, Ağcayazı, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Bozlu, Qalaça, Bülündüz, Ayıbasar, Birinci İpək, Cağazur, Cicimli, Aşağı Cicimli, Qazıdərə, Daşlı, Hətəmlər, Kaha,  Narışlar, Vəlibəyli, Əhmədli, Fərraş, Nurəddin, Fətəlipəyə, Ağanus, Ərəb, Turşsu, Unannovu, Güləbird, Hacıxanlı, Birinci Tığik, Qovuşuq, Hacılar, Hoçaz, Avazlar, Mollalar, Uludüz, Budaqdərə, İrçan, Çəmbərəkənd, Xumarta, Kamallı, Çıraqlı, Köhnəkənd, Alıcan, Əyrik, Qışlaq, Kürdhacı, Ərikli, Hacısamlı,  Qarasaqqal, Qarabəyli, Korcabulaq, Lolabağırlı, Qarakeçdi, Katos, Qarıqışlaq, Qılınclı, Soyuqbulaq, Zeyvə,  Qorçu,  Zağaltı, Qoşasu, Alpout, Bülövlük, Qozlu, Fingə, Quşçu, Malxələf, Mazutlu, Məlikpəyə, Malıbəy, Ağoğlan, Hüsülü, Ziyrik, Mığıdərə, Xırmanlar, Dəyhan, Dəyirmanyanı, Baldırğanlı, Tərxanlı,  Minkənd, Mirik, Mişni, Oğuldərə, Ağalaruşağı, Piçənis, Xaçınyalı, Köhnə Çorman, Pircahan, Alıqulu, Qaraçanlı, Seyidlər, Sadınlar, Səfiyan, Xanalılar, Suarası, Türklər, Sonasar, Mayis, Şamkənd, Bozdağan, Çorman, Ələkçi, Nağdalı, İkinci Tığik, Şəlvə, Dambulaq, İmanlar, Təzəkənd, Ərdəşəvi,  Haqnəzər, Vağazin, Bozgüney, Kalafalıq, Zabux, Bəylik,  Qızılca, Sus, Zerti, Ağbulaq, Şeylanlı.

   Laçın rayonu ilə Bakı arasında olan məsafə 414 kilometrdir.

   Laçın rayonunun 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcədə bu ərazi çoxlu təbii sərvətləri, qiymətli mineral suları ilə zəngin bir ərazi olmuşdur ki, 1992-ci ilin may ayının 18-dən Ermənistan Respublikasının işğalı altındadır.

   İşğaldan əvvəl: 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə evi və s. vardı.

   Laçın dedikdə, onu bir dəfə görən insanın gözünün qabağında insanı heyran edən gözəl bir mənzərə canlanır. Mahalın aşağı hissəsində Zəngəzur dağının ətəyində bir-birindən xeyli aralı Artız, Salaq və Mərkiz dağları, onlardan uzaqlarda Xustun, Kəpəz, Keçəldağ silsiləsi uzanır, onlardan o tərəfdə Pirdavan, Qacaran, Kiqin dağları görünür. Zəngəzur dağlarının zirvəsi bəzi yerlərdə dəniz səviyyəsindən 3906 metr yüksəkdir və həmişə qarla örtülüdür.

   Laçın bölgəsi ölkələrlə, dövlətlərlə, Azərbaycanın Səfəvilər dövləti ilə, Rusiyanın hətta bir vilayəti ilə müqayisədə çox kiçik sahəyə malik bir bölgədir. Amma, Ulu Yaradan bu bölgəni elə bil özü üçün, özünün mələkləri üçün yaradıb, “eşqinin, məhəbbətinin” coşub-çağlayan vaxtı yaradıb. Gözəl meşələri, təmiz havası, saf suları, ceyranları-cüyürləri, dağ keçiləri, şəlalələri, sərt qayaları, başı ağ çalmalı dağları, dağ başında düzənləri, ucsuz-bucaqsız yaylaqları, qayalarından sallanan cürbəcür gülləri, şaxtada qaynayan isti bulaqları, dünyanın heç yerində tapılmayan təbii gül-çiçəkləri, 300-400 il yaşında qırmızı palıd ağacları, qartalları, qurd ürəkli oğulları, oğullara arxa olan –dayaq olan, kişilərin arxasını yerə qoyan qadınları, qızları var Laçının. Bir sözlə təbiət bu torpaqdan öz əsrarəngiz gözəlliyini, təbii sərvətlərini və bol-bol nemətlərini əsirgəməmişdir. Tarixən təbii şəraitinə görə burada əsasən heyvandarlıqla məşğul olsalar da – əkinçilik, arıçılıq, bağ-bostançılıq da inkişaf etmişdir. Yun, xəz materiallarından burada nə istəsən yaradırdılar. Laçının çox keyfiyyətli su mənbələri vardı. Bunlardan 20-dən artıq müalicə əhəmiyyətli bulaqlar idi. Buranın insanları çox-çox qədimlərdən bu mineral bulaqlardan müalicə məqsədi ilə istifadə etmişlər. El arasında möcüzəsinə görə bu sulara – baş suyu, göz suyu, diş suyu, yel suyu, mədə suyu və s. adlar verilmişdi. Bu su mənbələri əsasən bölgənin Minkənd, Molla-Əhmədli, Mirik və s. yaşayış məntəqələrinə yaxın idi və bu bulaqlar üzərində həmişə yeyib-içmək məqsədi ilə abadlıq yaradırdılar. Yay aylarında Qarabağın, Zəngəzurun isti yerlərindən, xüsusən Bakı və Sumqayıtda yaşayan əhali bu yerlərdə istirahət edər, müalicə alardılar.

 

COĞRAFİYASI

 

     Laçın rayonu dağlıq relyefə malikdir. Rayonun şərqində Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalında Mıxtökən silsiləsi yerləşir. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Rayonun ən hündür nöqtəsi Qızıl-boğaz dağıdır (2823 m). Ərazidə yura-antropogen çöküntüləri yayılmışdır. Ərazinin çox yerində qışı quraq keçən, mülayim-isti və soyuq iqlim üstündür. Orta temperatur yanvarda 0-dan – 10 °C-dək, iyulda müsbət 10-22 °C-dır. İllik yağıntı 600-900 mm-dir. Ən böyük çayı Həkəridir. Əsasən, çimli dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqları yaranmışdır. Bitki örtüyü kollu və seyrək meşəli çəmənlikdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, və s.), subalp və alp çəmənliklərindən ibarətdir. Alçaq dağlıq yerlərdə seyrək ardıc ağacları çox yayılmışdır.

       Laçın rayonunda Alıcan kəndindən başlayaraq şimal-qərb istiqamətində yan süxurları yararaq üzə çıxan maqmat süxurlar boyunca narzan tipli əhəmiyyətli debiti olan mineral bulaqlar mövcuddur. Bu bulaqlar Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-Tiqiq, Nurəddin, Nağdalı, Hacı Xanlı, Narzan tipli sular olmaqla böyük müalicəvi əhəmiyyətə malikdir.

    Laçın rayonunun ərazisində ümumi ehtiyatları 1124,0 ton olan 3 (Narzanlı, Çilgəz çay, Sarıbulaq) civə yatağı; ehtiyatları 2533 min ton olan və istismara cəlb edilən, üzlük daş istismarına yararlı Hoçaz mərmərləşmiş əhəngdaşı yatağı; ümumi ehtiyatları 5125 min m3 olan və mişar daşı istehsalına yararlı 2 (Ağoğlan, Əhmədli) tuf yatağı; ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəng daşı yatağı; ehtiyatları 998 min m3 olan və kərpic kirəmit istehsalına yararlı Novruzlu gil yatağı; ehtiyatları 2144 min m3 olan Quşçu pemza yatağı; ehtiyatları 15794 min m3 olan Yuxan Həkəri çay qum-çınqıl qarışığı yatağı; ehtiyatları 10 ton və 0,9 tonluq 2 əlvan-bəzək daşı yatağı; ehtiyatları 10449 min ton olan 3 vulkan külü yatağı, ehtiyatları 4300 min m3/gün olan Minkənd mineral su yatağı var idi.

    Tikinti materiallarının miqdarı və növü isə kifayət qədər idi, rəngbərəng mərmərlərlə də bölgə zəngin idi. Çaylarının qırmızı balığı (farel) xırda olsa da, çox dadlı olurdu, əlbəttə digər balıqlar da mövcud idi. Böyük sürətlə axan bu çaylar böyük enerji mənbəyi (su elektrik stansiyası) idi. Bölgədə Pircançayda bu stansiyadan biri mövcud idi.

    Laçın bölgəsinin 1885 km2 ərazisinin 34877 hektarı nadir ağac növləri (qırmızı kitaba düşən) olan meşələrdən ibarət idi.

    Alimlərin məlumatına görə hətta yaşadığımız dövrün özündə belə, Böyük və Kiçik Qafqaza xas olan 600 bitki növündən 540-ı Laçın bölgəsində təbii olaraq bitir. Belə füsunkar təbiəti saxlamaq üçün Laçında tarixən yasaqlıqlar olmuşdur. Bu yasaqlıqlar Türkün Tanrıçılıq dövründə bütün dövrlərdən üstün olmuşdur. Çünki, Tanrıçılığın ən başlıca meyarı, dini-mənəvi dəyəri insanın təbiətə müdaxiləsinin qadağan olması idi. Laçın Kiçik Qafqaz sayılır və burada dağların yamacları əsasən enliyarpaqlı, ara-sıra iynəyarpaqlı meşələrlə örtülmüşdür və burada meşələrin yayılmasında müəyyən bir qanunauyğunluq mövcud olmuşdur. Laçının dağ yamaclarında əsasən qırmızı palıd, vələs, göyrüş, şam, akasiya, qovaq, söyüd, dəmirqaya, üvəs, ağcaqayın, cökə, yemişan, ardıc, ara-sıra cır armud, cır alça, cır alma, cır əzgil, zoğal, qoz, fındıq, qarağat, qaraağac, hər yerdə yayılmış itburnu kolu (həmərsin) və s. çoxluq təşkil edirdi. ( Ziyadxan Nəbibəyli “Laçın-85”. Bakı. “Araz” nəşriyyatı, 2009-150 s.)

    Laçın rayonunda olan Piçənis və Hacışamlı meşəliklərində dünya şöhrətli qırmızı palıd 4000 hektardan artıq sahəni əhatə edirdi. Həb əsrin əvvəllərində fransızlar Firəng yolu (Piçənis – Xankəndi yolu ) çəkərək qırmızı palıdı daşıyıb konyak istehsalı üçün çəllək istehsalında istifadə edirmişlər.

    Laçın rayonunda Həkəri çayının sağ sahilində yol tikinti idarəsinin həyətində diametri 210 sm, hündürlüyü 26 m, yaşı 400 il olan 1 ədəd şərq çinarı, Zabux kəndində diametri 210 sm, hündürlüyü 25 m, yaşı 400 il olan 1 ədəd şərq çinarı təbiət abidəsi kimi qeydə alınaraq qorunurdu.

Laçın rayonunda Meşə təsərrüfatının dövlət meşə fondunda 1092 ha sahəni əhatə edən 5, 6, 8, 10, 18, 32, 57 saylı meşə məhəllələrində ardıc ağacı xüsusi  olaraq qorunurdu. Dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən həmin meşələrdə şabalıd və qaraçöhrə ağacları mühafizə edilirdi.

    Azərbaycan Respublikası Nazirlər Sovetinin 17 noyabr 1987-ci il 408 № -li qərarı ilə Qaragöl (Sevliç) Respublikalararası Dövlət Təbiət qoruğu yaradılmışdır. Qaragöl Dövlət Təbiət qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir. Qoruğun ümumi sahəsi 240 hektardır. Buraya 176 hektar İşıqlı Qaragöl akvatoriyası və gölün sahili boyunca 100 metr enində 64 hektar quru sahəsi aiddir.

    İşıqlı Qaragöl (Sevliç) dəniz səviyyəsindən 2658 m. hündürlükdə, Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbəyinə yaxın ərazidə Böyük İşıqlı dağının (3548 m) şimal ətəyində, şimal-qərbdən Dəmirdaş və Kiçik İşıqlı (3452 m) dağı ilə, şimaldan Canqurtaran (2790 m) dağı, şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunmuşdur. Bu göl sönmüş vulkan katerini xatırladan relikt su mənbəyidir.

    Gölün uzunluğu 1950 m, eni 1250 m, sahil xətinin uzunluğu 5500 m, dərinliyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 m2 –dir. Hesablamalara görə, göldə suyun həcmi 10 mln. m3-dir. Gölün dibi sahilə yaxın yerlərdə müxtəlif ölçülü daşlardan ibarətdir. Mərkəzə doğru isə daşların (süxurların) ölçüsü azalır və nəhayət mərkəzi hissəsi xırda dənəli çöküntülərdən ibarətdir.

    Oktyabr ayının ikinci yarısından aprelin axırlarına kimi gölün səthi donmuş olur. Sahildən mərkəzə doğru 20-25 metrə qədər məsafədə buzun qalınlığı 50 sm-dən çox olur. Burada qarın qalınlığı isə 40-45 sm-ə çatır.

     Qoruqda 102 bitki növü var. Gölə heç bir yerdən su axımı yoxdur. Suyu çox təmiz və şəffaf, həm də şəfalı olduğu üçün xalq bu gölə müqəddəs ibadət yeri kimi baxırdı.

   Laçın Dövlət Təbiət yasaqlığının sahəsi 21,4 min hektar olub. Həmin sahənin 7369 hektar və ya 34,5 %-i meşə ilə örtülü idi. 1448 hektar və ya 6,8%-i alp çəmənliyi, 7430 hektar və ya 34,8%-i subalp çəmənliyi, 4257 hektar və ya 20%-i otlaqlar, 862 hektar və ya 4%-i qayalar və uçqunlar, 34 hektarı isə xüsusi təyinatlı torpaqlar idi. Yasaqlığın ərazisi orta və yüksək dağlıq əraziyə xas olan relyefə malikdir.    Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq qorunurdu.

     Ən yüksək Qırxqızlar (2825 m), Şəlvə, Piçənis, Qorçu çayların axdığı dərin dərələr vasitəsi ilə dağ silsiləsi yaratmışdı. Yasaqlığın ərazisinə qışı quraq keçən, soyuq iqlim tipi hakimdir. Bitki örtüyünə görə yasaqlığın ərazisi İberiya palıdlarından ibarət olan dağ-meşə (1000-1700 m), şərq palıdından ibarət olan yuxarı dağ meşə (1700-2200 m), subalp (2200-250 m) və alp (2500-2800 m) çəmənlikləri qurşaqlıqlarına ayrılır. Subalp qurşağı üçün quraq yamacların bozqırlaşmış və nisbətən rütubətli yamacların mezofil çəmənləri, alp qurşağı üçün müxtəlif otlu çəmənliklərin üstünlüyü və alp xalısının zəif inkişafı ilə səciyyələnmişdir.

     Yasaqlığın ərazisində ibtidai, az qalın, çimli dağ çəmən, tipik karbonat qalıqlı, bozqırlaşmış qonur dağ meşə, çürüntülü-karbonatlı dağ-meşə, tipik və bozqırlaşmış qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Meşələrə nisbətən dağ-çəmən qurşağı və meşə qurşağının meşəsiz sahələri otlaq kimi antropogen təsirə çox məruz qalır.

    Bununla bərabər burada bir sıra vəhşi heyvan və quşların məskunlaşması üçün əlverişli şərait vardır. Onları sayı və növü kifayət qədərdir.

     1989-cu ildə yasaqlıqda aparılan yoxlama da: dağ-keçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, çoxlu sayda canavar, porsuq, dələ və s. heyvanlar, qırqovul 200 baş, kəklik 1500 baş və s. quşlar   qeydə alınmışdır.

    Yasaqlığın ərazisində Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) olub. Həmin ağacdan istifadə etmək üçün hələ çar hökuməti dövründə fransızlar çətin dağlar ilə, Xankəndindən Qırxqız dağını keçməklə, araba yolu çəkmişlər. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda qorunurdu.

  

   

   LAÇININ TARİXİNDƏN

  

   Laçın bölgəsi bütövlükdə Qarabağ, Qərbi Azərbaycanla birlikdə tarixin müxtəlif dövrlərində, müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olub.

   Qızılbaşlar dövləti süquta uğradıqdan sonra Laçın Qarabağ xanlığının tərkib hissəsi olub. Lakin xanlıqdan əvvəl Zəngəzur adlanan çox böyük sahəli sultanlığın, sancağın, mahalın olduğu ayrı-ayrı dövrlərdə də Qarabağın tərkibində olub.

   Keçmiş Zəngəzur ərazisi 7900 km2  olub. Murtuzu bəyin sultanlığı dövrlərində Zəngəzur Böyük Zəngəzur adlanıb və onun ərazisi 12000 km2 olub. Onu qərbdən Zəngəzur, Şərqdən Qarabağ dağları araya alıb. Şimala tərəf uzanan Qarabağ yaylaları bu iki dağı birləşdirən körpüyə bənzədir. O biri tərəfdə isə Şərur-Dərələgöz mahalının ərazisi başlayır. Mahalı araya almış bu dağlar və Yuxarı Qarabağ dağları çox möhkəm təbii bir istehkamdır. Zəngəzur dağları başı bəlalı olsa da, cəsur insanları üçün isə tarixən etibarlı sığınacaq idi. Zəngəzurun Yuxarı  Qarabağ adlanan yaylaqları çoxdur və Laçın torpaqlarının xeyli hissəsi buradadır. Tarixən Aran Qarabağın, Araz boyu isti yerlərin, Qarabağın heyvandarlarının əksəriyyəti bu yaylaqlara çıxardılar.

  Laçın dağlarına ulu babalarımız İşıqlı, Qızıl boğaz, Fərməc təpə, Mıxtökən, Qırxqız,  Lalalı dağları və s. adlarını vermişlər. Deyilən dağların əhatəsində bir dağ da var – Laçın dağı. Bu dağın ətəyində çox qədimdən abdal türk tayfaları məskən salmış, tayfanın adına uyğun olaraq Abdallar demişlər. Laçın şəhəri də Laçın dağlarının ətəyində yerləşən Abdallar kəndinin yanında salınmışdır. (Ziyadxan Nəbibəyli “Laçın-85”. – Bakı, “Araz” nəşriyyatı, 2009-150 s.)

   Uzun illər Zəngəzurun, Laçının tarixi, coğrafiyası, etnoqrafiyası Azərbaycan mütəxəssisləri tərəfindən öyrənilməyib, unudulub. Xüsusilə XX əsrin əvvəllərində Zəngəzurun İrəvan kimi ermənilərə “pay” verilməsi buranı bizlərə bağlı sahə etmişdi.

  Saxtakar ermənilər bundan istifadə etməklə Zəngəzurun və o cümlədən onun ayrılmaz hissəsi olan Laçının qədim abidələrini öz adlarına çıxmışlar, yaşayış məntəqələrinin, dağların, çayların, düzlərin tarixən formalaşan həqiqi azərbaycan-türk adlarını dəyişib erməni adları qoymuşlar.

  İstər eradan əvvəl, istərsə də yaşadığımız 1-ci və 2-ci minilliklərdə yunan, ərəb, şərq ölkələrinin bir çox yerlərindən, İrandan – Cənubi Azərbaycandan gələn səyyah və tacirlər Ordubad, Gilan çayı dərəsi ilə Gilan (Onun xarabalıqları indi də durur) şəhərlərinə gəlir, Gəmiqayanı keçərək Qafan, Qarakilsədən Həkəri çayını keçməklə müxtəlif tərəflərə istiqamət götürərdilər. Zəngəzurda, Qapıcıqla səsləşən və eyni kökdən bəhrələnən Qapçıqay (Qapıçıqay) dağı isə İşıqlı dağının şərq yamacındadır. Bu sözdəki “ay” ifadəsi bu yerlərdə Zərdüştlük (Atəşpərəstlik) dövründə yaşayan insanların Aya, Günəşə sitayişlə əlaqəlidir. O, dövrün qəbirüstü daşlarında da Günəş və aypara şəkilləri də bu fikri tamamlayan əlamətlərdəndir. Laçında, o cümlədən Zəngəzurda və ümumilikdə Kiçik Qafqazın bəzi dağ, daş, xüsusən yonquya gedən sal daşlarda da bu nişanələrə rast gəlmək mümkündür. Qeyd etdiyimiz kimi Laçının qədim yaşayış məskənlərində Atəşpərəstliyin bu və ya digər əlamətləri insanların məişətində, andında, danışıq tərzində Laçın işğal olunana kimi yaşayırdı.

  Zəngəzurun, Laçının və digər bölgələrimizin tarixi ilə az məşğul olunduğundan, bəzi tədqiqatçılarda qibləyə tərəf qoyulmamış qədim qəbirlərin ermənilərə məxsus olması fikrini irəli sürən səhv fikirlər də olmuşdur. İslama qədər dövrlərdə Azərbaycanda ölənlərin qibləyə tərəf dəfn edilmədiyini unutmaq olmaz. Daş üzərində həkk olunan bütün xaç işarələrini də erməni xaçı hesab etmək olmaz. Unutmaq olmaz ki, albanlarında qəbir daşlarında xaça oxşar nişanələr olmuşdur, lakin onlar xeyli fərqlidirlər. Albanlara xas olan qəbirüstü xaçların uc tərəfi ox şəkilli, bir tərəfi isə saya olsa da dörd ox eyni ölçüdədir. Bu dəlillər bizə qətiyyətlə – Zəngəzur torpaqlarının bütövlükdə ancaq Azərbaycan – türk torpaqları olmasına zəminlik yaradır.

  Zəngəzurun altun tacı Laçın – tarixən Zəngəzurla birlikdə Yuxarı Qarabağ (son illər Dağlıq Qarabağ adlandırırlar – 1923-cü ildən sonra) olmaqla Qarabağa aiddir. Eradan əvvəlki dövrlərdə bu torpaqlara Arsak (Ərsaq) da demişlər. Arsak toponiminin mənası Sakların torpağı, ərsaqların, qoçaq sakların məskəni, yurdu deməkdir. Bütövlükdə Kür-Araz düzənliyi və Yuxarı Qarabağ hələ Herodotun əsərlərindən bu günümüzə kimi Arsaq adını daşımışdır. Bu ərazilərin aran və yaxud dağlıq olmasından asılı olmayaraq onun toponimlərində başqa millətlərə xaslıq yoxdur.

     İslama, Alban tarixinə, Zərdüştlüyə, Günəşə-ocağa, Qurda inam dövrünə aid bir çox kilsələr, məbədlər, ocaqlar, pirlər hələdə qalmaqda idi. Oda-ocağa inam, istinad etmək Laçın bölgəsində hələ də qalırdı.

  Azərbaycanın istənilən bölgəsində Laçınlıları mərd, döyüşkən, vətənpərvər igidlər kimi tanıyırlar. Bu xüsusiyyət laçınlılarda 1915-1920-ci illərdə qulağı türklər tərəfindən kəsilmiş Andranikin Zabux dərəsində təpədən dırnağa silahlanmış dəstəsinin məhvində, Naxçıvanda, Zəngəzurda neçə-neçə kəndləri xaraba qoymuş, insanlarını vəhşi üsullarla məhv etmiş erməni Hjdenin Qarabağa yürüşünün qarşısının alınmasında, 1921-ci il daşnak partiyasının sədri Vratsyanın Zəngəzura və Qarabağa əks hücum niyyətinin ürəyində qalmasında və s. tarixi məqamlarda özünü çox qabarıq biruzə vermişdir.

   1988-1994-cü illərdə də Laçınlılar təmizqanlı, təmiz vicdanlı olduqlarını bir daha nümayiş etdirdilər və laçınlıların düşmənə qarşı döyüş salnaməsi böyük bir örnəyə çevrildi. Bu günə əlimizdə olan məlumata görə ancaq Laçın qeydiyyatında olan insanlardan 262 nəfər şəhid olmuş, 67 nəfər itkin düşmüş, 871 uşaq valideyn himayəsindən məhrum olmuşdur. Laçınlıların itkisi bununla bitmir. Ermənilərlə döyüşə Azərbaycanın hər bölgəsində və Respublikadan kənarda yaşayan laçınlılarda öz xoşları ilə getmişlər. Bu insanlardan şəhid olmuş və milli qəhrəman adı almış əsli laçınlı olan igidlər vardır.

 

 

TARİXİ MEMARLIQ ABİDƏLƏRİ

 

   İndiki Laçın rayonu ərazisində olan memarlıq abidələrinin demək olar ki, əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Abidələrin forma və üslubu divar daşları üzərindəki yazılar və süjetli oymalar bu sahədə çalışan görkəmli alimlərimizin apardıqları bir sıra tədqiqat işləri ilə müqayisə bunu tamamilə sübut edir.

 

Memarlıq elmləri doktoru D.A. Axundov və fəlsəfə elmləri namizədi M.D. Axundov Qafqaz Albaniyasının stellalarında dini simvolika və dünyanın mənzərəsi adlı məqalələrində (Azərbaycan Abidələri məcmuəsi №1, 1984-cü il, səh.81) göstərirdilər ki, düzbucaqlı çərçivə içərisində cızma texnikasında qadın, güman ki, ay allahı – Elena, Armetida, Ardivisura, Anakid təsvir olunmuşdur. Göstərilən stellalar bizim eranın xristianlıqdan əvvəlki dövrünə, bəlkə də daha qədim dövrə aiddir. Buna tamamilə uyğun olan belə bir stella Kosalar kəndində, Ağoğlan qəsrininin həyətində var. Yuxarıda deyilənlərə istinad edərək bu qənaətə gəlmək olar ki, bu ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrin bəlkə də bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrlərinə aiddir. Çoxdan məlumdur ki, indiki Kəlbəcər rayonu ərazisinin bir hissəsi Alban Xaçın Knyazlığının tərkibində olmuşdur. Ora yaxın olan Laçın rayonunun ərazisində bir sıra adları Xaçın, Xaçın adı ilə bağlıdır. Məsələn: Bozlu kənd ərazisində olan Xaçın daşı və s. ola bilsin ki, bir zamanlar bu yerlərin də bir hissəsinin Xaçın knyazlığı ilə əlaqəsi olmuşdur. Lakin buna baxmayaraq Ermənistanın bir sıra başbilənləri bilərəkdən bu abidələri özününküləşdirir, erməni abidələri adı ilə təbliğ edirlər. Belə ki, hətta Sovetlər dövründə maşın-maşın Azərbaycanın kəndlərinə gəlir, Qafqaz Albaniyası dövrü abidələrini, daş körpüləri, milli erməni abidələri olduğu barədə təbliğat aparır, azərbaycanlıların bu yerlərdə gəlmə olduqlarını əsassız dəlillərlə sübut etməyə çalışırdılar. Hətta ildə bir dəfə bu abidələrdə bayram şənliyi keçirməyi də unutmurdular. Belə şənliklər hərdən azərbaycanlılarla qalmaqalsız da keçinmirdi. Bu xüsusilə, Ağoğlan qəsri ətrafında daha çox müşahidə olunurdu.

   Ağoğlan qəsri Minkənd çayının kənarında, hündür bir yerdə yerləşir, qəsrin yeganə tağbənd giriş qapısı var. Qəsrin mühafizə divarının sağ tərəfində karvansara tipli bina inşa edilmişdir. Bu mühafizə divarlarından içəri tərəfdə yerləşdiyindən, mühafizə divarı bayır tərəfdən giriş qapısına qədər bu yaşayış yerini tamamlayır. Yaşayış yerinə qəsrin içəri tərəfindən giriş yolu yoxdur. Giriş və çıxış üçün buraya yalnız bayır tərəfdən qapı olub. Qəsrin həyətində (kompleksin daxilində) qəbiristanlıq yerləşir.

    Demək olar ki, Laçın rayonunun kəndlərinin əksəriyyətində yaylaq yollarında, ucqarlarda, Qafqaz Albaniyası dövrünə aid müxtəlif səpkili, müxtəlif tipli memarlıq abidələri mövcuddur. Mirik kəndi ərazisində, Mirik dərəsi deyilən sahədə torpaq daşdan aşılaması zamanı yerin altından daha bir abidənin daşları üzə çıxmışdır. Daşların üzərindəki cizgi və naxışlardan, bu tikinti qalıqlarında Qafqaz Albaniyası dövrü tikintilərindən olduğu məlum olur. Bu abidələrlə yanaşı bu ərazidə bir çox türbə, məscid və s. başqa tikintilərə də təsadüf olunur. Bu yəqin ki, islam dininin əhali arasında geniş yayılması və bu dinin təbliği ilə əlaqədar olmuşdur. Laçın rayonu ərazisində bu tipli abidələrin çox az qismi dövrümüzə qədər gəlib çıxmışdır. Çünki illər boyu şəxsiyyətə pərəstiş dövrünün sərt qanunları və ərazi iddiasında olan qonşu respublikanın daşnak ünsürləri tərəfindən bu abidələr daha çox dağıntılara məruz qalmışdır.

   Rayonun Cicimli, Güləbird, Zeyvə, Malıbəy, Yənqıça, Bülövlük, Araflı, Əliqululu, Malxələf, Soltanlar, Hüsülü, Kosalar, Seyidlər, Pircahan, Minkənd, Kürdhacı, kəndlərində və Laçın şəhərində daşdan yonulmuş 12 qoç fiquru, 28 at fiquru, 36 müxtəlif süjetli yazı və rəsmləri olan sal daş, müxtəlif dövrlərdə ərəb əlifbası ilə yazılmış, bir-birlərinə bənzəməyən fiqurlar, sənət rəmzləri həkk olunmuş qəbirüstü daşlar və Yaxşı ananın (Sarı aşığın sevgilisi) məzarı işğal edilib. Cicimlidə məbəd, qədim anbar, Güləbirddə Sarı aşığın qəbirüstü – ziyarətgahı, Zeyvədə Şeyx Əhməd, Soltanbaba, 2-ci Soltanbaba, Minkənddə XV əsr məbədi, Qarıqışlaqda Dəmirovlu pir-məbədi, Bülövlük kəndinin şimalında yerləşən qədim Kişpəyədə Alban məbədi, Piçənisdə Alban məbədi, Xan qəbiristanlığında Zəngəzurun sultanları Qara-Murtuza bəyin, 1-ci Alməmmədin, 2-ci Alməmmədin hasardakı türbələri, Şeyx Şamillə dostluq etmiş, ona köməklik göstərmiş Cəbrayıl bəyin türbəsi, Bütövlükdə Qaratel Paşabəy qızının mərmər türbəsi, Araflıda Murtuza Sultanın anasının türbəsi, Pircahan çayında Məşədi Mehralının arxitekturalı körpüsü, Minkənd körpüsü və xeyli bulaq üstü abidələrin aqibəti bu gün məlum deyildir. Bu yerlərin mürəkkəb relyefi sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olmuşdur. Bu körpülər memarlıq baxımından maraqlıdırlar. Onlar əsasən birtağlı və yaxud ikitağlı körpülərdir. Bu körpülər olduqca etibarlı və davamlıdırlar.

    Memarlıq abidələrindən Hoçaz kəndində mağara – məbəd (V əsr), Cicimli kəndində Məlikəjdər türbəsi (XIV əsr), adsız türbə (XVII-XVIII əsr), Zeyvə kəndində Kafir qalası (XVII əsr), Sultan Baba türbəsi, Şeyx-Əhməd türbəsi, adsız türbə (XIX əsr), Qarıqışlaq kəndində məscid (1718), Hüsülü kəndində Həmzə Sultan sarayı (1761), Həkəri çayı üzərində körpü (XVIII əsr), Ağoğlan çayı üstündə məbəd (XIX əsr), Güləbird kəndində türbə işğal altındadır.

    Bu ərazidə arxeoloji siyahısına daxil olan kurqanlar və xüsusi Qalalar daha çox maraq doğururlar. Tarix elmləri doktoru İ. Əliyev və tarix elmləri namizədi F. Qədirovla birlikdə yazdıqları: "Qəbələ şəhəri xarabalığının" Arxeoloji tədqiqinə dair məqaləsində deyilir: Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək, şəhər xarabalığını iki hissəyə ayırmışdı. Yerli əhali xəndəkdən şimal tərəfə olan hissəni "Səlbir", cənub tərəfi isə "Qala" adlandırır. Hər iki hissə və bəzən də şəhərin təkcə Qala hissəsi Gavur-Qala adlandırılmışdır. (Azərbaycan Abidələr məcmuəsi №1 1984-cü il səh. 32). Məlum məsələdir ki, öz dövrünün paytaxt şəhəri olan Qəbələnin yüksək inkişafı, özünün hakim olduğu, ətraf ərazilərinin tikintilərinə də təsir etməyə bilməzdi. Bəlkə də onun təsiridir ki, Qaraçanlı kəndində "Gavur-qala", Quşçu kəndində "qalacıq" və "Uşaq qalası", Mirik kəndində "Qala" bu tip abidələrdəndir. İlk baxışdan bu abidələr daha çox müdafiə xarakterli tikintilərə bənzəyirlər. Bu qalaların hər birindən demək olar ki, ətraf əraziləri tamamilə müşahidə etmək mümkündür.

   Quşçu kəndindəki "Uşaq qalası" deyilən abidə ərazisində su hovuzu üzə çıxmışdır. Buraya su çox güman ki, saxsı borularla (torpaq uçuntusu zamanı belə boru parçaları üzə çıxmışdır) "Korca bulaq" deyilən bulaqdan gətirilirmiş.

   Təbiətin füsunkar gözəlliyi ilə səslənən çox nadir sənət nümunələrindən sayılan incə zövqə cızma və qabartma üsulları ilə işlənmiş qəbirüstü abidələr, baş daşları, at və qoç fiqurları habelə stellalar, süjetli daşlar və s. bir çoxu hələ də öz forma və gözəlliyini saxlamışdır. Onların bir çoxu haqqında mötəbər mənbələrdə mütəxəssis rəyi, alim fikirləri, söylənilmişdir. Məsələn "Elm və həyat" jurnalı (1972-ci il №7), gənclik nəşriyyatı tərəfindən buraxılmış sənətşünaslıq doktoru R. Əfəndiyevin "Daşlar danışır" kitabını və s. misal göstərmək olar. Burada Zabux kəndi yaxınlığında Sümüklü qəbiristanlığı. Soltanlar (Hüsülü) və Seyidlər kənd qəbiristanlıqlarındakı at və qoç fiqurlarını, Cicimli kəndi yaxınlığındakı Məlik Əjdər türbələrinin rəsmlərini və s. aid etmək olar. Lakin indiyə qədər hələ qeydə alınmamış, tətbiq olunmamış Güləbird, Malxələf, Sonasar, Malıbəy, Bozlu, Qoşasu, Zeyvə və s. kəndlərin ərazilərdə onlarla belə abidələrə rast gəlmək olar. Belə abidələrdən biri, Zeyvə kənd ərazisində yerləşən Soltanbaba türbəsinin yaxınlığında oyma üsulu ilə işlənmiş süjetli bir daş daha çox maraq doğurur. Süjetdən göründüyü kimi, vəhşi bir heyvan (bəbirə daha çox oxşayır) bu yerlərin təbiətinə xas olan dağ keçisini qovur. Arxadan özünü yetirən atlı süvari çox güman ki ovçudur, Əlindəki nizə ilə bəbirə zərbə endirir, bəbir zərbədən qabaq atlıya tərəf çevrilmişdir. Qarşıda duran başqa bir piyada ovçu isə keçini yay-oxla nişan almışdır. Bu süjeti başqa cür də yazaraq olar, atlı ovçu vəhşi heyvanları bərədə durmuş ovçuya tərəf qovur, bərəyə çatdıqda isə keçini oxla nişan alıb vurmaq istəyir. Hər iki halda bu süjet bir zamanlar yerli əhalinin ovçuluq məşğuliyyətini açıq göstərir. Belə obrazlı süjet xarakterli oymalara bu ərazinin müxtəlif yerlərində rast gəlmək olar.

    Sonasar kəndində tapılmış bir daş da maraqlıdır. Bu daşın alt oturacağı yastı, üst tərəfi isə aşırımlıdır (dördkünc deyildir). Daşın qarşı tərəfində günəşin əksi verilmiş, yan tərəfdə isə iki nəfərin əksi, çox güman ki, döyüşçü və ya ovçular, yaxınlarında onlara məxsus ov və ya döyüş ləvazimatı olan xəncər, nizə ucluqları və s. verilmişdir. Qəbirüstü abidələr içərisində baş daşları xüsusi əhəmiyyət kəsb edir. Forma və üslubca milli ornamentli baş daşları əsrlər boyu bu  xüsusiyyətləri özündə qoruyub saxlamış və bu günümüzə qədər gəlib çıxmışdır. Ustad sənətkarlar, bu daşlarda matəm sükutuna bir həzinlik gətirən elə bir naxış və yazı üslubu axtarıb tapmışdılar ki, bu da öz növbəsində belə cansız quru daşlar üzərində yaradılmış bir estetik gözəllik, sanki bir məğrur həzinlikdə qovuşmuşdur.

   Adətən dağları, meşələri, səfalı yaylaqları çeşməsiz, bulaqlarsız təsəvvür etmək mümkün deyildir. Bu da təbiətin pozulmaz qanunlarından biridir. Təsadüfi deyildir ki, ulu əcdadlarımız suyu da torpaq kimi ocaq kimi, çörək kimi müqəddəsləşdirilmiş and yeri etmişdilər. Elə indinin özündə də yeri düşəndə belə andlara tez-tez rast gəlmək olur: "O su haqqı", "0 suyun mələkləri haqqı" və s. Bu müqəddəslikdən irəli gələn bir hikmətdir ki, deyirlər "Su haram götürməz”. Bulaq yanında həmişə ehtiramla keçərlər, adını ehtiramla yad edərlər. Ta qədimlərdən bu yana mənim müdrik xalqımın, ağsaqqal övladları özlərinin artıq mal dövlətlərini xalq yolunda təmənnasız xərcləməyi "Savab" iş biliblər el üçün su çəkdirib, körpü saldırıblar. Bu ənənə bu gün də davam etməkdədir. Təkcə yetmişinci illərdə rayonun Əhmədli kəndində Seyid Əmir körpüsü, Mirik kəndində Mahmud körpüsü, Qarıqışlaq kəndində Molla Teymur bulağı və s. tikilmişdir. Axırıncı adı çəkilən Teymur kişi anadan gəlmə hər iki gözü kor olmuşdur. Özü dünya işığına möhtac olan bu qoca, özünün qayğıya möhtaclığını unudub, ürəyində el qayğısı çəkirdi. Öz şəxsi vəsaitini kəndinin firavanlığı üçün xərcləyirdi. Bu ərazilərdə bir qisim abidələr isə bulaq üstü abidələrdir. Yəni kənd içərilərində və ətraf yerlərində, yurd yerləri yaxınlığında (yaylaqlarda) bulaqların üstündə inşa edilmiş abidələrdir. Bu abidələr tağbənd formada olub, içinin eni 3-4 metr uzunluğu isə 6-7 metr olur. Bunun da əhəmiyyəti ondan ibarətdir ki, yayda günün istisindən, payızda qışda isə yağışdan insanları qoruyur.

 

Alı Xəlifə ocağı

 

   Laçın rayonu Böyük Seyidlər kəndində yerləşirdi. Alı Xəlifə Qarabağın ən nüfuzlu ağsaqqallarından, ağır seyidlərdən biri idi. Ağa Böyük Seyidlər kəndində rəhmətə getmişdir. Sərdabəsi kənd qəbiristanlığındadır.

   Onun müqəddəs məzarı Qarabağ camaatının ən ulu səcdəgahlarından biridir.

 

Seyid Hüseyn ağa ziyarətgahı

 

    Laçın rayonu Böyük Seyidlər kəndində yerləşirdi. Seyid Hüseyn ağa cəddinin müqəddəsliyini qoruyub saxlayaraq insanların rəğbətini qazanmış və onların ziyarətgahına çevrilmişdi. Ağanın evinə və ocağına olan inamın müqabilində külli miqdarda nəzir gələr, o isə nəzirin bir hissəsini onların özünə qaytarır, digər hissəsini isə fağır-füğaraya paylayardı.

 

Güllü qəbir piri

 

Laçın rayonu Böyük Seyidlər kəndində yerləşirdi. Hacı İbrahim ağa Qarabağın adlı-sanlı seyidlərindən olan Xudavəndə Xəlifənin nəvəsi idi. Hacı seyid İbrahim ağanın məzarı Seyidlər kəndinin qəbiristanlığındadır və ağır ziyarətgahlardan sayılır. Ağanın ocağında qızılgül bitmişdi. Elə ona görə də məzarına "Güllü qəbir" deyirlər

 

 

MİLLİ QƏHRƏMANLARI

 

·       Oqtay Güləli oğlu Güləliyev (1962-1992)

·       Kamil Baladə oğlu Nəsibov (1946-1992)

·       Qorxmaz Alış oğlu Eyvazov (1967-1994)

·       Fazil Umud oğlu Mehdiyev (1966-1991)

·       İsrafil Şahverdi oğlu Şahverdiyev (1952-1994)

 

 

GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ

 

 

·       Əvəz Verdiyev – Sovet İttifaqı Qəhrəmanı.

·       Sultanov Xosrov Paşabəy oğlu (1879-1947) – ADR-in dövlət və siyasi xadimi, Şuşanın (Qarabağın) general-qubernatoru.

·       Şahsuvarov Nurməmməd bəy Əbilxan oğlu (1883-1958) – Azərbaycan SSR Xalq Maarif Komissarının müavini.

·       Sultanov Sultan Paşa bəy oğlu – Xalq qəhrəmanı.

·       Əbdürrəhmanov Nadir Qəmbər oğlu – Azərbaycanın xalq rəssamı, Əməkdar incəsənət xadimi.

·       İlyasov Müseyib İbrahim oğlu (1884-1944) – Azərbaycan SSR Maarif naziri.

·       Cabbarov Xasay Mahmud oğlu – Filologiya elmləri doktoru, professor.

·       Şahsuvarov Tofiq Surxay oğlu – Geologiya-mineralogiya elmləri doktoru, professor.

·       Sadıqov İsmayıl Camal oğlu – Texniki elmlər doktoru, professor.

·       Muradov Şahbaz Musa oğlu – İqtisad elmlər doktoru, professor.

·       Aslanov Şirindil Həsən oğlu – Filologiya elmlər doktoru, professor, “Elm” nəşriyyatının direktoru.

·       Əhmədov Oqtay Bəşir oğlu – Tarix elmlər doktoru, professor.

·       Süleymanov Məhəmməd Qəhrəman oğlu – SSRİ-nin “Fəxri neftçisi”, “Əməkdar neft mühəndisi”.

·       Həmzəyev Muxtar Əliş oğlu – Psixologiya elmləri doktoru, professor.

·       Cəfərov Maarif Əli oğlu – Fizika-riyaziyyat elmləri doktoru, professor.

·       Yusifov Əli Allahverdi oğlu – Texnika elmləri doktoru, professor.

·       Mehdiyev Məhəmməd Fərman oğlu – Fizika-riyaziyyat elmləri doktoru, professor, EA-nın müxbir üzvü.

·       Məmmədov Mahmud Həmid oğlu – texnika elmləri doktoru, professor.

·       Sari Aşıq – XVII əsrdə yaşayan ustad aşıq.

·       Ağa Laçınlı (1940-2007) – Şair.

·       Səbahəddin Eloğlu – Şair, publisist, jurnalist.

·       Cahangir Məmmədov – Arxitektor, rəssam, qrafika ustası.

·       Xəlilov Məhəmməd İbrahim oğlu (1925) – Laçın rayon DİŞ Cinayət Axtarış şöbəsinin sabiq rəisi.

·       Vəliyeva Şərqiyyə Əkbər qızı (1936) – Sosialist Əməyi Qəhrəmanı, “Qəhrəman ana”. 

 

 

 

MƏNBƏ:

 

1. Faiq İsmayılov: “Tarixin faciəsi: Laçın” “Nurlar” 2003

2. Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu – Müharibə və tarixi-mədəniyyət abidələrimiz. Bakı 2006.

3. Ziyadxan Nəbibəyli “Laçın-85”. Bakı. “Araz” nəşriyyatı, 2009-150 s.

4. Rövşən Novruzoğlu. GENOSİD…ECOCİD. Bakı, “Adiloğlu” nəşriyyatı-2006.

Xəbər lenti

• 15.11.2019, 17:17

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

• 15.11.2019, 16:17

Müxalifətçi gənc Müsavatı yıxıb-sürüdü: Xəyanət edirsiniz və buna uyğun da cavabınızı alacaqsınız

• 15.11.2019, 15:43

Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub (FOTO)

• 15.11.2019, 14:17

Bakı məktəblisi ermənini məğlub etdi, qızıl medal qazandı

• 15.11.2019, 14:09

Dünya erməniləri Qarabağ üçün pul toplayacaq

• 15.11.2019, 13:20

Şuşa erməni teatrı Laçında “Tülkü və durna” kukla tamaşasını göstərəcək…

• 15.11.2019, 13:15

“Ermənistanda bioloji laboratoriyaların mövcudluğu ilə bağlı deyilənlər araşdırılmalıdır”

• 15.11.2019, 13:13

Dini liderlər dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə çağırıblar

• 15.11.2019, 13:06

Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı

• 15.11.2019, 12:53

Los Anceles sinaqoqunda Qarabağ həqiqətlərinə həsr olunmuş geniş tədbir keçirilib

• 15.11.2019, 12:50

Ermənistan özünə uydurduğu tarixin girovluğunda

• 15.11.2019, 12:45

ABŞ və Rusiyadan Ermənistana qoşa şapalaq: İrəvana iki bəd xəbər

• 15.11.2019, 10:09

Atəşkəsi iriçaplı pulemyotlar və snayperlər pozdu – 20 dəfə

• 14.11.2019, 16:00

Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ – ABŞ-dan ŞOK QƏRAR

• 14.11.2019, 15:31

“Bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılıb”

• 14.11.2019, 15:24

Dariqa Nazarbayeva Yerevana gəlib

• 14.11.2019, 15:22

UEFA “Qarabağ”a 781 min avro ödədi

• 14.11.2019, 15:17

Paşinyan satanistlərlə bağlı tapşırıq verdi

• 14.11.2019, 15:14

Erməni jurnalistlər Bakıya GƏLİR

• 14.11.2019, 15:09

Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib

• 14.11.2019, 15:07

Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə

• 14.11.2019, 9:52

Atəşkəs 21 dəfə pozuldu

• 13.11.2019, 18:14

ABŞ-dakı ermənilər Ərdoğanın səfərinə etiraz aksiyası hazırlayıblar

• 13.11.2019, 16:12

Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: Onun haqqında nə deyilirdi?

• 13.11.2019, 16:08

Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930