Ermənistan çökür – işğalçı ölkə bütün istiqamətlərdə məğlub durumda
Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədə vurduğu ağır zərbə Ermənistanın içəridən çöküşünü sürətləndirib. Məğlubiyyət işğalçı ölkənin hakimiyyətini sarsıdıb. Artıq dünən müdafiə naziri David Tonoyan da istefa verib.
Yaşananları izləyən siyasi ekspertlər hesab edir ki, Ermənistan sonu heç də yaxşı olmayan qaranlıq tunelə daxil olub və oradan çıxması hələ ki, mümkün görünmür. Belə vəziyyətdə suallar da meydana gəlir ki, Ermənistan qismən məğlubdur, ya tam? Hazırda düşmən ölkənin üzləşdiyi vəziyyət nədir? İndən sonra orada durum hansı istiqamət üzrə inkişaf edəcək?
Ağ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Ermənistanı tam məğlub olmuş hesab eləmək olar: “Qismən məğlubiyyətdən söhbət getmir. Qismən məğlubiyyət deyiləndə Xocalı, Xocavəndin bir hissəsi, Xankəndində ermənilərin qalmasından söhbət gedirsə, bu ərazilər də Azərbaycanın yurisdiksiyasına daxil olacaq və o ərazilərdə də Azərbaycan bayrağı dalğalanacaq və orada yaşayanlar Azərbaycan vətəndaşları olacaqlar. Sadəcə olaraq bir müddət orada sülhməramlılar olacaq ki, erməni mənşəli əhali ilə azərbbaycanlılar arasında qarşıdurmalar olmasın. Bu baxımdan da Azərbaycanı qalib, Ermənistanı tam məğlub hesab etmək olar. Azərbaycan bu müharibəni şəhidlərinin qanı, canı hesabına udub. Ermənistanda hazırkı vəziyyət çox qəlizdir. Çünki ordusunun çox ciddi hissəsini, işğalda saxladığı torpaqları itirib. Ermənistanın çöküşü hələ qarşıdadır. Məğlubiyyət onları bir-birinə düşmən kəsib, eyni zamanda iqtisadiyyatları da çökür və çökməkdə davam edəcək. Ermənistanın fəlakətdən ancaq Azərbaycanla normal qonşuluq münasibətləri xilas edə bilər. Bunu dərk etsələr bəlkə xilas oldular”.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirdi ki, Ermənistan əlbəttə tam məğlubdur. İşğal etdiyi ərazidən çıxması da onların məğlubiyyətinin açıq nümayişi oldu: “Eyni zamanda Ermənistanın yüksək vəzifələrindən istefa verən məmurları, generalları da ağır məğlubiyyətlə üz-üzə qaldıqlarını, fəlakətlə üzləşdiklərini etiraf edirlər. Hazırda Ermənistan dərin siyasi böhranla üz-üzədir. Ermənistan sonu görünməyən daxili çəkişmələr, intriqalar bataqlığında boğulacaq. Hər gün bir nazirin istefası, küçələrdən insanların yığışmaması və Paşinyanın istefasını tələb edənlərin günbəgün artması bütün bu böhranın dərin təzahürləridir. Düşünürəm ki, Ermənistanda siyasi böhranla yanaşı həm də ciddi iqtisadi böhran yaşanmaqdadır. Azərbaycan torpaqlarından köçən ermənilərə 68 min dram (200 manat) birdəfəlik yardım edilməsi olduqca acı durumdan xəbər verir. Əminəm ki, Ermənistanda mövcud siyasi və iqtisadi böhran günbəgün dərinləşən xətlə davam edəcək. Və çox yaxın zamanlarda bu böhran kontroldan çıxaraq Ermənistanı xaosa doğru aparacaq. Hazırda Fransa başda olmaqla öz himayadarlarına güvənərək Azərbaycana diş atmaq istəyib də ortada qalmış məğlub bir Ermənistan ortadadır. Azərbaycan xalqı böyük zəfərini qeyd edir, erməni xalqı isə öz siyasi məhvlərini və bu günə qədər yalan üzərində qurduqları “böyük Ermənistan” ideyasını dəfn edir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”