“Eşşək” Moskvaya dəvət olundu və dəstək vəd edildi…

Ətraflı

Soçi erməniləri Kəlbəcərdə buğlanır, biz buralarda qaz dərdi çəkirik…

Ətraflı

Beriya erməni birinci katibi niyə güllələdi?

Ətraflı

Sərkisyan buna görə Meğrini və 7 rayonu qaytarmaq istəyirdi

Ətraflı

Ermənilərin Türkiyədən köçürülüb gətirilməsi

1826-1828-ci illər Rusiya-İran müharibəsində qələbədən ruhlanan rus
ordusu 1828-ci il iyunun 14-də Paskeviçin komandanlığı altında Gümrü
yaxınlığından Arpaçayı 12 minlik qoşunla keçərək Şərqi Anadoluya hücuma
başlayır və iyunun 23-də Qars qalasını ələ keçirir. Hücumu genişləndirən ruslar
iyulun 24-də Axılkələyi, avqustun 15-də Axıskanı, 22-də Ərdəhanı, 28-də
Bayazidi tutdular. 1829-cu ilin yazında müharibənin yenidən qızışması nəticəsində
rus ordusu Ərzurumu, daha sonra Muşu, Oltunu, Bayburdu işğal edir.

 


 

 

Rus ordusunun türk qoşunları üzərində qələbələrinin təmin edilməsində
erməni silahlı dəstələrinin və Şərqi Anadoluda yaşayan ermənilərin böyük rolu
olmuşdur. Müharibənin əvvəlində yeni təşkil edilmiş Erməni vilayətinin ərazisində
2800 nəfərdən ibarət piyada və kavaler dəstələri təşkil edilmişdir. Bu dəstələr
çox zaman rus qoşunlarının önündə gedirmişlər.

 


 

 

Birinci və ikinci Rusiya-İran müharibələri nəticəsində İrəvan xanlığının
ərazisindən qaçqın düşmüş azəri türkləri Şərqi Anadoluda türk paşalıqlarının ərazilərində
sığınacaq tapmışdılar. Daha öncədən-rusların “1801-ci ildə Gürcüstan
işğalından sonra Borçalı və Qazax boyları ilə Qarapapaq uruğundan (tayfasından)
gələn tərəkəmə türkləri qaçıb köçərək Çıldır və Arpaçayı kəndlərində yerləşmişdilər”.
Rusların Şərqi Anadoluya hücumu zamanı qırğınlara və yenidən köçməyə məruz
qalanların əksəriyyəti yenə də azəri türkləri idilər. Bu dəfə onlar Türkiyənin
içərilərinə doğru köçməyə məcbur olmuşdular.

 


 

 

Türk tarixçisi Kemal Beydili “1828-1829-cu illərdə Osmanlı-rus
savaşında Şərqi Anadoludan Rusiyaya köçürülən ermənilər” adlı
araşdırmasında həmin dövrün qaçqınlıq faciəsini rəsmi qaynaqlar əsasında belə təsvir
edir: “Ərzurumu ələ keçirən ermənilər düşmən önünü beləcə boş görüb
Bayburda qədər getmiş və ətrafdakı qəzaları da dəhşətə salmışdılar. Ətraf əhali
ya ruslara boyun əymək, ya da yollara düşüb sağa-sola dağılmaqdaydılar. Ərzurum
və Ərzincan ətraf kəndlərində sığınacaq yerləri alan Qars və Axıska mühacirləri
bu halı görüncə, Şərqi Qarahisar tərəflərinə doğru yönəlməkdəydilər. Minlərlə
insanın yollara düşərək təlaş içində köç etmələrinə şahid olanların gözlərinə
isə bu durum, sanki bunların “arxalarından gavur sürüb götürürmüş kimi dəhşətverici”
bir şəkildə təqib edilir və hər tərəfi vahimə içində tərk edirdilər. Kəlkit,
Şirlan, Gümüşxana, Ərzincan, Tercan və Şərqi Qarahisar bölgələrindəki xalq da
bu hal qarşısında vəsvəsə edərək hər biri bir tərəfə köçməyə və dağılmağa
başlamışdır”.

 


 

 

1829-cu ilin avqustunda ruslar Balkan cəbhəsində İstanbula yaxınlaşan
zaman II Sultan Mahmud barış istəmiş və sentyabrın 2-də Ədirnə müqaviləsi
imzalanmışdı. Müqaviləyə görə Axılkələk və Axıska bölgələri Rusiyanın tərkibinə
keçmiş, işğal edilmiş qalan ərazilərin Türkiyəyə qaytarılması qərara alınmışdı.

 


 

 

Ədirnə müqaviləsinin 13-cü maddəsinə əsasən, Türkiyənin işğal olunmuş ərazilərində
qalan ermənilərə 18 ay müddətində daşınan əmlakları ilə Rusiyanın tabeliyinə
keçmək hüququ verilmişdi. Rusların Qars, Ərdahan, Bayazid, Ərzurum və digər
bölgələrdən geri çəkilməsi türklərə xəyanət edən erməniləri çıxılmaz vəziyyətə
salmışdı. Erməniləri bu vəziyyətdən xilas etmək üçün rus qoşunlarının
komandanlığı onları yeni işğal edilmiş ərazilərə köçürməyi və bununla da Türkiyə
ilə sərhəd boyu ərazilərdə xristianların say üstünlüyünü təmin etməyi qərara
almışdı. Bu məqsədlə də 1829-cu il oktyabrın 10-da Paskeviç imperator I
Nikolaya yazdığı raportunda göstərirdi: “Bayaziddə 2 min erməni bizim əsgərlərin
cərgəsində vuruşmuşdular, Ərzurumda xristian əhalisinin böyük hissəsi bizim
dini bayramı qeyd etmişlər; Qarsda ermənilərdən ibarət 800 nəfərlik könüllü
batalyon təşkil edilmişdi, onların ailələrindən – 10 min nəfərinin başının
üstünü labüd təhlükə almışdır. Bu bədbəxt qurbanlara diqqətinizi yönəldin,
Rusiyaya göstərdikləri məhəbbətə görə Osmanlıların onlardan qisas almasına yol
verməyin.

 


 

 

Ona görə də cəsarət edib Əlahəzrət imperatordan mənə bu ailələri
Gürcüstan və Erməni vilayətlərində yerləşdirmək ixtiyarını verməsini xahiş edirəm.

 


 

 

Zənnimcə, köçürülən hər bir ailəyə orta hesabla 50 gümüş rubl kifayət edəcəkdir”.

 


 

 

Noyabrın 18-də hərbi nazir Çernışev Paskeviçə cavab göndərir ki,
imperator onun təklifini bəyənmişdir. Bundan sonra Paskeviç dərhal əməli fəaliyyətə
keçir. O, dekabrın 3-də Gürcüstan mülki qubernatoruna məktub yazaraq göstərir
ki, artıq Türkiyə paşalıqlarında yaşayan xristianların Gürcüstana və Rusiyaya mənsub
vilayətlərə köçmək istəyən və bunun üçün maddi yardım tələb etməyən ailələrinə
yola düşmək üçün bilet (vəsiqə) verməyi yerli qoşun rəislərinə icazə vermişəm.
Bundan istifadə edən bir çox ailələr dərhal yola düşürlər. Qars və onun ətrafından
köçənlər onların yaşadıqları ərazilərin iqlim şəraitinə uyğun olan Ələyəz
(Alagöz) ətrafındakı boşalmış kəndlərdə məskunlaşdırılmışdılar. General
Pankratyev Paskeviçə xəbər verir ki, Loru dərəsində yerləşmək üçün 95 ailəyə
bilet (vəsiqə) vermişdir. General mayor Bereman həmçinin Qarsdan çıxıb Gümrüyə
yola düşən 400 ailəyə bilet verdiyini bildirmişdi. Paskeviç köçürmə işlərinə və
köçürülən ailələrin məskunlaşdırılması işinə rəhbərlik etmək üçün xüsusi komitə
təsis etmişdi. Komitənin fəaliyyəti üçün 12 maddəlik ümumi qaydalar müəyyən
etmişdi. Bu qaydalar aşağıdakılardan ibarət idi:

 


 

 

1. Köçürülənlər Rusiyanın ərazisinə daxil olan kimi onların qayğısı üçün
bütün sərəncamları köçkünlər komitəsi verəcəkdir.

 

 

2. Köçürülmə prosesi sona yetənədək, köçürülənlərin hamısı yaşayış yerlərində
məskunlaşdırılanadək, kəndlərdə köçkünlərin təsərrüfat qayğıları həll edilənədək
komitə öz fəaliyyətini davam etdirməlidir. Bundan sonra Baş komandanlıq hesabat
verib fəaliyyətini dayandırmalıdır.

 

 

3. Komitə dərhal Gürcüstanda və digər əyalətlərdə boş dövlət torpaqları
haqqında məlumat toplamalıdır.

 

 

 4. Bütün köçkünlər üç zümrəyə
ayrılmalıdırlar: 1) tacirlər və alverçilər, 2) sənətkarlar və istehsalın hər
hansı növündən baş çıxaranlar, 3) əkinçilər və yaxud kəndlilər. Köçkünlərin məskunlaşdırılması
zamanı tacirləri və sənətkarların şəhərlərə və bu işlə məşğul olmağa imkan olan
yerlərdə, kəndliləri isə kəndlərdə yerləşdirmək, bu zaman iqlim şəraitini və əvvəlcə
məskunlaşdıqları səviyyəni nəzərə almaq lazımdır. Yelizavetopolda (Gəncə), digər
şəhər və əyalətlərdə boş dövlət evləri vardır, ona görə də sənətkarları və
tacirləri həmin yerlərdə yerləşdirməyi komitə nəzərdə tutmalıdır.

 

 

5. Köçkünlər Komitəsi Türkiyə ərazisində köçürülənlərin siyahısını hərbçilərdən
tələb edən zaman onların haradan köçürüldükləri, hansı işlə məşğul olmaları
haqqında məlumat verməyi tələb etməlidir.

 

 

6. Komitə çalışmalıdır ki, köçürülən kəndlər bütövlüklə, bu mümkün
olmazsa, qonşuluqda yerləşdirilsinlər.

 

 

7. Komitə köçürülənləri lazımi qədər torpaqla təmin etməlidir (hər kənddə
ailələrin, hər ailədə nəfərlərin sayına mütənasib olaraq.

 

 

8. Köçürülənlər bütünlüklə dövlət torpaqlarında, əgər kifayət etməsə,
kilsə və mülkədar torpaqlarında yerləşdirməlidirlər.

 

 

9. Köçürülənlər 6 il müddətinə vergilərdən, 3 il müddətinə torpaq mükəlləfiyyətindən
azad edilməlidirlər.

 

 

 10. Yeni köçürülən xristian kəndlərini
müsəlman kəndləri ilə qarışdırmamaq, onlardan ibarət ayrıca mahallar və dairələr
təşkil etmək lazımdır.

 

 

11. Köçürülənləri məskunlaşdırmaq üçün yer seçərkən rahatlığı, gözəlliyi
və yaxşı suyu olmasının qayğısına qalmaq lazımdır.

 

 

12. Köçürülən hər bir ailəyə orta hesabla 25 rubl gümüş pul həcmində köməklik
göstərilməlidir.

 


 

 

Köçkünlərin məskunlaşdırılması zamanı bu təlimata ciddi əməl edilmişdi.
İstər indiki Ermənistan və Gürcüstana, istərsə də Azərbaycanın Gəncəbasar və
Qarabağ əyalətlərinə köçürülən ermənilər yığcam halda, təbii gözəlliyi, yaxşı
iqlimi, saf suyu olan dağətəyi rayonlarda və şəhərlərdə yerləşdirilmişdilər.

 


 

 

1830-cu il yanvarın 22-də Paskeviçin Çernışeva göndərdiyi məlumatında
göstərilirdi ki, Qars və ətrafından keçən 2500 ailə onun sərəncamı ilə
yaşadıqları yerin iqlim şəraitinə uyğun olaraq Ələyəz yaxınlığında (Pəmbək
distansiyasında) boşalmış kəndlərdə yerləşdirilmişlər.

 


 

 

Türkiyə hökuməti onun ərazisində pərakəndə halda yaşayan ermənilərin
ruslar tərəfindən köçürülüb sərhəd boyu ərazilərdə yığcam halda yerləşdirilməsindən
ehtiyat edirdi. Ona görə də bu köçürmənin qarşısını almaq məqsədilə rusların gəlişi
zamanı ermənilərin türklərə etdiyi xəyanəti, törətdikləri vəhşilikləri
bağışlamaq, onlardan haqq-hesab çəkməmək qərarını verərək, fevralın 17-də yerlərdəki
ermənilərə “Əfvnamə”lər göndərirlər. Lakin Ərzurum ermənilərinin “qarabaşı”
(katolikosu) bu “Əfvnamə”lərə rəğmən, etdikləri cinayətlərin ağırlığını dərk edərək,
ruslar geri çəkiləndən sonra onlarla haqq-hesab çəkiləcəyinə əmin olduğu üçün
köçmək niyyətində olduqlarını bildirmişdi.

 


 

 

Ermənilərin köçürülməsinin qarşısını almaq məqsədilə Türkiyə tərəfi
işğala məruz qalan, lakin Ədirnə müqaviləsinin şərtlərinə əsasən boşaldılmalı
olan Ərzurum, Qars, Bayazid, Ələşgird və s. yerlərə açıq və ya gizli şəkildə öz
nümayəndələrini göndərmişdi. Ərzurum ermənilərinin köç işlərinə maneçilik göstərildiyi,
onların əmlak və torpaqlarının satılmasına türklərin əngəl törətdikləri haqda
işğal edilmiş ərazilərdə köçürülmə işlərinə rəhbərlik edən general Pankratyev
Paskeviçə şikayət məktubu göndərmişdi.

 


 

 

Köçürülən ermənilərin qoyub getdikləri əmlak və ərazilərin satılması məsələsini
həll etmək üçün Paskeviç mayor Vannikovu Ərzuruma nümayəndə kimi göndərmişdi.
Lakin ermənilərin sahib olduqları kəndlərin əksəriyyəti bir qədər əvvəl, yəni
müharibə zamanı təhlükəsiz yerlərə köçməyə məcbur olan və ermənilərin satış
yolu ilə aldıqları müsəlman kəndlərindən ibarət idi. Təkcə Qars bölgəsində bu
yollarla ermənilər 80 kəndə bütünlüklə, 15 kəndin isə yarısına yiyələşmişdilər.
Digər tərəfdən, Rusiyanın işğal etdiyi ərazilərdən (əsasən Axılkələk və Axıska
bölgələrindən) Türkiyəyə qaçan türklərin qoyub getdikləri əmlak və torpaqların
satışı müqabilində vəsaitin onlara çatmaması Rusiya tərəfini maraqlandırmırdı.
Ona görə də onlar daşınmaz əmlaklarını, mülklərini və torpaqlarını qoyub
gedirdilər.

 


 

 

Ədirnə müqaviləsində köçürülmə işləri üçün nəzərdə tutulan 18 aylıq müddətin
başa çatmasının yaxınlaşmasını və bu işin ləngidiyini görən Paskeviç 1829-cu il
fevralın 29-da Ərzurum və Qars valilərinə rus və türk dillərində məktub göndərərək
bildirir ki, Türkiyədən köçürülən katolik ermənilərin təmsilçiləri arximandrit
Tatosu, Müğdisi Karapeti və Ağacan Karapetyanı, frankların təmsilçiləri
Ter-Hovanes Matevosovu Ağacan Osipovu və Hakop Hanakovu Ərzuruma göndərmişdir
ki, ermənilərin qoyub gəldikləri əmlakların, taxıl sahələrinin və s. satışını təşkil
etsinlər.

 


 

 

Müqavilədə göstərilən müddətin başa çatması ərəfəsində, yəni 1831-ci il
aprelin 3-nə qədər tərtib edilən sənəddə Türkiyədən köçürülən erməni ailələrinin
təxmini sayı və məskunlaşdırıldıqları ərazilərin adları göstərilmişdir. Həmin sənədi
təqdim edirik:

 


 

 

Haradan
köçürülmüşdür
Köçürülən ailələrin sayı Harada məskunlaşdırılmışdır
Ərzurumdan

 

Ərdahandan

7288

 

67

1. 5000 ailə Axıskada (paşalığın ərazisində).
2. 1050 ailə Borçalı distansiyasında və Çalqa ətrafında
3. 1305 ailə Pəmbək və Şörəyel distansiyalarında
Qarsdan 2464 1. 2264 ailə Pəmbək və Şörəyel distansiyalarında
2. 200 ailə Talın mahalında
Bəyaziddən 4215 Erməni vilayətində – Göyçə gölü ətrafında, Baş Abaranda
Cəmi 14044 ailə  

 


 

 

Sənədin bu cədvələ əlavə qeydində göstərilir ki, heç də digər yerlərdəki
nümayəndələrin hamısı tam və dəqiq hesabat təqdim etmədikləri üçün neçə nəfərin
köçürüldüyü göstərilməmişdir. Əgər bir ailədə orta hesabla altı nəfər götürülsə,
nəticədə 84 mindən artıq erməni və yunanların köçürüldüyü məlum olur. Bəzi erməni
tarixçiləri köçürülənlərin 90 mindən artıq, bəziləri isə 100 minə yaxın
olduğunu göstərirlər.

 


 

 

Ermənilərin İrandan köçürülməsi zamanı fəallıq göstərən hərbçilər və din
xadimləri mükafatlandırıldıqları kimi, Türkiyədən köçürülmələr zamanı xidməti
olanlar da mükafatlandırılmışdılar.

 


 

 

Ərzurumdan ermənilərin köçürülməsi işindəki xidmətlərinə görə 1830-cu il
oktyabrın 20-də arxiyepiskop Karapet 1-ci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif
edilmişdi. Sonralar İmperator I Nikolay 1837-ci ilə Axıskaya gedərək Karapetlə
görüşmüş, həmin xidmətinə görə ona öz minnətdarlığını bildirmişdi.

 


 

 

İmperatorun fərmanı ilə 1831-ci il aprelin 24-də Türkiyədən köçürülən
ermənilərin təsərrüfat ehtiyaclarını ödəmək üçün verildiyi vaxtdan 4 il keçəndən
sonra, 6 il müddətinə faizsiz olaraq qaytarmaq şərti ilə xəzinədən 380 min
gümüş rubl ayrılmışdı.

 


 

 

Ümumiyyətlə, 1828-29-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra İ.
Şopenin Erməni vilayətində (keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində)
apardığı siyahıyaalınmanın nəticələrinə görə, vilayətin ərazisinə 21666 nəfər
(3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürdlərinin köçürüldüyü göstərilir,
Köçürülən ermənilər Qırxbulaq, Sürməli, Talın, Körpübasar, Abaran, Dərəçiçək və
Göyçə mahallarının 129 kəndində yerləşdirilmişdilər.

 


 

 

İndiki Ermənistan ərazisinin Şörəel və Loru-Pəmbək bölgələri
1801-1805-ci illərdə Gürcüstana birləşdirildiyindən Erməni vilayətinə daxil
edilməmişdi. 1829-cu ilə qədər, yəni Rusiya-Türkiyə müharibəsindən sonra ermənilərin
rəsmi köçürülməsinə qədər Şörəyel-Pəmbək distansiyasına 1536 ailə (5425 nəfər
kişi cinsi) köçürülmüşdü. Sonra isə Türkiyədən 3148 ailə (10575 nəfər kişi
cinsi) köçürülmüşdü. 1832-ci ilin sonu, 1833-cü ilin əvvəlində Türkiyədən
Zalqaya köçürülən ermənilərdən 182 ailə (674 nəfər kişi cinsi) yenidən Şörəyel-Pəmbək
distansiyasına köçürülmüşdülər. Köçürülənlərin arasında 169 yunan və 963 nəfər
erməni katolikləri (frankları) var idi. Şörəyel-Pəmbək bölgəsində 100-ə yaxın kənddə
Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdilər. Şörəyel bölgəsinin (Gümrü ətrafı
– indiki Axuryan rayonu) əhalisinin vaxtilə Türkiyədən köçürülən ermənilərdən
ibarət olması haqqında Z. Balayan «Ocaq» kitabında yazır: «Demək olar ki, bu
bölgənin bütün əhalisi Qars, Van, Muş və Bidlisdən, Qərbi Ermənistanın bir çox əyalətlərindən
olan bədbəxt qaçqınlardan ibarətdir. Hesablanmışdır ki, vaxtilə Axuryan
rayonunda (keçmiş Düzkənd rayonu) Qərbi Ermənistanın 80-dan artıq yaşayış məskənindən
türk yatağanından (əyri qılıncından) xilas olan ermənilər gəlib məskunlaşmışlar».
Z. Balayan bu bölgəsinin əhalisinin bütünlüklə Türkiyədən gələn ermənilərdən
ibarət olmasını qeyd etməklə, həmin ərazidə vaxtilə türklərin məskunlaşmış
olduğunu bilavasitə təsdiq etmiş olur.

 


 

 

İndiki Ermənistan ərazisinə ermənilərin kütləvi axını 19-cu əsrin əvvəllərində
baş verən Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra da davam etmişdir.
Həmin dövrdə ermənilərlə yanaşı yezidi kürdlər də gəlib indiki Ermənistan ərazilərində
yerləşmişdilər. 1834-cü ilin məlumatına görə İrəvan əyalətində Bayaziddən gəlmiş
1000 nəfər (təqribən 300 ailə) yezidi kürdləri məskunlaşmışdılar.

 


 

 

Ələyəz dağının ətəyində bir sıra boşalmış türk kəndlərində də Türkiyədən
gələn yezidi kürdləri məskunlaşmışdılar. Yezidi kürdləri 1839-cu ildə Mirək,
Quruboğaz, Carcarçı, Çobangərəkməz kəndlərində, sonralar isə Pəmbək, Qundaxsaz,
Böyük Camışlı, Kiçik Camışlı və Korbulaq kəndlərində yerləşmişdilər. Nəhayət,
yezidi kürdləri 1877-ci ildə Bağdad, Dolu-Taxt və Kiçik Cəngi kəndlərində gəlib
yerləşmişdilər. Sonralar Ermənistanın rəsmi dairələri tərəfindən adları dəyişdirilən,
lakin əsasən bu kəndləri əhatə edən Araqats rayonu təşkil edilmişdir.

 


 

 

Türkiyədən köçürülən yunanlar isə əsasən Şörəyel-Pəmbək distansiyasının
Alakilsə, Bayandur, Sisimədən kəndlərində və Gümrüdə yerləşdirilmişdilər.
Sonralar yunanlar Ermənistanda tamamilə assimilyasiyaya uğrayaraq tədricən erməniləşmişlər.

 


 

 

* * *

 


 

 

Ümumiyyətlə, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər
Rusiya-Türkiyə müharibələrindən sonra Erməni vilayətinə (İrəvan və Naxçıvan
xanlıqlarının ərazisinə) İran və Türkiyədən 57266 nəfər erməni (10631 ailə)
köçürülmüşdü. Köçürülmələrdən əvvəl həmin ərazidə cəmisi 25131 nəfər (4428 ailə)
erməni yaşamışdır. Müharibələrin nəticəsində İrəvan və Naxçıvan xanlıqlarının ərazisindən
türklərin xeyli hissəsi qaçqın düşmüş, orada yalnız 81749 nəfər (17078 ailə)
müsəlman qalmışdı. Köçürmələrdən sonra isə ermənilər 82397 nəfər (15059 ailə) təşkil
etmiş, nəticədə müsəlmanları sayca üstələmişdilər.

 


 

 

Lakin hələ 19-cu əsrin əvvəlində Rusiyanın müəyyən dairələri rus
ordusunun Zaqafqaziyada işğal etdiyi ərazilərdə erməniləri deyil, məhz rus
koloniyalarının – kazakların, malakànların, duxoborların və s. yerləşdirilməsinə
üstünlük verirdilər. Bu məqsədlə bir neçə layihə hazırlanmışdısa da, sonralar
icrası təxirə salınmışdı. N. N. Şavrov Rusiyanın Zaqafqaziyadakı müstəmləkəçilik
siyasəti haqqında yazır: «Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada
rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq…
1826-28-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci
ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə erməniləri
köçürmüş və onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı
dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi. Onları
həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axılkələk qəzalarında yerləşdirdik,
onların yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət torpağı ayrılmış,
2 milyon rubldan artıq məbləğdə müsəlmanlardan xüsusi mülkiyyət torpaqları
satın alınmışdı. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ,
Xanlar və Şəmkir rayonları nəzərdə tutulur – müəlliflər) və Göyçə gölünün
sahili həmin ermənilərlə məskunlaşdırılmışdı. Nəzərə almaq lazımdır ki, 124 min
rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox
olmuşdur və ümumiyyətlə, köçənlərin sayı 200 min nəfərdən xeyli artıqdır.

 


 

 

Ermənilərin indiki Ermənistan ərazisinə axını 1877-1878-ci illər
Rusiya-Türkiyə müharibəsindən sonra bir daha güclənmişdi. 90-cı illərdə Türkiyədə
baş verən erməni üsyanları nəticəsində 400 minə yaxın erməni yenə də Qafqaza
köçüb gəlmişdi.

 


 

 

N. Şavrov qeyd edir ki, 20-ci əsrin əvvəlində Zaqafqaziyada yaşayan
1300000 ermənidən bir milyonu yerli əhali deyil, rusların vasitəsilə məskunlaşdırılmışdı.

 


 

 

Daha sonralar, Sovet hakimiyyəti illərində xarici ölkələrdə yaşayan 100
mindən artıq erməni Ermənistana köçüb gəlmişdi.

 


 

 

Bütün qeyd edilənlərdən o nəticəyə gəlmək olar ki, indiki Ermənistanda
yaşayan ermənilərin sələflərinin demək olar ki, hamısı vaxtilə Cənubi Azərbaycandan
və sonralar Türkiyədən, son dövrlərdə isə xarici ölkələrdən – əsasən Suriyadan,
Yunanıstandan, Livandan, Bolqarıstandan, Rumıniyadan köçüb gələnlərdən ibarətdir.

 


 

 

Vaqif Arzumanlı, Nazim Mustafa. Tarixin qara səhifələri. Bakı, 1998, səh. 33-44

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 22.11.2019, 16:59

“Erməniyə heç vaxt arxanızı çevirməyin…”

• 22.11.2019, 16:56

“Eşşək” Moskvaya dəvət olundu və dəstək vəd edildi…

• 22.11.2019, 16:54

Soçi erməniləri Kəlbəcərdə buğlanır, biz buralarda qaz dərdi çəkirik…

• 22.11.2019, 16:19

Serj Sarkisyanın axtarışda olan “xaç oğlu” Rusiyada tutuldu

• 22.11.2019, 15:51

Beriya erməni birinci katibi niyə güllələdi?

• 22.11.2019, 15:46

Sərkisyan buna görə Meğrini və 7 rayonu qaytarmaq istəyirdi

• 22.11.2019, 15:45

Paşinyan hökuməti 50 milyon dollar borc götürəcək

• 22.11.2019, 15:28

İrəvanın Bakıdan gözlədiyi “xilas kəməri” – Türk pomidorunun ümidinə qalan ermənilər…

• 22.11.2019, 14:37

Millət vəkili: Ermənistanlı deputat tərəfindən Qarabağın “Artsax” adlandırılması qaçqın və köçkünlərimizə hörmətsizlikdir

• 22.11.2019, 14:28

Türkiyədə “Erməni-nasizm əməkdaşlığı” mövzusunda tədbir keçirilib (FOTO)

• 22.11.2019, 14:22

Qobuda 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib (FOTO)

• 22.11.2019, 14:18

Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi

• 22.11.2019, 14:09

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Ankarada Xocalı abidələrini ziyarət edib (FOTO)

• 22.11.2019, 9:52

Ermənilər atəşkəsi snayper tüfəngləri ilə pozdu – 21 dəfə

• 21.11.2019, 17:22

Cümhuriyyətin naziri bolşevik Şaumyanı necə xilas etmək istəyib? – İnqilabçı qadının xatirəsi

• 21.11.2019, 17:12

Rusiya Federasiya Şurasının sədri: “Azərbaycanda da, Ermənistanda da insanlar sülh istəyir”

• 21.11.2019, 16:26

Qarabağa səfər edən əcnəbilər ən çox hansı ölkələrdən gəlir? – STATİSTİKA

• 21.11.2019, 15:13

Kreml Paşinyana yeni rəqib formalaşdırır

• 21.11.2019, 14:16

Rusiyalı politoloq: “Bir neçə dəfə ermənilər tərəfindən təzyiqlərə məruz qalmışam”

• 21.11.2019, 14:11

Əli Həsənov Avropadan qaytarılan azərbaycanlı mühacirlərdən DANIŞDI

• 21.11.2019, 13:39

“İstəyirəm ki, mesajım Bakıda təkrar eşidilsin!..” – Serjikdən növbəti həyasızlıq…

• 21.11.2019, 13:32

“Qarabağ”ın futbolçusu daha 4 ölkədən təklif aldı

• 21.11.2019, 13:15

Rəsmi Moskva “Dağlıq Qarabağ Respublikası”nı tanımır – rusiyalı həmsədr

• 21.11.2019, 13:07

Paşinyandan Bakıya təklif və acı etiraf: “Münaqişə çözülmədən…”

• 21.11.2019, 12:08

L’Opinione qəzeti: “Ermənistan: mövcud olmayan demokratiya”

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 123456
78910111213
14151617181920
21222324252627
28293031