Rusiya XİN: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur”

Ətraflı

Dünyanın ən məşhur kinofestivalından Azərbaycana qarşı TƏXRİBAT

Ətraflı

İsrail mətbautı yazdı – Azərbaycan ordusunun bu silahı…

Ətraflı

Paşinyan: “Ermənistanda vəziyyət fəlakət həddindədir”

Ətraflı

Kəlbəcərli şair: “Əminliklə deyirəm ki, ermənilər torpaqlarımızı atıb qaçacaq”

Adil Cəmil: “Yıxılmağa nə var ki, qalxmaq çətindir”

Şair-tərcüməçi,  ədəbiyyatşünas, Əməkdar jurnalist,  “Ədəbiyyat qəzeti”nin baş redaktor müavini Adil Cəmil Modern.az-a geniş müsahibə verib:

 

– Adil müəllim, siz  müsahibə verməyi bir o qədər də xoşlamırsınız, mətbuatda görünməyi çox da sevmirsiniz…

 

-…Belə deyək, mən özünüreklamın antireklamından çəkinirəm. Bəzən insanlar özünü o qədər reklam edir ki, bunun həm də antireklam olduğunun fərqinə varmırlar. Hər insan bunu eyni dərəcədə qəbul etmir. Tutaq ki, televiziyanın bu kanalında da eyni müğənni oxuyur, çevirirsən digərinə, yenə o oxuyur. İstər-istəməz bəziləri deyir ki, bu nə abırsız adamdır. İnsanlar özünə dəyər verməlidir.

 

-Bu günlərdə yubiley yaşınızı -65-i qeyd etdiniz, təbrik edirik! Bu yaşın təəssüratlarından, digər yaşlara aparmaq istəmədiyiniz ağrılardan, eləcə də  növbəti yaşlara aparmaq istədiyiniz fərəhli, uğur qaynağı qazanclarınızdan danışaq…

 

-Yaşla bağlı bir şeirim var, 50 yaşımda onu özümə yazmışdım:
 

Heç bilmirəm bu vaxtacan,

Daş qoydummu daş üstünə

Ad günləri bayram deyil,

Yaş gətirir yaş üstünə.

 

Yaşamağı bacarana,

Yer üzündə yer başdadır.

Nə yaşda bilsə özünü

İnsan elə o yaşdadır.

 

Bilirsiniz, insanın ruhunun yaşı olur. Fikrimcə, insan zahirən qoca da, cavan da görünə bilər. Yaş nisbi şeydir: İnsan otuzunda da özünü yetmişi adlamış kimi, yaxud, yetmişində də otuzu yaşayırmış  kimi hiss edə bilər. Çünki bu, daxili ovqatdan gələn bir şeydir. Təbii ki, fiziki yaş da ən azından, yol yeriyəndə, pilləkən qalxanda özünü göstərir. İnsan yaşına baxıb o zaman heyifislənər ki, indiyə qədər heç bir şey etməyib. 90 il yaşayasan, amma yaşadığınla yaşamadığının fərqi olmaya, o artıq yaşamaq deyil. Ona görə də insanın yaşını onun ruhu ilə əlaqələndirmək lazımdır. Yaradıcı adamlar ruh adamlarıdır. Onlar daim təravətli olmalıdır. 

– Amma hər cavan qalan şair də sizin kimi “Manas”ı tərcümə edə bilməz…

– Çünki ən birincisi bu əsəri tərcümə etməyə səbir çatmaz. İnsanlar bir işə qol qoyanda birinci növbədə onun maddi tərəfini fikirləşir. Bu, bütün dövrlərdə belə olub.  Mən “Manas”ı tərcümə edəndə, Orta Asiyanı öz xərcimlə gəzəndə və ya bu əsəri öz pulumla nəşr etdirəndə heç kəs kömək etməyib. Mən bu işi görəndə bunu Türk dünyasına bir xidmət hesab etmişəm.

Orta Asiyada, Türkiyədə,  Rusiyada türkoloji konfranslarda çox olmuşam, müəyyən qədər məni tanıyan insanlar var.  O gün şair dostum Ələmdar Cabbarlı ilə bir tədbirdə rastlaşdıq. Dedi ki, Türkiyədə elmi konfransda bir qırğızla rastlaşıb. Bir qırğız alimi  ondan hardan gəldiyini soruşanda, Azərbaycandan gəldiyini bildirib. Ələmdar soruşub ki, Azərbaycandan kimləri tanıyırsınız? Deyib, üç nəfəri: Səməd Vurğunu, Surət Hüseynovu və Adil Cəmili… Ziddiyyətə baxın ha (gülür). Mən otuz ildən artıqdır ki, qırğız  folklor mühitini araşdırıram. «Manas»ı həm tərcümə, həm tədqiq etmişəm. Qırğız atalar sözlərini dilimizə çevirmişəm. Belə baxanda Kəlbəcər hara, “Manas” hara, qəribə görünə bilər… Amma kəlbəcərlilərin kökündə epos mədəniyyəti, epik mədəniyyət var. Mən göz açıb aşıqların, Dədə Şəmşirin məclislərində olmuşam. İnsanlar duvaqqapmaya qədər oturub səhəri dirigözlü  açırdı ki, görək aşiqlə məşuqun birləşməsi baş tutacaq ya yox! Elə xalqlar var ki, onların ümumiyyətlə heç dastanı yoxdur. “Manas” da bir türk dastanıdır. Qısacası, “Manas”ı tərcümə etmək üçün gərək ya kəlbəcərli olasan, ya da qazaxlı.

Mən hərdən Qırğızıstana gedirəm. O yaylaqlar, tərəkəmə həyatı, alaçıqlar, hansı ki, qırğızlar ona “yurta” deyirlər, çox maraqlıdır.

Mən onların yaylağında olanda bir türk həmin alaçıqlardan birini almaq istəyirdi. Qırğız soruşdu ki, neçiyə alırsan? Türk “2 min verərəm” dedi. Qırğız ona bildirdi ki, mənim xatunum 40 il gözünün nurunu bu ilmələrə həsr edib, satmaram. Türk soruşdu ki, bəs neçəyə satarsan? O, bildirdi ki, hər ilinə min manat-40 min manat. Yəni insanın  əl işinin, göz nurunun dəyərinə baxın.

 

– Siz tərcümədən əvvəl də sanki “Manas” ovqatında yaşamısınız. “Manas” ovqatından çıxıb real hadisələrlə rastlaşanda hansı hissləri keçirmisiniz?
 

– Mütaliə insanları tərbiyə edir. Mütaliənin nəzəriyyəsindən praktikasına keçəndə onun içindəki olaylarla rastlaşırsan. “Manas”ı burda oturub tərcümə etməklə yox, Manasın ayağı dəyən Talas vilayətindən, Çu çayından keçəndə bilə bilərsən ki, “Manas”ın qüdrəti nə deməkdir. Bəs, Manas kimdir? Manas çinlilər tərəfindən yurdu işğal olunan qəhrəmandır. O, tanrı bəxşişi olan gücüylə öz torpaqlarını Çin əsarətindən xilas edir. İndiki Qırğızıstan ərazisi Çinin əsarətində olub. Qırğızıları həmin dövrlərdə Altaya qovublar. Manas isə Kaşkara qədər bütün torpaqlarını geri alıb.

 

– Adil müəllim, ruhunuzdakı Kəlbəcərdə nə var, nə yox?

 

– Bəli, o Kəlbəcər bizim daxilimizdədir. Amma sözün real mənasındakı Kəlbəcərdə hazırda kafirlər yol çəkirlər.

 Mən niyə yatmıram, almıram çimir,

Yarama basılan nə duzdur, Allah!

Şəfa bulağında erməni çimir

İstisu kafirə hovuzdu, Allah!

 

Bax, Kəlbəcərin müasir görüntüsü budur:

 

Dədəsi-babası görməyən günü

İndi Kəlbəcərdə görür erməni.

Cındır komasının qara üzünü

Bəyaz mərmərimlə hörür erməni.

 

Daşınır yurdumdan qızılım, civəm

Meşəmdən ağacın yekəsi gedir.

Dözə bilirəmsə bu dərdə divəm,

Kəndimin palıdı, cökəsi gedir.

 

Mən Kəlbəcəri ayda 2-3 dəfə yuxumda görürəm. İnsan doğulduğu torpağın bir hissəsidir. Hara getsən də, o torpaq səni özünə çəkir. Amma son vaxtlar baş verən hadisələrdən hiss edirəm ki, biz torpaqlarımızı ancaq silah gücünə almalıyıq, buna məcburuq. Ermənilər bunu anlamır ki, bizi buna onlar məcbur edir. Mən sizə əminliklə deyirəm ki, ermənilər torpaqlarımızı atıb qaçacaq. Biz bunun üçün tələsməliyik. Çünki bizdən sonra gələn nəsil, yəni sizlər Qarabağı görməsəniz də,  bizlərə görə Qarabağı şifahi də olsa, tanıyırsınız və sevirsiniz. Lakin sizdən sonra gələn nəsil Qarabağı heç sevməyəcək də. 26 il az deyil, bir igidin ömrüdür. Artıq səbr yeri qalmayıb.

 

İlahi, yurd yerim dərd yerim oldu,

Torpaqla sınağa çəkilməyəydim.

Dağlara baxıram dağlanır sinəm,

Bu dağla sınağa çəkilməyəydim.

 

– Müşahidələr göstərir ki,  qarabağlılar arasında yurdunun acısını dərinliyinə qədər hiss edən və ətrafına da hiss etdirən tək Kəlbəcər insanlarıdır. Adil müəllim, buna səbəb Kəlbəcərin digər işğal olunmuş rayonlarımızdan fərqidir, ya kəlbəcərlilərin?

 

– Çox düz vurğuladınız. Mən adam tanıyıram ki, yaxın dostumdur, şairdir, Füzulinin işğal olunan tərəfindəndir, amma bir dəfə belə işğalla bağlı nə məqaləsini, nə şeirini oxumuşam. Məsələn, mənim ayrılıqdan bəhs edən bir kitabım var ki, ancaq Kəlbəcər dərdi ilə bağlıdır. Buna etinasızlıqmı deyim, yurdsevərliyin az dozada olmasımı deyim, bilmirəm. Bizim rayon əhalisinin bu xüsusiyyəti-yurdsevərliyi həm də əxlaqdan irəli gəlir. Mən hətta deyərdim ki, işğal olunan bölgələrimizdən ən gözəli məhz Kəlbəcərdir. Kəlbəcər Dağlıq Qarabağın üçdə bir hissəsi boydadır. Bu rayonun istisuyundan tutmuş qızılına, civəsinə qədər hər şey var idi. Kəlbəcərdə “100 bulaq” deyilən yer var idi, sanki möcüzə idi. Yüz dənə bulaq yan-yana axırdı. Heç bir yerin iqlimi Kəlbəcərin iqlimi kimi deyil. Qırğızıstanda “Tanru dağları” adlı yer var, bir oranın iqlimi az da olsa Kəlbəcəri yansıdır, ora oxşayır.

 

-Yurdsuzluq azmış kimi, oğulsuzluq da sizə yük oldu. Amma əsl Kəlbəcər adamısınız, ağrıya-acıya çox dözümlüsüz,  özünüzü toparlaya bilmisiniz deyəsən?

 


– Mən zəif adam deyiləm. Yıxılmağa nə var ki, qalxmaq çətindir. Mən övladımla birlikdə 3 ay Türkiyədə oldum, xəstəxanadan onun qulluğunda durdum, halal xoşu olsun. Mənim oğlumu o həddə bizim həkimlərin qeyri-peşəkarlığı, savadsızlığı saldı. Bu dərd, bu ağrı elə bir şeydir ki, ömür boyu unudulmayacaq.

 

 Əvvəl yurdumu itirdim,

Sonra atamı, sonra anamı.

Hələ vardı içimdə yaşamaq inamı

İndi də oğlumu itirdim, yeganə oğlumu

                Siz deyin,

bundan sonra yaşamaq doğrumu?!

 

Lakin sonra düşünürəm ki, mənim iki qızım var, nəvələrim var. Məni görən kimi qaçırlar qucağıma, məni sevirlər. Mən onları babasızmı qoyum və ya intiharmı edim?!
 

– Bir az da işlərinizdən danışaq… “Ədəbiyyat qəzeti” hazırda sanki inkişaf dövrünü yaşayır. Xüsusilə bunu “Ədəbiyyat qəzeti” seriyasından anlayırıq. Bilmək istərdik ki, növbəti hansı seriya üzərində işləyirsiniz?

 

– Burada kiməsə yenidən nəsə öyrətmirik, amma stimul veririk. Həm maddi, həm mənəvi dəstək oluruq. Heyf ki, elə güclü maliyyəmiz yoxdur, yoxsa işlər daha çevik həll olar.

Azər Turan “Ədəbiyyat qəzeti”nə baş redaktor gələndən sonra qəzetin məzmunu dəyişdi. Mən Ayaz müəllimlə 14-15 il işləmişəm. O, yaxşı insan idi, amma hər halda hər yaşın özünün müxtəlif cəhətləri var. Ayaz müəllim yeniliyi bir az çətin qəbul edirdi. Azər də burda işləyirdi həmin vaxtlarda. Biz Azərlə yeni ideya irəli sürəndə Ayaz müəllim deyirdi ki, “bala, bala, yox, bizə nə deyərlər?!”. O, yenilikdən bir az qorxurdu. Doğurdan da “Ədəbiyyat qəzeti” bu gün oxunaqlı bir qəzetdir.

 

– Qarşıdan Yazıçılar Birliyinin qurultayı gəlir…

 

– Hansı qarşıdan (gülür). Biz bu sözü hər il eşidirik. Gah sentyabr dedilər, indi noyabr deyirlər… O onların işidir, mən qarışmıram.

 

 

– Adil müəllim, vəzifədən söz düşmüşkən,  AYB-də vəzifə üstündə gənc nəsil yazarlarla yaşlı nəslin nümayəndələri arasında münaqişələr yaranır. Ümumiyyətlə, siz gənclərin vəzifə həvəsini necə qiymətləndirirsiniz?

 

– Mən gənclərin vəzifə həvəsini alqışlayıram. Amma gənclərin ləyaqətsizcəsinə vəzifə həvəsini qəbul etmirəm. Elə adamlar AYB-də sədr olmaq istəyir ki, mən heç o adamı nə yazıçı, nə oxucu kimi tanıyıram. İnsan bir mətbuatda, ədəbiyyatda tanınar, sonra sədrlik üçün iddiaya qalxar. Bir də görürsən gənclər adını yaxşı yöndə tanıda bilmir deyə, durub Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni tənqid edir.

 

– Adil müəllim, sizcə AYB-d bu gün nələr dəyişməlidir?

 

– 2 mindən artıq üzvü olan təşkilat qoy olsun, amma mənim fikrimcə burada ciddi attestasiya komissiyası yaradılmalıdır. Daha kimsənin əmisinə, dayısına baxılmasın, tam ciddi komissiya yaradılsın. Düşünürəm ki, hər il AYB saflaşdırılmalı, artıq adamlar çıxarılıb yerinə yeniləri gətirilməlidir.

Gənc nəsilə də yer vermək, kömək etmək lazımdır. Bizim özümüzə Cabir Novruz, Bəxtiyar Vahabzadə çox kömək edib.

 

– Adil müəllim, bir çoxları gündəmə öz fəaliyyəti ilə deyil, həmkarlarını, adını ədəbiyyat tarixinə yazmış sənətkarları tənqid edərək, düşməyə çalışırlar. İronik də desək, bir çoxu bunu bacarır…

 

– İnsan ya müsbət, ya da mənfi planda adını tarixə yaza bilər. Allah bizləri o mənfi plandan qorusun. Böyüklərə daş atmaqla adam böyümür, əksinə özünü kiçildir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 04.06.2020, 20:35

Rusiya XİN: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur”

• 04.06.2020, 20:31

DSX Keşikçidağdakı təxribatla bağlı məlumat YAYDI

• 04.06.2020, 20:28

Dünyanın ən məşhur kinofestivalından Azərbaycana qarşı TƏXRİBAT

• 04.06.2020, 17:11

Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxdu – 2 nəfər öldü

• 04.06.2020, 15:40

Atatürkün arzusunu yerinə yetirdiyi şuşalı qız… – Maraqlı tarixçə

• 04.06.2020, 15:28

“Paşinyan istefa verməlidir, yoxsa fəlakət olacaq…”

• 04.06.2020, 14:55

Bu şəhərlərdə həftəsonu vətəndaşların küçəyə çıxması qadağan OLUNDU

• 04.06.2020, 13:42

İsrail mətbautı yazdı – Azərbaycan ordusunun bu silahı…

• 04.06.2020, 13:01

Prezident elan etdi: Hədəf təkcə Qarabağ deyil…

• 04.06.2020, 12:45

Avropadan Ermənistana hava zərbəsi – Azərbaycanla dil tapmayınca…

• 04.06.2020, 12:08

Ermənistanın Baş Qərargah rəisi Lələtəpə istiqamətinə gəldi – FOTOLAR

• 04.06.2020, 12:06

Ermənistanda koronavirus rekord vurdu – 697 yoluxma, 15 ölüm

• 04.06.2020, 12:01

Generallar Ermənistanla sərhədə getdilər

• 04.06.2020, 9:47

Ermənistan atəşkəsi 22 dəfə pozub

• 03.06.2020, 16:51

Prezident ön xəttdəki hərbi hissəyə getdi

• 03.06.2020, 16:19

Nikol koronaya yoluxmayıb, sahibindən əmr alıb… – Asryan

• 03.06.2020, 15:43

Paşinyan: “Ermənistanda vəziyyət fəlakət həddindədir”

• 03.06.2020, 15:41

Düşmən ölkə iyuldan 7,62 mm kalibrli “AK-103” avtomatlarının istehsalına başlayacaq…

• 03.06.2020, 15:35

Ermənistanda etiraz: Maşını devirdilər – Video

• 03.06.2020, 14:10

Kremldən İrəvana qəfil zəng – Putinlə Paşinyanın “ulduzları” barışdı?

• 03.06.2020, 12:25

Tezliklə III Dünya savaşı başlayacaq – Klimkin

• 03.06.2020, 12:21

Ermənistan COVİD-19-a təslim oldu: ölü sayı 170-ə çatdı

• 03.06.2020, 12:19

Ermənistanın heç bir aviaşirkəti Avropa Birliyinə uça bilməyəcək

• 03.06.2020, 12:17

57 Qarabağ ermənisi koronavirusa YOLUXUB

• 03.06.2020, 11:35

Azər Badamov: Azərbaycan qabaqlayıcı tədbirlərlə beynəlxalq səviyyədə nümunəvi ölkələr sırasına daxil olub

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 123456
78910111213
14151617181920
21222324252627
28293031